ElmElmi xəbərlərTəkamül

Şimpanzelər və oranqutanlar keçmişi xatırlaya bilirlər

Yeni elmi tədqiqat işi göstərib ki, şimpanzelər və oranqutanlar sensor yaddaşların köməyi ilə uzaq keçmişi xatırlaya bilirmişlər

Yeni elmi tədqiqat işi göstərib ki, şimpanzelər və oranqutanlar sensor yaddaşların köməyi ilə uzaq keçmişi xatırlaya bilirmişlər. Hər iki növdən olan meymunlar cəmi dörd dəfə istifadə etdikləri faydalı alətlər gizlədildikdən sonra onları tapa biliblər. Onlar həmçinin əhəmiyyətli bir hadisəni iki həftə sonra yada salmağı bacarıblar. “Current Biology” məcmuəsində dərc etdiyi məqalədə tədqiqat qrupu yazır ki, keçmişi xatırlamaq yalnız insanlara xas cəhət deyil.

 

Eksperiment zamanı şimpanze və oranqutanlara müxtəlif otaqlarda iki qutu göstərilib. Qutulardan birində faydalı alətlər olub, digərində isə lazımsız şeylər. Mükafat almaq üçün, meymunlar içində alətlər olan qutunu tapmalı idilər. Üç il sonra, onların gizlədilməsindən xəbərsiz olan meymunlar lazımı alətləri tapıblar.

Ani xatırlama

Bu artıq isbat olunmuş faktdır ki, müəyyən sensor və ya hissiyyat işarələri, məsələn mahnılar və ya qoxular insanlarda keçmişin xatırlanmasına təkan verir. Danimarkadakı Aarhus Universitetindən Gema Martin-Ordasın rəhbərlik etdiyi alimlər komandası da eyni prinsipdən istifadə edib. Onlar aşkara çıxarıblar ki, sensor işarələr meymunların xatirələrini canlandırır. Bu təcrübə zamanı meymunlar sensor işarələrin köməyi ilə üç il əvvəl gördükləri alətləri tapa biliblər.

 

“Bizim tapıntılarımız heyvanların guya bir zaman içində ilişib qaldıqlarına dair oturuşmuş inancı şübhə altına alır, – deyir doktor Martin-Ordas. -Bizim təcrübələrimiz göstərir ki, şimpanzelər və oranqutanlar nəinki iki həftə, üç il əvvəl baş vermiş hadisələri xatırlaya bilir, onlar bunu hətta xatırlamaq lazım gələcəyini gözləməyəndə də edə bilirlər”. Alim deyir ki, beləliklə, epizodik yaddaş sisteminin təkcə insana yox, həm də primatlara xas olduğu ortaya çıxır. O bildirir ki, indi yaddaşın insanın təşəkkülündən əvvəl mövcud olduğu barədə nəticəyə gəlmək olar.

 

Şüurlu təkrar

Yeni Zelandiyadakı Oklend Universitetindən bu təcrübədə iştirak etməmiş Michael Corballis-in fikrincə, bu tədqiqat şimpanze və oranqutanların da insanda olduğu kimi epizodik yaddaşa malik olduqlarını göstərir. Lakin o deyir ki, burada bir fərq var: İnsanlar nəyin, harada və nə vaxt baş verdiyini xatırlayırlarsa, meymunlarda “nə vaxt” yaddaşı olmur. “Zənnimcə, iri meymunlar və bəlkə hətta siçovullar bizimkinə bənzər epizodik yaddaşa malikdirlər. Ola bilər ki, daha az təfərrüatlı, lakin mahiyyətcə oxşar şəkildə”, – deyir doktor. Tədqiqatın müəllifləri deyirlər ki, onların təcrübələri heyvanların keçmiş hadisələri şüurlu yaddaşla xatırlayıb-xatırlamadığını aşkar etməyib. Lakin doktor Corballis deyir ki, bədbin olmağa dəyməz, beləki siçovulların beyinlərindəki hippokampus nahiyəsi üzərində müşahidələr onların hadisələri şüurlu şəkildə təkrar etdiklərini göstərib.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platformasının redaktoruyam. Yaşıl elm vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: