Təkamül

Bioloq və genetiklər yeni quş növünün təkamülləşməsinin şahidi olublar

Alimlər yeni qalapaqos alacəhrəsi növünün yarandığını deyirlər. Maraqlısı budur ki, bu təkamül nümunəsi cəmi bir neçə nəsil içərisində baş verib.

Həm DNT ardıcıllığının düzülüşü, həm də canlının görünüşünün analizi Qalapaqos adalarında yaşayan Darvin alacəhrələrinin yeni növünün meydana gəldiyini təsdiqləyib. Hələ öz dövründə Darvin, ümumilikdə 20 növü olan bu alacəhrələrin ortaq əcdaddan törədiyini və hər növün müxtəlif şərtlərə uyğunlaşdığını, fərqli qidalanma və çoxalma üslublarına keçid aldığını düşünürdü. Görünən budur ki, bu növlərdən ikisi təzəlikcə qarışmağa başlayaraq, hibrid növyaranma ilə üçüncü və daha əvvəllər mövcud olmamış növün yaranmasına səbəb olub ki, Science jurnalının məqaləsində məhz bu barədə danışılır.

Hər şey bununla başladı ki, Dafne adasında aparılan təcrübə zamanı Prinston Universitetindən olan bioloqlar Piter və Rozmeri Qrant əvvəllər burada görülməyən Geospiza conirostris növündən olan böyük kaktus yer alacəhrəsini müşahidə etdilər. Bu alacəhrələr nəzərə çarpacaq qədər böyükdür və ümumiyyətlə Dafne adasındakı digər üç yerli növlə müqayisədə tamamilə başqa cür oxuyurlar.

Biz, onun dənizi uçaraq necə keçdiyini görməsək də, bir qədər sonra özünü müşahidə edə bildik. Digər quşlardan o dərəcədə fərqlənirdi ki, onun Dafne adasında yumurtadan çıxmadığını bilirdik, – Piter Qrant deyir.

Bioloqların dediyinə görə, bu erkək alacəhrə adaya köç etdikdən sonra Geospiza fortis növündən olan yerli orta yer alacəhrələri ilə cütləşərək, yeni nəsil təmin edib. Prinsipcə, bu, təbiətdə nadir müşahidə olunur, lakin daha nadir hadisə belə cütləşmədən həyata gələn hibridlərin özlərinin də bir-biri ilə cütləşə və arta bilməsidir. Yeni alacəhrə nəsli bunu bacara bilib. Beləcə bioloqlar bütün lazımi əlamətlər (böyüklük, dimdik quruluşu, əks cinslə yaxınlaşma tərzi və s.) dəsti ilə fərqlənən yeni alacəhrə növünün formalaşdığını anlayıblar.

2002-2003 illərdə bu quşların dördüncü nəsli artanda vəziyyət daha qəlizləşdi. Qalapaqos adalarını quraqlıq iflic etdikdən sonra iki fərddən başqa onların hamısı məhv oldu. Bir il sonra artıq onların 26 balası var idi, bunlardan 9-u isə çoxalma dövrünə qədər yaşaya bilib, bir-biri ilə cütləşmişdi. Adadakı digər alacəhrələrlə müqayisədə həcmcə daha böyük olan bu quşlar yeni qida ehtiyatları tapdılar və 2012-ci ildə Dafnedə artıq 23 quş yaşayırdı.

İsveçdə yerləşən Uppsala Universitetindən olan genetiklər DNT düzülüşü və müqayisəsi işləri apardıqdan sonra tamamilə yeni növün meydana gəldiyini təsdiq ediblər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: