Tibb

Kanavero meyitə baş köçürülməsi əməliyyatını uğurla başa çatdırıb

Məşhur italyan neyrocərrah Sercio Kanavero illərdir planlaşdırdığı baş köçürülməsi əməliyyatının daha bir hazırlıq mərhələsini uğurla sonlandırdığını bildirib. Bu dəfə pasientin rolunda meyit iştirak edib.

Kanavero 2015-ci ildə tibb tarixində ilk dəfə canlı insanın başını digər bir insanın bədəninə köçürməyə hazır olduğunu dedikdə, dünya ictimaiyyətinin marağını cəlb etmişdi. Əməliyyatda Verdinq-Hoffman sindromundan əziyyət çəkən rusiyalı proqramçı Valeri Spiridonov iştirak etməli idi. Spiridonovun bədəni, demək olar ki, hərəkətsizdir və o, əlil arabasına məhkumdur.

36 saat davam edəcəyi və 11 milyon dollara başa gələcəyi güman edilən əməliyyatın baş tutma tarixi kimi 2017-ci ilin sonları göstərilirdi. Donor bədən beyni ölmüş sağlam insandan götürüləcəkdi. Kanavero kimi geniş populyarlıq qazanmış rusiyalı proqramçının adı bir müddət sonra əməliyyatla hallanmamağa başladı və onu əvəz edəcək başqa biri – çinli pasient tapıldı.

İtalyan cərrah tarixi ana aparan yeniliklərini daim ictimaiyyətlə bölüşür. İndi isə Kanavero Vyanada təşkil olunmuş konfransda meyitə uğurla baş köçürə bildiyi ilə bağlı məlumat verib. Təcrübəyə Çinin Harbin Tibb Universitetini təmsil edən mütəxəssislərin cəlb olunduğu bildirilir. 18 saat davam etmiş sınaq əməliyyatında istifadə olunan bədənlərin kimlərə aid olduğu məlum deyil. Buna baxmayaraq Kanavero təcrübənin nəticələrini tezliklə elmi məqalə şəklində dünya ictimaiyyəti ilə bölüşəcəyini deyir.

Təbiət oyunun qaydalarını bizə uzun müddət diktə edirdi. Biz doğulur, böyüyür, qocalır və ölürük. Təkamülün milyon illəri ərzində 110 milyard insan ölmüşdür. İndi elə bir dövrə qədəm qoymuşuq ki, təbiətin bu soyqırımına son qoyaraq, taleyimizi öz əllərimizə götürə bilərik, – konfransdakı çıxışında neyrocərrah belə deyib.

Təcrübələrin növbəti və sonuncu hesab olunan mərhələsində artıq canlı insana aid başın transplantasiya ediləcəyi qeyd edilir. Bununla belə bir çoxları, xüsusilə Avropa və ABŞ-dan olan tədqiqatçılar alimin səmimiliyinə etibar etmədiklərini gizlətmir. Məhz bu səbəbdən Sercio Kanavero ilk baş köçürülməsi əməliyyatının həyata keçiriləcəyi yer kimi Çin Xalq Respublikasını seçməyi qərara alıb.

Çinli lider Si Tsinpin Çinin keçmiş əzəmətini geri qaytarmaq istəyir və onu yeganə nəhəng dövlətə çevirməyə can atır. Mən, onun bunu bacaracağına inanıram, – Kanavero deyir.

Başın yeni bədəni tanıması kəsilmiş aksonlarla (sinir hüceyrəsinin uzun silindrik çıxıntıları) təmin ediləcək. Kəsilmiş aksonların bərpası üçün polietilenqlikol və xitozan əlavələrindən istifadə olunacaq. Əməliyyatda əsas rolu isə “həddindən artıq iti cərrah bıçağı” oynayacaq ki, bununla da onurğa beyni yarmaq planlaşdırılır.

Xatırladaq ki, bir əvvəlki vacib əməliyyatda Sercio Kanavero laboratoriya siçanlarından faydalanmışdı. Belə ki, təqdim etdiyi fotoşəkillərdə siçanların yarılmış onurğa beyin zədələrinin yetişdiyi və neyronlararası əlaqənin bərpa olunduğu aydın görünürdü. Çinli mütəxəssislərlə birlikdə aparılmış başqa bir təcrübədə isə canlı meymuna baş köçürməyə müvəffəq olunmuşdu. Alimlərin etik qaydalar naminə etdiyi müdaxiləyə qədər heyvan əməliyyatdan sonrakı 20 saatı yaşaya bilmişdi.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: