Elm

Yeni Tip Ia supernovalarının analizi və kainatın genişlənməsi haqqında

2011-ci ildə 3 astronom kainatın tək genişləndiyini yox, həm də bunu artan təcillə etdiyini kəşf etdiyinə görə Nobel Mükafatı almışdı. Bu kəşf sonradan kainatımızın qara enerji adlı bir sirli qüvvə ilə əhatə olunduğu ideyasını ərsəyə gətirdi. Lakin indi isə astrofiziklər bu kəşfin yanlış olduğunu və onların daha da geniş  sübutlarının olduğunu iddia edirlər. 

prs
Saul Perlmutter, Adam Riess və Brian Schmidt (soldan sağa)

Danışılan Nobel Mükafatı təxminən bundan 6 il əvvəl Saul Perlmutter, Brian Schimdt və Adam Riess arasında bölünmüşdür. Nobel Mükafatının verilməsinə səbəb belə qeyd olunub: “uzaq supernovanın müşahidəsi nəticəsində kainatın artan təcillə genişlənməsinin kəşfinə görə”.

1990-cu illərdə bu üçlük Tip Ia supernovasını müşahidə edib və ölçülər götürmək üçün bir-biri ilə rəqabətdə olan komandaların bir hissəsi idi. Tip Ia supernovası ulduzlarından biri həmişə ağ cırtdan olan 2 ulduzlu sistemlərdə baş verən supernova növüdür.

Ağ cırtdan ulduzlar (neytron ulduzlar və qara dəliklərdən sonra) kainatdakı ən sıx maddə növündən təşkil olunmuşdur. Tipik bir ağ cırtdanın Yerdən azca böyük olmasına baxmayaraq onun kütləsi təxminən bizim ulduzumuzun kütləsinə bərabərdir. Müqayisə üçün, məsələn, Günəşin içərisinə 1,300,000 Yer kürəsi sığışa bilər.

İndi isə təsəvvür edin, belə bir sıx ulduz öz qravitasiyasının ağırlığı altında çökür. Burada yaranan parlaqlıq səviyyəsi bizim ulduzumuzun hal-hazırdakı parlaqlığından düz 5 milyard dəfə çox olar.

Hər bir Tip Ia supernovanın hardasa eyni parlaqlıq ilə partladığına görə biz onların saçdığı işığın miqdarından istifadə edərək Yerdən nə qədər məsafədə olduğunu və rənglərdəki cuzi dəyişiklikləri nəzərə alaraq onların hansı sürətdə hərəkət etdiyini öyrənə bilərik. Perlmutter, Riess və Schmidt Tip Ia supernovalara aid Hubble teleskopu və bəzi Yerdə olan teleskopların tərəfindən yığılan məlumatı ölçdükdə onlar çox qəribə bir şey tapmışdılar.

Nobel Mükafatının elan edildiyi gündə İsveç Akademiyası izahat verir:

“Maddə ilə əhatə olunmuş bir kainatda hər birimiz düşünərik ki, qravitasiya genişlənməni yavaşladar. İki qrup alim genişlənmənin yavaşladığını yox, əksinə, təcillə artdığını kəşf etdikdə onların üzlərində yaranan təəccüblü ifadəni düşünün. 

Çox-çox uzaqda olan supernova ilə nisbətən yaxınlıqda olan supernovaların parlaqlıq səviyyələrini tutuşdurduqda alimlər öyrəndilər ki, uzaqda olan supernovalar 25% az parlaq idilər. Çünki onlar dəhşətli dərəcədə uzaqda idilər. Bu o demək idi ki, kainat artan təcilli sürətlə genişlənir. Bu kəşf kosmologiya elm sahəsi üçün fundamentaldır və çox böyük bir nailiyyətdir.  

Bu kəşf ayrı-ayrı yerlərdən əldə olunan faktlar tərəfindən, məsələn, qruplaşmış qalaktikalardan və kosmik mikrodalğa arxa plan şüalanmasından—Böyük Partlayışdan geridə qalan zəif parıltısı tərəfindın dəstəklənir. Və bu yaxınlarda NASA və ESA alimləri kainatın düşünüldüyündən də 8% daha tez sürətlə artdığının mümkün olacağını tapmışdılar.

Sözsüz, bu kəşf bütün elm aləminə çox tezliklə yayılan bir kəşf idi. Nobel Mükafatı hər kəsə asanlıqla verilmir. Lakin ortada çox böyük bir sual cavabsız qalmışdı: Əgər Böyük Partlayış tərəfindən kainata xaric olunan maddənin bütünlükdə ağırlıq qüvvəsi hər şeyi yavaşladırsa, kainat nə üçün sürətlə genişlənirdi?

Bir az öncə qeyd etdiyimiz kimi, ilk çıxış yolu qara enerji nəzəriyyəsi oldu. Hər-halda, nə isə kainatdakı boşluğu qravitasiyadan daha da sürətli dartıb genişləndirirdi. Ancaq illərdir ki, heç kim bu “qara” enerjinin nə olduğunu tapa bilmir.

İndi isə dünyanın bir çox tərəfindən bir yerə yığılmış astrofizik araşdırmaçıları bu haqda narahat olmağa dəymədiyini deyir, çünki böyük ehtimalla qara enerji deyə bir şey ümumiyyətlə mövcud deyildir. Onların bu iddiasını dəstəkləyən yetərincə fakt vardır.

Bu vaxta qədər tapılan 740 Tip Ia supernovalarını onlar yenidən analiz etdikdə araşdırmaçılar onların arasındakı fərqlərin hesabını əvvəllər görünməyən şəkildə aparıblar. Onlar deyirlər ki, əvvəlki komandanın araşdırma üsulu çox sadə idi və həmçinin onlar 1930-cu ildə yaranmış bir üsuldan istifadə edirdilər. Bu üsulu günbəgün artan supernova məlumat bazasına tətbiq etmək praktiki deyildi.

Onlar həm də qeyd etdilər ki, qara maddə kosmik mikrodalğa arxa plan şüalanmasına birbaşa təsir etmir, buna görə də onu dəqiq sübut kimi göstərmək olmaz.

Araşdırmaçı komandaya başçılıq edən Subir Sarkar deyir:

“Biz son 740 ədəd Tip Ia supernova kataloqunu—əvvəlki araşdırmadakından 10 dəfə çox olan məlumat bazasını analiz etdikdə gördük ki, artan təcilli genişlənmə üçün sübut fiziklərin ölçü meyarında ən çoxu ‘3 siqma’ idi. Bu standart olan ‘5 siqma’dan əhəmiyyətli dərəcədə azdır.”

Komandanın araşdırmasından belə nəticə çıxır ki, kainat sabit sürətdə genişlənir. Əgər bu həqiqətən də belədirsə,  o zaman bizim qara enerji nəzəriyyəmizə ehtiyac qalmır.

Bu sadəcə olaraq cəmi bir araşdırmadır, əlimizdə bayraq tutulası fakt sayılmır. Və bu araşdırma Nobel Mükafatı verilmiş bir kəşfin yanlış olduğunu deyir. Yenə nəzərinizə çatdıraq ki, Nobel Mükafatı lotoreya deyildir, bu mükafatın kimə veriləcəyi haqqında çox ciddi işlər gedir. Ona görə də bu araşdırma elm aləmində müəyyən dərəcədə qalmaqal yaradır.

Lakin elmin kökündə elə bu durur: araşdırma, kəşf, köhnə kəşfin əvəz edilməsi və ya inkişafı. Bu proses dayanmadan gedir. Biz hardasa 5 ildən sonra yenidən bu araşdırmanı daha da böyük məlumat bazası ilə aparıb ya bu kəşfi əvəz və ya inkişaf etdirməliyik.

“Təbii ki, astrofizik cəmiyyətini bu kəşfə inandırmaq üçün çox çalışmağa ehtiyac olacaq, lakin bizim araşdırmamız göstərir ki, standart kosmoloji model üçün fundamental olan bir pillə o qədər də möhkəm deyildir.”

Araşdırma Scientific Reports jurnalında dərc olunmuşdur.

 

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Aqil Heydərli

Yaşıl Elm platformasında idarəçi və yazar kimi fəaliyyət göstərirəm. “Azərbaycan Dövlət Neft-Sənayə Universiteti”ndə Mexanika Mühəndisliyi üzrə təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: