Elmi xəbərlərHəyatın təkamülü

Astrofizik Stiven Hokinq 76 yaşında həyata gözlərini yumub

Bu barədə alimin ailəsi məlumat yayıb.

14 mart 2018-ci il tarixində erkən səhər saatlarında dünyanın ən nüfuzlu elm xadimlərindən biri olan astrofizik Stiven Hokinq ömrünün yetmiş yeddinci ilində vəfat edib. Bu barədə alimin ailəsi məlumat yayıb.

“Əziz atamız bu gün vəfat etdiyi üçün dərin hüzündəyik. O, böyük alim və qeyri-adi insan idi, onun irsi və işləri isə hələ uzun illər yaşayacaq. Yeri çox görünəcək” – deyə övladları Lüsi, Robert və Tim bildiriblər.

Stiven Hokinq, həyatı və fikirləri

Stiven Hokinq 8 yanvar 1942-ci ildə Oksfordda anadan olub. 1963-cü ildə Hokinqə mərkəzi sinir sisteminin xroniki xəstəliyi olan yan amiotrofik skleroz diaqnozu qoyulub. Həkimlər bundan sonra maksimum 2-3 il yaşayacağını desələr də, Hokinq elmi fəaliyyətini dayandırmayaraq təhsili və işinə davam edib. O, iki dəfə ailə həyatı qurub, kosmosda çəkisizlikdə olub – bir sözlə, həyatdan küsməyərək, aktiv həyat yaşamaqda özünə israrlı mövqe tutub. Hətta siyasətlə belə yaxından maraqlanıb. 1968-ci ildə Vyetnam müharibəsinə və imperialist siyasətə qarşı kütləvi etirazlarda iştirak edib. Dünyada nüvə silahsızlaşdırılması cəhdlərini və iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləyib.

Zamanla Hokinqin iflici artaraq, danışa bilmə qabiliyyətini məhdudlaşdırıb. Qalan ömrünü alim əlil kürsüsündə keçirməli olub, fikirlərini isə xüsusi nitq sintezatoru cihazı köməyilə səsləndirib. Alimin obrazı kütləvi mədəniyyətdə olduqca populyarlaşıb, o bir çox teleseriallar və digər layihələrdə çıxış edib. 2014-cü ildə onun həyatından bəhs edən, bir nominasiyada oskar mükafatına layiq görülmüş “The Theory of Everything” adlı bədii film işıq üzü görüb.

Hokinq humanist və bir qədər də xəyalpərəst insan kimi tanınırdı. Verdiyi intervyularda dəfələrlə gələcək və iqtisadiyyat kimi mövzularla bağlı texnokratik fikirlər səsləndirib. Həkimlərinin dediyinə görə 1985-ci ildə pnevmoniyaya görə nəfəs borusu əməliyyatında Hokinq intihar barədə düşünmüşdü. Alim bir neçə il əvvəl ölümcül xəstələr üçün evtanaziyanın vacibliyi mövzusuna toxunmuşdu.

Elmin populyarlaşması

Xəstəliyinə baxmayaraq, Hokinq bir çox elmi konfranslarda iştirak edərək, elmin cəmiyyətdə, xüsusilə də gənclər arasında populyarlaşması üçün töhfələr verib. Müəllifi olduğu çoxsaylı elmi-kütləvi kitablarla özünü və düşüncələrini yeni nəslə sevdirə bilib. 1988-ci il çap olunmuş və azərbaycan dili də daxil olmaqla, onlarla dilə tərcümə olunan “Zamanın qısa tarixi” adlı əsəri on milyonluq tirajla yayılıb. Hokinq klassik qara dəliklər nəzəriyyəsinin banilərindən biri idi. Habelə kvant qravitasiya sahəsinə də töhfələr təmin edib. Apardığı elmi işləri sayəsində qara dəliyin hipotetik şüalanması prosesinə məhz onun adı (Hokinq radiasiyası) verilib. 2016-cı ildə isə Stiven Hokinq Alfa Sentavra ulduz sisteminə mini-cihazlar göndərilməsini nəzərdə tutan layihənin təşəbbüsçüsü kimi çıxış edib. Hokinq çoxsaylı mükafatlara, həmçinin medal və ordenlərə layiq görülüb. Bunlardan birindən isə siyasi dünyagörüşünə görə hətta imtina etməli olub.

Bütün elm ictimaiyyəti ona xüsusi simpatiya ilə yanaşır və hörmət edirdi. Alimin vəfatından sonra dünya alimləri onu yad ediblər.

 Lourens Krauss: “Ulduz kosmosa yollandı. Bir möhtəşəm insanı itirdik. Stiven Hokinq kosmosla mübarizə aparır və onu ram edirdi, o bizə insan olmağın nə məna verdiyini və insanda nəyin həqiqətən vacib olduğunu öyrətdi. Onsuz darıxacam.”

 

 

Nildeqrass Tayson: “Onun gedişi öz ardınca intellektual boşluq buraxdı. Bunu, məkan və zaman toxumasını dəlib keçən və ölçülərə tabe olmayan bir vakuum enerjisi kimi düşünün. Stiven Hokinq, RIP 1942-2018”.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
BBC
Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: