Həyatın təkamülüMaraqlı

Stiven Hokinq dünya hakimiyyəti arzulayır

Hokinqə əlli il əvvəl cəmi iki il yaşayacağı deyilmişdi. İndi isə nüfuzlu elm xadimi artıq 75 illiyini qeyd edir.

Dünyaca məşhur britaniyalı nəzəri fizik, kosmoloq və elm təbliğatçısı Stiven Hokinq hesab edir ki, nəzarətdən çıxmış süni intellekt və qlobal istilişmə kimi problemləri bir kənara qoysaq, gələcəyə optimistik baxa bilərik. Bu arzuolunan gələcəyi isə yalnız dünya hakimiyyəti mümkün edə bilər.

İnsanın ən ağır çətinlikləri belə dəf edə bildiyinə canlı nümunə Stiven Hokinqdir. Ona, əlli il əvvəl cəmi iki il yaşayacağı diaqnozu qoyulmuşdu. İki ay əvvəl isə nüfuzlu elm xadimi 75 illiyini qeyd etdi.

Stiven Hokinq bəşəriyyətin gələcəyindən xeyli narahat olduğunu gizlətmir. Daha əvvəllər ondan alınmış müsahibələrdə bir növ kimi insan qarşısında gücləndirilmiş süni intellekt amilinin təhlükələri mövzusuna toxunmuşdu. Alim gələcəkdə intellektual robotların insanlara qarşı üsyan qaldırıb, hakimiyyəti ələ keçirəcəyi və beləliklə də insan irqinin yer üzündən silinəcəyindən ehtiyat edir. Bununla belə deyir ki, əslində robotlardan yox, kapitalizm şərtlərində robotlaşdırılmış iqtisadi sistemdən və elit təbəqənin onlar köməyilə daha aşağıları istismar edəcəyindən qorxmalıyıq.

Göründüyü qədərilə Stiven Hokinq siyasətlə yaxından maraqlanır. Siyasi mənsubiyyətcə demokratik sosialist Hokinq növbəti seçkilərdə Britaniya Leyboristlər Partiyasını təmsil edən Ceremi Korbinə səs verəcəyini bildirib. Hərçənd qələbə çalması üçün səsinin partiya liderinə kifayət etməyəcəyindən əmindir.

The Times’a verdiyi son müsahibəsində Hokinq insan sivilizasiyasının necə sağ qala biləcəyini izah etməyə çalışıb. Onun fikrincə, təbiətindən dolayı insan aqressiyaya meyllidir və elə məhz bu xarakterik özəlliyi ona təbiətin ağır şərtlərində yaşamağa kömək edib. “Sivilizasiyanın başlanğıcından bəri şiddət faydalı idi, çünki sağ qalmaq üçün üstünlüklər təmin edirdi. Bu, Darvinin təkamül təliminə görə, genlərimizlə əlaqəlidir”, – o, deyir.

Lakin indi dünyada çoxlu sayda kütləvi qırğın silahı arsenalları var. Bu səbəbdən insan ehtiyatlı olmalı və ona irsən ötürülmüş şiddət instinktini məntiq və sağlam dərrakə ilə nəzarətdə saxlamalıdır. Hokinqin dediyinə görə, bunu reallaşdırmağın yeganə yolu dünya hakimiyyətinə oxşar bir formasiyanın qurulmasıdır. Burası da var ki, belə bir qlobal hakimiyyətin bütün xalqlar üzərində diktaturayla nəticələnməyəcəyinə zəmanət verilə bilməz.

Stiven Hokinq qara dəliklər sahəsində ən böyük mütəxəssislərdən biridir. O, kiçik qara dəliklərdə enerji itirilməsi hadisəsinin (Hokinq radiasiyası) müşahidə oluna və beləcə də onların “buxarlana” biləcəyini irəli sürüb. Stiven Hokinq elm populyarizatoru kimi də dünya şöhrəti qazanıb. Onun şöhrətinin əsas səbəbi 1988-ci ildə satışa çıxarılmış və bir çox insanın dünyaya baxışını dəyişdirmiş elmi-populyar “Zamanın Qısa Tarixi” kitabıdır.

“Qara dəliklərin əslində tam qara olmadıqları ilə bağlı kəşfimə görə Nobel mükafatı qazana bilərdim”, – Hokinq qeyd edir. – “Lakin mən dayanmayacam. Qaydalar belədir ki, effektləri müşahidələrlə təsdiq etməlisən. Hal-hazırda ilkin qravitasiya dalğalarında Hokinq radiasiyasının aşkar olunmasının mümkün olub-olmadığını araşdırıram”.

Stiven Hokinqin verdiyi proqnozlardan biri də inkişaf etmiş yadplanetli irqi ilə bağlıdır. O, ötən il verdiyi müsahibədə bildirmişdi ki, böyük bir ehtimalla köçəri və işğalçı olacaq yadellilərin varlığına dair hər hansı bir sübut əldə etdikdə dərhal bütün texniki avadanlıqlarımızı söndürüb, gizlənməliyik – əks təqdirdə bəşəriyyətin başına gələcəklər avropalı kaloniyaçıların yerli Amerika xalqlarına etdiyindən prinsipcə heç nə ilə fərqlənməyə bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
The Times
Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: