Elmi xəbərlərHəyatın təkamülüTexnologiya

Alim Alfa Sentavraya planlaşdırılan kosmik missiyanın çətinliklərindən danışıb

Nüfuzlu kosmoloq Stiven Hokinq və məşhur sahibkar Yuri Milnerin birgə təşəbbüsü ilə yaxın gələcəkdə Alfa Sentavra sisteminə planlaşdırılan uçuş missiyası yeni çətinliklərlə qarşılaşa bilər. Layihə əsnasında bir sıra problemlərin baş verəcəyini Eynşteynin nisbilik nəzəriyyəsi ehtimal edir.

Britaniyalı nəzəri fizik Stiven Hokinq və rusiyalı sahibkar Yuri Milnerin başlatdığı Breakthrough Starshot layihəsi üç ulduzlu sistem Alfa Sentavraya miniatür kosmik gəmilərdən ibarət kosmik donanma göndərilməsini nəzərdə tutur. Yerdən güclü lazerlər köməyilə idarə olunacaq donanmanın işıq sürətinin 20%-i yığa biləcəyi güman edilir. Qurğunun ən böyük hissəsi yelkənlər olacaq ki, şüaların məhz buraya doğru istiqamətləndiriləcəyi bildirilir. Layihə nə qədər fantastik səslənsə də, Günəşə ən yaxın ulduz sisteminə səyahətin ən real üsulu kimi bir o qədər mümkündür. Hesablamalara əsasən, 4,36 işıq ili uzaqlıqda yerləşən Alfa Sentavraya səyahət təxminən iyirmi il davam edəcək.

Lakin indi bir digər məşhur britaniyalı alim, planetoloq Devid Kippinq belə qənaətə gəlib ki, missiya əvvəldən araşdırılmamış bir sıra çətinliklərlə üzləşəcək. İşıq sürətinə yaxın sürət həddinə keçdikdə materiya və işığın xüsusiyyətləri dəyişikliyə uğrayır – Eynşteyn tərəfindən xüsusi nisbilik nəzəriyyəsində proqnoz edilən effektlər onlara təsir etməyə başlayır. Obyektin uzunluğu ixtisar olunur, kütləsi isə artır. Bütün bunlar da öz növbəsində kosmik yelkənlərin işini xeyli çətinləşdirə bilər.

Relyativist effektlər lazerin gücünü 10% azaldacaq. Məsələnin həlli kimi ya lazerin gücünü qaldırmaq, ya da daha uzun müddət işləməyini təmin etmək lazım gələcək. Lakin belə olduqda ikinci problem meydana gələcək – yelkənlər isinəcək və bu da elektronikanın sıradan çıxmasına səbəb olacaq, habelə lazer enerjisinin bir hissəsi ətrafa paylanacaq, yəni havayı sərf olunacaq. Bu problemlər bəs deyilmiş kimi gəmilər işıq sürətinin 20%-i yığdıqda şüaların stabilizasiyası ilə bağlı nöqsanlar dövrəyə girəcək və beləliklə onları kosmik cihaza yönləndirmək artıq çətin iş halını alacaq.

Kippinq özü sadalanan problemlərin həlledilməz xarakter daşıdığını hesab etmir. Dediyinə görə, tezliklə hazırlanacaq və gəmilərin inşasında istifadə olunacaq yeni materiallar köməyilə yaxın gələcəkdə Breakthrough Starshot layihəsi həyata keçirilə bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: