Təkamül

Balinaların təkamülü

Ümumi məlumat 

Hal-hazırda yaşayan heyvanlar arasında balinaların ən yaxın qohumu begemotlardır. Begemotlar balinalar kimi iri su heyvanlarıdır. Lakin hər iki qrup bu xüsusiyyətləri bir ortaq atadan ayrıldıqdan sonra təkamül etdirib. Bunu ondan bilirik ki, begemotların ən qədim qohumları anthracothereslər quru heyvanları və kiçik olublar. Balinaların da qədim qohumlarından biri olan Pakicetus da quruda yaşayıb və kiçik boylu olub. Araşdırmalar begemotların 15 milyon il bundan əvvəl bir anthracothereslər qrupundan, ilk balinaların isə 50 milyon il bundan əvvəl təkamül etdiyini göstərir. Hər iki qrupun əcdadları quruda yaşayıb. 


İlk balinalar məsələn, Pakicetuslar indiki quruda yaşayan heyvanlar kimi olublar. Onların uzun kəlləsi və iri yırtıcı dişləri olub. Çöldən baxdıqda Pakicetuslar indiki balinalara heç oxşamırlar. Lakin onların kəllə sümüklərinə, xüsusilə bir sümük divarı ilə örtülmüş qulaq bölgəsinə baxsaq, digər məməlilərdən fərqli olaraq onların balinalar ilə necə oxşadığını görərik. Hətta belə kiçik detallara diqqət yetirdikdə biz bir birinə oxşamayan iki məməli heyvanın arasındakı bağlantını tapa bilərik. 

Pakicetus


İki balina əcdadının sümük qurluşları

Ambulocetusu digər əcdadlarla məsələn, Pakicetus və Indohyusla müqayisə etdikdə Ambulocetusun daha çox suda yaşayan bir heyvan olduğu görsənir. Onun ayaqları qısa, əlləri isə geniş olub və o onları avar kimi istifadə edib. Onun quyruğu da həmçinin uzun və əzələli olub. Ambulocetusun suda yaşamasını həmçinin stratiqrafik dəlillər və onun sümüklərində tapılan oksigen izotopları dəstəkləyir. Heyvanlar içdiyi və yedikləri ilə necə həyat yaşadıqlarını bildirirlər. Ambulocetusda tapılan izotoplar isə onun həm şirin, həm də duzlu su içdiyini göstərir. Burdan da belə nəticəyə gəlmək olar ki, Ambulocetus çayın dəniz və ya okean ilə qovuşduğu yerdə yaşayıb. 

Ambulocetusdan təkamül edən balinalarda isə duzlu oksigen izotopları daha çoxdur ki, bu da onların dəniz və ya okeanda yaşamasını göstərir. Bu heyvanların burun deşikləri kəllənin arxa hissəsindədir. Vaxt keçdikcə isə bu deşiklər daha da yuxarı keçərək indiki balinalar kimi kəllənin ən üst hissəsinə gəlib. Düzdür, balinaların əksəriyyətinin tək bir burun deşiyi olduğu kimi görsənsə də sümük quruluşuna baxdıqda suyun iki deşikdən çıxdıqdan sonra sonuncu tək deşikdən çıxdığını görərik. 


Bu balinaların da indiki balinalar ilə oxşarlığını çanağa baxmaqla görə bilərik. Çanaq sümüyü onurğa sümüyündən ayrı və çox kiçik olub. Bu bütün fəqərə sütununun, həm arxanın həm də quyruğun çox hərəkətdə olduğunun göstəricisi ola bilər. Əgər siz hardasa delfin və indiki balinaların üzməsinə baxsanız, onların quyruq üzgəclərinin balıqlardakı kimi vertikal yox, horizontal olduğunu görə bilərsiniz. Üzmək üçün onlar quyruqlarını balıqlar kimi arxaya və qabağa yox, yuxarı-aşağı hərəkət etdirirlər. Bunun səbəbi odur ki, delfin və balinalar quru məməlilərindən təkamül ediblər. Yeriyən heyvanların onurğaları yan-yana yox, yuxarı və aşağı əyilir. Biz bunu adicə bir itə baxmaqla görə bilərik. Onurğa sütunu bu zaman dalğavari şəkildə yuxarı və aşağı hərəkət edir. Delfin və balinalar da bunu edirlər, sadəcə olaraq suda. 

Balinalar bədənlərini dalğalandıraraq üzməyə başladıqdan sonra onların skeletlərində bir sıra dəyişikliklər oldu; onlar üzgəclərini avar çəkmək üçün yox, sükan kimi istifadə elədilər. Nəsli kəsilmiş balinaların quyruq sütunun ardıcıllıqları indi yaşayan delfin və balinaların quyruq sütünun ardıcıllığına bənzədiyindən, Dorudon və Basilosaurus kimi balinaların quyruq üzgəclərinin olduğu düşünülür. Bu qədim balinalar 40 milyon il bundan əvvəl təkamül ediblər. Onlar həm quruda, həm də suda yaşaya biliblər. Dirsəklərinin quruluşu onlara quruda hərəkət etməyə kömək edib. Arxa ayaqlar isə o qədər kiçik olub ki, onların heç bir funksiya daşımadığı və daxildə yerləşdiyi düşünülür. Bu onların indiki balinalar ilə oxşarlığına ayrı bir nümunədir. 

Dorudonun skeleti. Arxa hissədə quyruğun altındakı ayaq sümüyünə diqqət yetirin. 

Rudiment olan arxa ayaq balinaların əcdadlarının quruda gəzməsinə sübutdur. Aşağıda olan şəkildə quruda gəzən artiodaktillərin arxa ayaq sümükləri ilə Basilosaurusun ayaq sümükləri var. Biz onları müqayisə etdikdə, necə oxşar olduqlarını görərik.

                          

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: