PaleontologiyaTəkamül

Yer altındakı işıqlar: fosillər

Müəllif: Mehri Rəhimli, bioloq |

Nobel mükafatlı genetik François Jacob: “Biologiyada bir neçə əsas fikir var, ancaq onlar arasında ən əhəmiyyətlisi “təkamül” fikridir. Çünki canlılarla əlaqədar bütün qayda və intizamı birləşdirir, müxtəlif canlılar arasında bir qanunauyğunluq qurur və bunları Yer kürəsinin qalan hissəsinə sıx bağlayır. Qısa ifadə etsək, təkamül canlılar aləmindəki çoxnövlülüyün məntiqi açıqlamasını verir”.

Baza məlumat: Dilimizdəki “təkamül” sözü bir şəxsin ya da sistemin mükəmməlliyə doğru dəyişməsi, kamilləşməsi kimi başa düşülsə də, ingilis dilində qarşılığı olan “evolution” sözü latınca açmaq, yaymaq, gizli bir potensialın üzə çıxarılması yaxud göstərilməsi mənasını verən “evolvere” sözündən gəlir ki, bu açıqlama təkamül prosesinin mahiyyətini anlamaqda bizə daha çox kömək edir. Təkamül prosesi çox vaxt fərdlərin dəyişməsi olaraq təsəvvür edilsə də, əslində o, bir populyasiyada olan genlərin rastgəlmə tezliyinin dəyişməsidir. Təkamülün baş verməsini təmin edən bir neçə mexanizm (təbii seçmə, cinsi seçmə, süni seçmə, miqrasiya, mutasiya və s.) vardır ki, onların işi sayəsində populyasiyada müəyyən genlərin sıxlığı artır, bu “uğurlu” genlərə sahib fərdlər dominantlıq əldə edərək həyatda qalırlar. Təkamül bir xətt üzrə baş verən hadisə deyil. Bəzən eyni növün populyasiyalarında müxtəlif amillərin təsiri altında müxtəlif cür dəyişikliklər baş verir. Yəni, bir növün davamı bir istiqamətdə olmaya bilər.

         Zamanda səyahət adətən elmi-fantastik filmlərin mövzusudur. Amma başqa formada onunla real həyatda da qarşılaşmaq mümkündür. Yer mərkəzinə doğru dərinə endikcə əslində həm də zamanda geriyə qayıtmış oluruq. Hal-hazırda yaşayan canlılardan aldığımız məlumatlarla təkamül tarixinin bir qismini öyrənə bilsək də, bu tarixin gerçək sübutlarını yalnız paleontologiya ilə əldə edə bilərik. Fosillər sağ qalan döllər verə bilməmiş saysız canlıların varlığını, onların böyük yoxolma və fərqliləşmə proseslərini, qitələrin hərəkətini və canlıların miqrasiyasını izah edir. Onlar vasitəsi ilə biz təkamül proseslərinin zaman ölçüsünü və baş verdiyi dövrdə ətraf mühitin şərtlərini öyrənə bilirik.

Geoloji hadisələrin mütləq yaşını müəyyən etmək üçün radiometrik metoddan istifadə olunur. Maqmatik qayaların içindəki mineralların tərkibində olan radioaktiv elementlərin çevrilməsi sabit sürətlə baş verir və hər radyoaktiv element müəyyən yarılanma ömrünə sahibdir. Məsələn, Uran-235 izotopunun yarılanma ömrü 0,7 milyard ildir. Bu, o deməkdir ki, hər 0,7 milyardlıq dövrdə dövrün əvvəlindəki Uran-235 atomlarının yarısı qurğuşuna (Pb-207) çevriləcək. Beləliklə, qayanın içindəki ana atom/qız atom nisbəti qaya yaşının təyin olunmasına imkan verir. Tapıldığı qayanın yaşına əsasən isə fosilin yaşadığı dövr müəyyən edilir.
Fosilləşə bilən canlıların sayı çox azdır. Bunun səbəbi bəzi canlıların çox narın olmaları və ya sərt hissələrinin olmaması, ya da onların rütubətli meşələrdə yaşamalarıdır. Əgər canlı şanslıdırsa və fosilə çevrilə bilibsə, onun dövrümüzə qədər mühafizə olunması üçün içində saxlandığı çöküntü qayaya çevrilməli, həmin qaya aşınmadan və qitələrin altına girmədən milyonlarca il qala bilməli, və sonra qaya yer səthinə çıxmalı, paleontoloqların əllərinin çata biləcəyi vəziyyətə gəlməlidir. Bu çətinliyi nəticəsidir ki, müəyyən edilmiş təxminən 250000 fosil növü keçmişdə yaşamış canlıların 1 faizindən də az hissəsidir. Bununla belə, fosillər bizə bir çox dəyərli məlumatları çatdıra bilirlər:

İnsanın qolunda olan bazu, mil, dirsək sümüklərinə uyğun olaraq Tiktaalikin üzgəclərində eyni hissələr ilkin şəkildə var.

Tiktaalik roseae. Balıqlardan amfibilərə təkamül keçidinin təmsilçisi olan Tiktaalik Kanadada tapılmışdır. Quru canlılarının atası hesab edilən 375 milyon yaşlı bu canlı qəlsəmə ilə yanaşı ağciyərlərə da sahibdir. Tiktaalik özündə həm balıq (üzgəc, qəlsəmə, pullar), həm də dördayaqlılara (yastı baş, kəllənin üzərində yerləşən gözlər, başa bağlanmayan çiyinlər) aid xüsusiyyətləri daşıyır. Digər maraqlı xüsusiyyəti isə boynunun olmağıdır. Bu bizimkinə bənzəyən, indiyə qədər  tapılmış ən qədim boyundur.

Bu fosili tapdıqdan sonra Neil Shubinin yazdığı “İçimizdəki balıq” kitabında deyildiyi kimi, bu gün hər biləyimizi bükdüyümüzdə və boynumuzu əydiyimizdə Tiktaalikə təşəkkür edə bilərik. Qurunu istila edən sürünən, ağaclara dırmanan primat, dünyanı dəyişən insan əli də üzgəclərdəki o xəzinədən inkişaf edib.

Tiktaalik roseae
Tiktaalik roseae

Microraptor gui: 140 milyon il əvvələ aid tüklü dinozavrdır. Çin daş faunasından olan bu heyvan quşların dinozavrlardan təkamül etməsini göstərən nümunələrdəndir.

Microraptor gui
Microraptor gui

Archaeopteryx lithographica: Üst Yura təbəqəsində aiddir. Kəskin dişli çənəsi, uzun sümüklü quyruğu, “öldürücü pəncə” adlandırılan ikinci ayaq barmağı onu dinozavrlara bənzətsə də, kiçik bədən ölçüsü, uçma və ya havada süzmə qabiliyyəti arxeopteriksi quşlara yaxınlaşdırır. Günümüzə qədər Arxeopteriksə aid 11 fosil tapılmışdır.

Archaeopteryx lithographica
Archaeopteryx lithographica

Paleothyris: Bu sürünəndə məməlilərdəki gicgah boşluğu yoxdur.

Paleothyris
Paleothyris

Varanops brevirostris: Ataları ilə müqayisədə gicgah boşluğu daha böyükdür. Alt çənə sümüyü kiçilməyə başlamışdır.

Varanops brevirostris
Varanops brevirostris

Procynosuchus delaharpeae: Alt çənə sümüyü bir sümük şəklində olmağa başlamışdır (məməlilərdəki kimi).

Procynosuchus delaharpeae
Procynosuchus delaharpeae

 

Dvinia  prima: Alt çənə sümüyü məməlilərdəki kimi tək sümük şəklindədir.

Dvinia  prima
Dvinia  prima

Sphecomyrma freyi: Təbaşir dövrünə aid kəhrəba içərisində olan bu fosil özündə həm qarışqa, həm də çöl arılarının bəzi xüsusiyyətlərini daşıyır. Çöl arısına oxşar olaraq 2 dişli qısa çənəsi, qarıncıq hissəsində skutum və skutellumu; qarışqalara oxşar olaraq isə metaplevral vəzləri və “bilək”ləri var.

Sphecomyrma freyi

Ambulocetus natans: 48-47 milyon il əvvəl yaşamış “üzən-yeriyən balina” adlandırılan bu fosil balinaların quruda yaşayan məməlilərdən təkamül etməsini açıq şəkildə özündə göstərir. Bu su məməlisinin arxa ayaqları quruda hərəkətdən daha çox suda üzməyə, burunları su altında udqunmağa, periodik sümükləri su altında eşitməyə uyğun olmuşdur. Onurğasının anatomiyasından görünür ki, o da, balinalar kimi onurğasını yuxarı-aşağı (balıqlar kimi sağa-sola deyil) hərəkət etdirərək üzüb.

Ambulocetus natans

Dorudon: Yalnız suda yaşayıb. Çanaq və ayaq sümükləri nisbətən daha böyük olsa da, müasir balinaların bir çox xüsusiyyətlərinə sahib idi.

Dorudon

Ardipithecus ramidus: (adətən “Ardi” adı ilə tanınır): Şimpanze ve insanın ortaq atası ilə Avstralopitek arasında keçid forma olan fosil 1994-cü ildə tapılmışdır. 120 sm hündürlükdə, 50 kq ağırlığında olub, 4,4 milyon il əvvəl yaşamışdır. Kəllə qutusu və beyni şimpanzedə olduğu kimi kiçikdir. Avstralopitek qədər rahat olmasa da iki ayaqüstə yeriyə bildiyi, ağacda həm əl, həm də ayaqları ilə hərəkət etdiyi düşünülür.

Ardipithecus ramidus

Australopithecus anamensis: 4,2-3,9 milyon il əvvəl yaşamışdır. Kəllə qutusu ilk şimpanzelerdəki kimi olsa da, bədəni daha yaxşı inkişaf etmişdir. Müasir insanın ayağındakı qamış sümüyünün ilkin formada yaranmağı onun iki ayaqüstdə hərəkət etməsini göstərir.

Australopithecus anamensis

Hər bir fərd özündə əcdadın xüsusiyyətlərini daşıyıb onu kodlarla növbəti nəslə ötürən körpü funksiyasını daşıyır. Kodlanmış əlamətlər isə nəsillər boyu sabit olmayıb dəyişkəndir. Ona görə də hər birimiz fosilləşə və bir gün zamanda geriyə qayıdan birinin yolunu işıqlandıra bilərik.

Mənbə:

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: