Genetika

Y-DNT haploqrupları haqqında məlumat

Müəllif: İlhan Cengiz
Tarix: 15 İyul 2015,
Tərcümə: Dr.Tural Alekberli,  Dr.Fidan Rahimli
Tərcümə tarixi: 24 oktyabr 2016

 

azerbaycanlilarin-haloqruplari

Y-DNT haploqrupu nədir?

Y-DNT haploqrupları (ata tərəfindən), on minlərlə il əvvəl yaşamış ulubabanı bildirir. Y-DNT haploqrupları atadan oğula köçürülən y-xromosomunun minlərlə il ərzində məruz qaldığı mutasiyalarla meydana gəlmişdir. Haploqruplar hərflərlə ifadə edilir. Aşağıdakı şəkildə “atanın atasının atası …” şəklində davam edən soy xətti (Y-DNT soy ağacı) göstərilmişdir.

Bütün haploqrupların atası A0-T olaraq adlandırılmaqda və 235.500 il əvvələ aid olduğu düşünülməkdədir. 66.000 il əvvəl də A və B haploqruplarına əlavə olaraq C, D, E və F soy haploqrupları meydana gəlmişdir. Bugünkü haploqruplar bu soy qruplarından törəmişdir. Aşağıda ilk kişidən dövrümüzə Y-DNT haploqrup soy ağacınının xülasəsi olan bir vizual göstərilmişdir.

İndi sıra ilə Y-DNT haploqruplarını araşdıracağıq. Aşağıdakı məlumatlar FTDNT layihələri ilə müxtəlif məqalələrdən faydalanaraq yaradılmışdır.

A1 Haploqrupu: Bu haploqrup 145000 il əvvəl böyük ehtimalla Afrikada ortaya çıxmışdır. Dövrümüzdə birbaşa A1 haploqrupuna bağlı olan A1A və A1B haploqrupları və alt budaqları var. A1A  İngiltərə, Norveç və Finlandiya kimi Şimali Avropa ölkələrində və Afrikada görülən bir şaxədir. A1b1b (M32)  Efiopiya, Çad, Əlcəzair, Tunis, Misir, Səudiyyə Ərəbistanı, Qatar, Şotlandiya, Rusiya və İtaliya kimi ölkələrdə görülən bir şaxədir. A1b haploqrupu  Şimali Afrika və Orta Şərqdə görülən qolu təşkil edir. A1A və A1b haploqruplarının çox qədim zamanlardan etibarən Avropa və Ərəbistana yayıldığı düşünülməkdədir. Ancaq bu haploqrup Afrika xaricində çox az görülməkdədir. Bu səbəblə “A1 haploqrupunun Afrikadan Şimali Avropa və Amerikaya keçid prosesi Avropanın müstəmləkəçi dövrü ilə əlaqəli ola bilərmi?” sualı düşünülməkdədir. Ancaq Ərəb ölkələrində görülən A1 haploqrupu , böyük ehtimalla, daha qədim zamanlara söykənir. A1 haploqrupuna Türkiyədə çox az miqdarda Ege bölgəsində də rast gəlinməkdədir. A1 haploqrupu Aralıq dənizi ətrafında rast gəlinən haploqruplar arasında iştirak etməkdədir.

B Haploqrupu: B1, B2 və B3 şəklində törəmələrə malikdir. Təxminən 84000 il əvvəl Afrikada ortaya çıxdığı qəbul edilir. B1 haploqrupu, Afrikada Kamerun ətrafında görülməkdədir. B2 isə daha əhatəli bir şaxə olub, B2a və B2b şəklində iki qola ayrılır. B2a’nın Uqanda və Keniyaya xas bir haploqrup olduğu düşünülür. B2a Cənubi Afrika, Zimbabve, Tanzaniya, Sudan və Efiopiya ərzində Afrikanın şərqi boyunca cənubdan şimala doğru uzanan bir haploqrupdur. Ancaq B2a haploqrupu Səudiyyə Ərəbistanı, Küveyt, Qatar, Misir, Suriya və Tunis kimi Ərəb ölkələrində də mövcuddur. Haploqrup B çox az miqdarda İran, Əfqanıstan, Hindistan və İngiltərə kimi ölkələrdə də görülməkdədir.

C Haploqrupu: C1 və C2 şəklində iki təməl qola ayrılır. Təxminən 65.000 yaşındakı C haploqrupunun C1 və C2 şəklində ikiyə ayrılması 48.000 il əvvəl reallaşmışdır. İndi növbə ilə C1 və C2’nin alt budaqlarını araşdıraq:

C1a1 yalnız Yaponiyada görülən şaxədir. Bu səbəblə Şərqi Asiyaya xasdır.
C1a2 (V20) və alt budaqları isə Ukraynadan İspaniya və İngiltərəyə qədər Avropalılarda görülən şaxədir. Bu şaxənin Şimal-Şərqi Asiya ilə əlaqəsi yoxdur. Qamba 2014’ün araştırmasına görə Macarıstanda iki fərqli arxeolojik axtarış sahəsində e.ə. 5000-ci ilə aid olduğu bildirilən iki ədəd C1a2 (V20) geni tapılmışdır. 47.000 yaşındakı C1a2’nin hazırda Asiyada görülməyib Avropada görülməsi bu haploqrupun çox qədim zamanlarda Avropaya gəlib çatdığını göstərməkdədir.
C1b Səudiyyə Ərəbistanı və Hindistan arasındakı bölgədə görülən qədim bir şaxədir.
C1c Yeni Zelandiya və Avstraliya ətrafında görülən şaxədir.
C1d Avstraliya yerliləri Aboragenlərdə görülən şaxədir.
C2b Türk və Monqol xalqlarında görülən şaxədir. Həm Asiyada, həm də Avropada görülən şaxədir. C2b ,eyni zamanda, Amerika yerlilərində də görülür. Ancaq C2b’nin Şərqi Asiyaya xas olduğu qəbul edilməkdədir. Avropada görülən C2b budaqları Hun, Türk və Monqol axınları ilə bağlı olduğu düşünülür.
C2e Çin, Malayziya, Monqolustan və Rusiya kimi geniş bir sahədə görülür.
C2a C2C və C2D ilə əlaqədar çox da geniş məlumat yoxdur.

D Haploqrupu: Şərqi Asiyada azad bir haploqrup olaraq qəbul edilir. 66.000 il əvvəl Asiyada ortaya çıxdığına inanılır. D haploqrupu ən çox nisbətdə Yaponlarda görülür. Bu haploqrup bir qədər də Çin və Orta Asiyada mövcuddur. D haploqrupu E haploqrupu ilə ortaq ataya malikdir. D haploqrupuna Asiya qitəsi xaricində rast gəlinmir.

E Haploqrupu:  Təxminən 66.000 il əvvəl Afrikada ortaya çıxdığına inanılır. E1 və E2 deyə iki qola ayrılsa da, E1 haploqrupu daha əhatəli tədqiq edilmişdir. E2 Afrika xaricində  görülməyən bir şaxə olduğu üçün Orta Afrikaya xas qəbul edilən bir şaxədir. E haploqrupu Ural-Volga bölgəsində yaşayan Türk xalqlarında da təxminən 14%-ə çatan nisbətlərdə görülməkdədir. Əslində bu nisbət heç də az hesab edilməməlidir. E1b-nin həm İdil-Ural bölgəsində, həm də Orta Asiyanın cənub hissəsində Türklərdə məqbul nisbətlərdə görülməsi nəzərə alınsa, bu haploqrupun da ön Türklər arasında iştirak etdiyi qəbul edilə bilər. Təxminlərimizə əsasən bu haploqrupun Türklərin ata yurdu olaraq qəbul edilən Orta Asiya və İdil-Ural bölgələrindəki varlığı ən az 2500-3000 il əvvələ qədər getməkdədir.

* E1b1a Şimali Afrika və Orta Afrikada görülən şaxədir. Qədim DNT nümunəsi olaraq Misir fironu III. Ramzesin Y-DNT-si də bu haploqrup olaraq müəyyən edilmişdir (Hawass, 2012).

* E1b1b1 Aralıq dənizi, Avropa və Orta Şərq xüsusiyyəti göstərən haploqrupdur. E1b1b1 Şimali Afrika, Qərbi Avropa, Qərbi Asiya və Cənub-Şərqi Avropada görülən qədim haploqruplardan biridir. Belə ki, E1b1b1a haploqrupu Avropada Sopot və Lengyel antik mədəniyyətlərində edilən qazıntılarda tapılmışdır. Avropada e.ə. 5000-ci ilə aid olduğu bildirilməkdədir. Daha əvvəlki arxeolojik araşdırmalarda E1b İspaniyada da tapılmışdır. E1b Avropanın ən qədim Y-DNT haploqrupları arasındadır.

E1b1b1a1b2 (V22) Avropa və Orta Şərq daxilində görülən bir şaxədir.
E1b1b1a1b1a (V13) Avropa və Orta Şərqdə görülən digər bir şaxədir. Eyni zamanda Yunanıstanda 31,5 % ilə ən çox görülən Y-DNT haploqrupudur. Köhnə adıyla E3b1a2 olaraq bilinir. Ancaq bu şaxə İran, Əfqanıstan və Türkmənistanda da bir qədər görülür. 7000 yaşında olduğu düşünülən bu grup ,böyük ehtimalla, çox qədim zamanlarda müxtəlif ərazilərə yayılmış və fərqli xalqların meydana gəlməsində iştirak etmişdir.
E1b1b1b2a1 (M34) Şərqi Avropa, Orta Şərq, Orta Asiya və Qərbi Asiyada da görülən bir şaxədir.
E1b1b1a1b1a (L542 / V36) Şərqi Avropa başda olmaqla Avropada  görülür.

* E1b1b1 və alt budaqları (M34, L542 / V36 və V13 kimi budaqlar) Türk xalqlarında və Orta Asiyada görülməkdədir.

F Haploqrupu: 65.000 yaşındakı F haploqrupu  A, B, C, D və E haploqrupları xaricindəki bütün haploqrupların atasıdır. G,H,I,J,K-nın F-dən ayrılma prosesi 48.000 il əvvəl reallaşmışdır. Bu şaxədən ilk ayrılan G haploqrupu olmuşdur. Daha sonra digər qrupların ayrılma prosesi reallaşır.

* Hal- hazırda F haploqrupunun F1, F2 və F3 kimi kiçik şaxələri mövcuddur. F haploqrupunun kiçik şaxələri  hazırda Hindistan, Vyetnam, Tibet, Çinin cənub hissələri, Orta Asiya, Orta Şərq və Avropada az migdarda mövcuddur. Bu haploqrupa Afrikada rast gəlinmir. Avropada antik DNT nümunələri arasında F haploqrupu da G2a və E1b ilə birlikdə görülmüşdür.

G Haploqrupu: Təxminən 47.000 il əvvəl F-dən ayrılmışdır. 26.000 il əvvəl G haploqrupu G1 və G2 şəklində iki qola ayrılırmışdır. G1 və G2 haploqrupları Orta Asiyanın cənubunda və şimalında görülən haploqruplardır. G1 haploqrupu Qazaxıstanda Macar və Argınlarda əksəriyyəti təşkil edən əhəmiyyətli bir haploqrupdur. Qafqazın müəyyən bölgələrində yüksək nisbətlərdə görülən G2 haploqrupu isə Avropa və Orta Asiya daxilində 2- 10% arasında görülən bir Y-DNT haploqrupudur. G1 və G2 haploqrupları bir çox yerdə  10%-dən az görülməkdedir. Xüsusilə G1-in Qazaxıstan coğrafiyasında  9% ətrafında görülməsi nəzərə alınsa, dünyadakı G1 nisbətləri içərisində ən çox olduğu bölgə Orta Asiyadır. Şübhəsiz, G1 və G2 haploqrupları da ön Türklər arasında iştirak edirdi. İndi G-nin şaxələrini araşdıraq:

G1, G2a1, G2a2, G2b şaxələri Orta Asiyada və Türk xalqlarında görülən Y-DNT haploqrupları arasındadır.
G2a haploqrupu  Avropada Neolit dövr antik DNT nümunələri arasında ən çox meəyyən edilən Y-DNT haploqrupudur. G1 haploqrupu isə G2a-nın əksinə Avropada çox görülmür; daha çox Orta Asiya və İranda Xorasan ətrafında görülən bir şaxədir. G1 haploqrupuna dünyada az rast gəlinir. G1-in ən sıx görüldüyü bölgə ,şübhəsiz, Orta Asiyada Qazax düzənlikləridir. G2a haploqrupuna da Cənubi Orta Asiya bölgəsində xəzərlər və türkmənlərdə  rast gəlmək mümkündür. Hələ Ön Asiyaya köçmədən əvvəl, oğuzlar içərisində də G2a-ya mənsub bir qrupunun iştirak etdiyi düşünülməkdədir.

H Haploqrupu: Cənubi Asiyada Hindistan, Əfqanıstan və Pakistan ətrafında yayılmış H haploqrupu 47.000 il əvvəl F-den ayrılan digər qrupdur. Qismən Orta Şərq və Avropada da rast gəlinən H haploqrupu  qaraçıların ən çox görülən Y-DNT haploqruplarından biridir. Bu haploqrup Orta Asiyanın müxtəlif bölgələrində də az miqdarda görülür. H haploqrupu ,xüsusilə, Avropada Rumıniya ətrafında çox yayılmışdır. Eyni zamanda, antik H nümunələri Türkiyədə Barçın ətrafında tapılmışdır.

I Haploqrupu: Yaranma prosesi 42.000 il əvvələ söykənir. I haploqrupu 27.500 il əvvəl I1 və I2 olaraq iki qola ayrılmışdır. Bu iki qoldan I1 ən çox Skandinaviya ölkələrində görülməkdədir. I2 isə Qara dənizin şimalı və Balkanlarda çox görülən Y-DNT haploqrupudur. Tatarlar və Çuvaşlarda mövcud olan I1 haploqrupu Orta Asiyanın cənubuna endicə çox görülmür. Ancaq Qaqauzlarda ən çox görülən I2a haploqrupu Orta Asiya və cənubunda müəyyən bölgələrdə görülən haploqruplar arasındadır. Antik I nümunələrinə Avropada və Türkiyədə Qərbi Anadolu ətrafında rast gəlinir.

J Haploqrupu: Yaranma prosesi 42.800 il əvvələ söykənir. J haploqrupu hazırda Asiya və Avropada  görülməkdədir. Bu haploqrupun Şimali Afrikaya sonradan getdiyi düşünülməkdədir. J haploqrupu Ural-Altay və Qafqaz xalqları arasında ən çox görülən haploqruplardan biridir. Bu haploqrupun hazırda ən çox görüldüyü üç bölgə Qərbi Asiya, Qafqaz və Orta Asiyadır. Təxminən 32.000 il əvvəl J1 və J2 şəklində iki qola ayrılmışdır. Bu haploqrup ilə əlaqəli antik DNT nümunələri Karelia, Sibir, Altay, Qafqaz, Türkiyə, Şimali Qara dəniz, Orta və Şərqi Avropada tapılmışdır. İndi J haploqrupunun iki əhəmiyyətli qolunu araşdıraq.

J1 Haploqrupu: J haploqrupundan 32.000 il əvvəl ayrılmışdır. J1 haploqrupu ən çox Qafqaz və Dağıstanda, başda avarlar olmaqla  müxtəlif etnik qruplarda görülməkdədir. 8000 yaşındakı J1a2b (P58) şaxəsi Orta Asiyada türkmənlər, özbəklər, taciklər və monqollarda  10%-ə qədər görülməkdədir. Eyni zamanda, Ural-Volqa ətrafındakı tatarlar və çuvaşlarda da görülməkdədir. Avropanın müxtəlif xalqlarında da görülən J1 haploqrupunun antik nümunələri 2-ci və 3-cü əsr Sarmat məzarlarında tapılmışdır. Finlandiya yaxınlığında Rusiyanın Kareliya bölgəsində olan 7000 illik antik fin-ugur nümunəsi də J1 olaraq müəyyən edilmişdir.

J1a ,eyni zamanda, Şərqi Avropa və yenə Avropada da müxtəlif miqdarlarda görülməkdədir. Orta Asiya və Ural-Volga bölgəsində də görülən J1 Orta Asiyalı türkmənlərin  9,5%-i, Türkiyədə  9%, azərbaycanlıların  15,2%-i nisbətində görülür. Görüldüyü kimi J1 oğuz qrupu türklərdə 10% ətrafında görülməkdədir. Türk xalqlarında görülən J1 şaxələrinin sami xalqlarla bir əlaqəsi yoxdur.

J1-in çox sayda şaxəsi mövcuddur. Bu şaxələrdən Z1828, L817, ZS241, YSC76, Z6440 kimi şaxələr, ümumiyyətlə, Orta Şərq xaricindəki bölgələrdə görülür və 4000 illik keçmişi olan sami xalqlarla bağlı deyil. Ərəblərdə görülən J1 şaxəsi 4600 yaşındakı FGC11 şaxəsidir. Bu səbəbdən J1 haploqrupuna və ya P58-e sami demək səhvdir.

CTS1267 (Z1828) Şərqi Avropa və Qafqaz xarakteristikasına malikdir.
L817, P58-dən 5000 il əvvəl ayrılan bu şaxə Şərqi Avropa və Rusiyada görülür.
ZS241 Şərqi Avropa, Rusiya və Monqolustanda görülən bir şaxədir. Bu şaxə Orta Şərq və Şimali Afrikada çox görülmür.
FGC11 Şimali Afrika və Orta Şərqdə Ərəb ölkələrində görülür. Ərəblərdə görülən J1 şaxəsi FGC11-dir. Ancaq FGC11 az miqdarda başqa xalqlarda da görülür. Bu səbəbdən bu şaxəyə də sami demək doğru deyil. Bir şaxəsi olan FGC12 (FGC1722), yalnız Səudiyyə Ərəbistanı, Qatar və Yəməndə görülməsi səbəbilə sami olaraq təsnif edilir.
Z640  Avropada görülən şaxələrdəndir.
YSC76  Avropa və Qərb Asiyada görülməkdədir.

J2 Haploqrupu: J2  32.000 illik bir keçmişə malikdir. Bu səbəblə J2’nin qolları hazırda çox sayda xalqda görülməkdədir. Eyni zamanda Türkiyə və Azərbaycanda ən çox görülən Y-DNT haploqrupudur. J2 haploqrupu  ümumi olaraq Orta Asiyadan Qərbi Asiyaya (Azərbaycan və Türkiyəyə) doğru çoxalır. Türk xalqları arasında ən çox oğuz və karluk qruplarında mövcuddur. J2 haploqrupu hazırda əhali olaraq ən çox Türkiyə, Azərbaycan və İranın Cənubi Azərbaycan bölgəsində görülməkdədir. J2-nin Ön Asiyada ortaya çıxtığı ilə əlaqədar konkret bir dəlil hələ bildirilməsə də hazırda ən qədim antik J2a nümunələri Altayların şimalında, Sibir, Qara dənizin şimalı, Qafqaz, Anadolu və Orta Avropada Macarıstan torpaqlarında tapılmışdır. J2-nin Orta Asiyada uyğurlar, özbəklər və türkmənlərin ən çox görülən Y-DNT haploqruplarından olması və antik DNT nümunələrinin Altay Dağı Hun dövrü Sarıbel kurganında olması, Göktürk Dövrü Kytmanovoda olması, Xəzər dövrü mədəniyyətində (Ukrayna-Rusiya sərhədində) antik nümunəsinin tapılması, bu haploqrupun da Orta Asiyada ön türklər arasında iştirak etdiyinə işarə etməkdədir. J2 Ural-Volqa xalqlarında da görülməklə birlikdə Qafqazda çeçen, inquş, qaraçay-balkar və kumuk xalqlarında yüksək nisbətlərdə görülür. Ayrıca Rusiyada, xüsusilə,Tatarıstan ətrafında 15% qədər görülməkdədir. Seyrək də olsa Ukrayna və digər Şərqi Avropa ölkələrində də görülür. Eyni zamanda J2 Şimali Afrikada 5% nisbətində görülür. Şimali Afrikadakı J2-nin əhəmiyyətli bir qisiminin, İslam Dövləti zamanında qafqazlı və türk memlükler yolu ilə; Osmanlı Dövləti zamanında da türklər vasitəsilə gətirildiyi təxmin edilməkdədir. Bu haploqrupun Türk xalqlarında görülmə faizləri aşağıda göstərilməkdədir:

 

Uyğurlar34% (Shou 2010)
Özbəklər30,4% (Shou 2010)
Azərbaycanlılar30.6% (Nasidze 2006)
Xəzərlər26.6% (Haber 2012)
Kumuklar25% (Yunusbaev, 2006)
Balkarlar24% (Battaglia 2008)
Türkiyə24% (Cinnioğlu 2004)
Azərbaycanlılar24% (Di Giacomo 2004)
İran türkləri22% (Grugni 2012)
Türkmənlər17% (Wells 2001)
Özbəklər16% (Di Cristofaro 2013)
Tatarlar15.1% (Trofimova 2014)
Çuvaşlar14% (Trofimova 2014)
Özbəklər13.4% (Wells 2001)
Qazaxlar7% (KZ Project, FTDNA)

 

J2 haploqrupu 28.000 il əvvəl J2a və J2b şəklində iki qola ayrılmışdır. Bu iki qoldan J2a şərq qanadı (yəni Orta Asiya və Qara dənizin şimalı) ilə əlaqəli görülərkən, J2b daha çox qərb qanadı (yəni Ön Asiya və Balkanlar) ilə əlaqəli görülməkdədir. Türklərdə hər iki qol da görülməklə birlikdə J2a nisbəti ümumiyyətlə J2b-yə görə daha çoxdur. Ancaq J2b-nin Tatarlarda daha çox görüldüyünü ifadə etməkdə fayda var. J2-nin çox müxtəlif variasiyaları Ural-Volqa, Orta Asiya və Ön Asiyadakı Türk xalqlarında görülməkdədir.

K Haploqrupu: Bu haploqrup 46.000 yaşındadır. LT, NO və P haploqruplarının atasıdır. K haploqrupunun kiçik qolları K * adıyla bilinir. K * haploqrupuna, ümumiyyətlə, Hindistan, Orta Asiya və Qərbi Asiyada rast gəlinməkdədir.

L Haploqrupu: 42.500 yaşındakı L haploqrupu hazırda ən çox Cənubi Asiyada Hindistan və Pakistan ətrafında görülür. L haploqrupu eyni zamanda Orta Asiyada görülən Y-DNT haploqrupları arasında iştirak etməkdədir. Bu haploqrup çox az miqdarlarda Avropada da görülməkdədir. Ömər Gökçümen-in bir Avşar kəndində etdiyi araşdırmada  57% nisbətində L haploqrupu çıxması türklərin Orta Asiyadan gələrkən bu haploqrupu da Kiçik Asiyaya daşıdıqlarını göstərməkdərdir. Türkiyədə L haploqrupunun görülmə nisbəti 4% müəyyən edilmişdir.

M Haploqrupu: Melaneziya, İndoneziya və Mikroneziya tərəflərində görülür. Digər coğrafiyalara yayılmamışdır.

N Haploqrupu: N haploqrupunun xüsusiyyəti Şimali Avropa və Şimali Asiyada çox görülməsidir. N haploqrupu türk xalqlarının ,demək olar ki, hamısında görülən bir haploqrupdur. Şimali Asiyada Ural dağları ətrafında, finlandiyalılarda və Saka türklərində çoxluq təşkil etməkdədir. Rusiyada tatarlarda olduqca yüksək faizlərdə görülməkdədir. Kazan tatarları  28.3%, çuvaşlar  27.9%, Şimali altaylılar  10%, qazaxlar  8%, özbəklər  3,9% nisbətlərində N haploqrupuna malikdir. N haploqrupu Türkiyədə % 4 nisbətində görülməkdədir. Tipik olaraq Şimali Avrasiya xüsusiyyəti daşıyan N haploqrupu ,xüsusilə, Şimali Sibirli və skandinaviyalı xalqlarda daha çox rast gəlinir. Ural mənşəli nenetlərdə 97.3%, hantilərdə  76.6%, finlərdə  61.5%, litvalilarda  42%, eskimo mənşəli yupiklərdə  50.6% nisbətlərində görülməkdədir. N haploqrupuna Avropada da az miqdarda rast gəlinir. Şimal qütbünə yaxınlaşdıqca artan N haploqrupu, xüsusilə şimalli türklərdə əhəmiyyətli miqdarlarda görülməkdədir. Orta Asiyalı türklərdə N haploqrupu  1 – 10% arasında seyr edir. Türk xalqlarının hamısında görülən Y-DNT haploqruplarından biridir. Bu haploqrupa Türkiyədə avşar və kayı boylarında rast gəlinməkdədir.

O Haploqrupu: 36.200 il əvvəl ortaya çıxan O haploqrupu ən çox Şərqi Asiyada görülür. Bu haploqrup digər haploqruplara nəzərən bir az daha yaşlıdır. Ən çox Çin, Yaponiya, Koreya, Filippin, Tayland kimi ölkələrdə görülməkdədir. Türk xalqları içərisində uyğurlar, qazaxlar, türkmənlər, qırğızlar və s. xalqlarda  1 – 10% arasında görülməkdədir. O haploqrupu uyğurlarda 10.5% (Hammer 2005), cənubi altaylilarda 10% (Khar’kov 2007) nisbətlərində görülməkdədir. 37.000 il əvvəl yaranan O3a haploqrupu türk xalqlarının koreyalı və yaponlarla ortaq Y-DNT haploqrupları arasında yer alır. O3a2c1 kimi qollar türk, yapon, koreyalı və hanlılarda görülən ortaq şaxələrdəndir. Ancaq O3a2c1 şaxəsinin də 17.800 yaşı olduğu hesaba qatılsa, bu haploqrupun da ön türklər arasında yer almış ola biləcəyi açıqca görülməkdədir. Cristofaronun (2013)  araşdırması nəticələrinə görə türk, monqol və farslarda görülən O haploqrupu variasiyaları bunlardır: O3a1 (KL2), O3a2c1a (M117), O1a (M119), O3 (M122), O3a2c1 (M134), O (M175 ), O2b (M176), O2a1 (M95) və O3a2 (P201).

P Haploqrupu: 43.800 il əvvəl yaranan P haploqrupu Q və R qrupu haploqrupların atasıdır. Hazırda bu haploqrupun kiçik qolları çox az tapılır. Ümumiyyətlə, Orta Asiya, Hindistan və Pakistan ətrafında görülməkdədir.

Q Haploqrupu: Bu haploqrup Şimali və Cənubi Amerika yerlilərində çox yüksək nisbətlərdə görülməkdədir. Avropa ölkələrində isə 0.5-2.5% nisbətlərində görülməkdədir. Orta Asiya Türklərində Q haploqrupu  1% ilə  10% arasında görülməkdədir. Ancaq Q haploqrupunun Q1a1b (M25) qolu, ümumiyyətlə, türkmənlərdə yüksək nisbətlərdə görülür. Q1a1a1 (M120) qolu isə monqollar arasında yayılmış digər bir şaxədir. Yenə bu haploqrup antik DNT nümunəsi (Q1a) olaraq dəmir dövrünə altaylarda J2 və R1A haploqrupu ilə birlikdə qarşımıza çıxmaqdadır. Tunguzlarda 4.2%  kimi olduqca aşağı nisbətlərdə görülən Q haploqrupu Ural qrupu selkuplarda  66.4 % nisbətində görülərkən, Sibirdə yaşayan Dene-Yenisey dil ailəsinə bağlı ketler  93.7% nisbətində görülməkdədir. Q haploqrupu da N haploqrupu kimi şimallı türklərdə müəyyən nisbətlərdə görülməkdədir. Q haploqrupu türk xalqları içərisində,xüsusilə, türkmənlərdə çox görülməkdədir. Critofaronun (2013)  araşdırmasına görə Əfqanıstan türkmənlərinin  33,8% kimi çox yüksək bir dərəcəsində görülməkdədir. Q haploqrupu da ön türklər arasında iştirak edən haploqruplar arasındadır.

R Haploqrupu: Bu haploqrup Ural-Altay və Hind-Avropa xalqları arasında ən çox görülən haploqruplardan biridir. Bu haploqrupun hazırda ən çox görüldüyü bölgələr Avropa və Orta Asiyadır. Bununla birlikdə Cənubi Asiya və Qərb Asiyada da məqbul nisbətlərdə görülməkdədir. Rin alt qolları türk xalqlarında olduqca yüksək faizlərdə görülür. 31.400 yaşındakı R haploqrupu 27.600 il əvvəl R1 və R2 şəklində iki ana qola ayrılmışdır. Daha sonra bu iki haploqruptan R1 haploqrupu təxminən 22.000 il əvvəl R1A və R1b şəklinə iki qola ayrılmışdır. Qərb qaynaqları R haploqrupunun ilk olaraq Orta Asiyada ortaya çıxdığını və oradan Şərqi Avropaya keçdiyini; R1A haploqrupunun isə Şərqi Avropada ortaya çıxdığı və buradan Orta Asiya və Avropaya yayıldığı tezisini dəstəkləməkdədir.

 

R1A Haploqrupu: Təxminən 22.000 il əvvəl ortaya çıxmışdır. Yaşlı bir şaxə olması səbəbilə R1a-nın qolları hazırda çox sayda xalqda görülməkdədir. R1A haploqrupu Orta Asiyada ən çox görülən Y-DNT haploqruplarındandır. Müəyyən bölgələrdə və türk xalqlarında (Qırğızlar kimi) ən çox görülən haploqrup olaraq qarşımıza çıxar. Ancaq Orta Asiyadan Azərbaycan və Türkiyəyə doğru R1a-nın sıxlığında azalma var. R1A Türk xalqları içərisində ən çox qıpçaq qrupu xalqlarda (qırğız və altaylılar) görülməkdədir. Altaylılar və qırğızlarda çox yüksək faizlərdə görülən R1A şərqdə Monqolustanda 2% nisbətlərinə düşür. R1A hazırda qırğızlar, çuvaşlar, altaylılar və özbəklərin ən çox görülən Y-DNT haploqruplarındandır. Bu haploqrup ərəblərdə və Şimali Afrikada da görülməkdədir. Ancaq R1a-nın əhəmiyyətli bir qisminin o bölgələrə sonradan Memluk əsgərlər yolu ilə gəldiyi düşünülməkdədir. Bu haploqrupun Türk xalqlarında görülmə nisbətləri aşağıda göstərilməkdədir:

Qırğızlar63.5% (Wells 2001)
Əfqanıstan özbəkləri27% (Cristifaro 2013)
Kazan tatarları20% (Trofimov 2007)
Qaqauzlar19% (Eupedia)
İran türkləri19% (Grugni 2012)
Uyğurlar16% (Shou 2010)
Kazaklar15% (FTDNA 2015)
Çin özbəkləri13% (Shou 2010)
Türkmənlər7% (Wells 2001)
Türkiyə7% (Cinnioğlu)

R1A və R1b haploqruplarının Orta Asiyalı və İdil-Urallı türk xalqlarında çox miqdarda görülməsi və İdil ətrafında İskit dövrünə aid antik R1A nümunəsinin autosomal quruluş etibarilə tatarlara bənzəməsi, ən qədim R1b nümunələrinin Volga ətrafında görülməsi bu haploqrupların da ön türklərin atalarını meydana gətirən dəstə arasında iştirak etdiyini göstərir.

R1b Haploqrupu: Mövcud antik DNT məlumatlarına görə R1b haploqrupu Ural dağlarının cənubunda bugünkü Başqırd torpaqları ətrafında yaranmışdır. R1b-nin əhəmiyyətli bir qismi təxminən 4000 il əvvəl Avropaya köçərkən bir qismi də Cənubi Qafqaz, Orta Asiya və Monqolustan tərəflərinə köçmüşdür. Avropadakı qövmlər köçü ilə R1b-nin əhəmiyyətli bir qismi Qərbi Avropaya keçdikdə R1b haploqrupu, təxminən 22.000 yaşında olması səbəbilə bir çox xalqlarda görülməkdədir. R1b haploqrupu ən çox başqırdlarda görülməkdədir. Bölgənin günümüzdəki haploqrup yayılımına baxıldığında R1b-nin Qara dənizin şimalında və Ural-Volgadakı ön türklər arasında G, I, J, N, K, R1A kimi haploqruplarla bir arada iştirak etdiyi aydın olur. R1b haploqrupu, başqırd xalqında, Trofimovun (2007) araşdırmasına görə  45% nisbətində, Lobovun (2009) araşdırmasına görə  35.2 % nisbətində ən çox görülən haploqrupdur. R1b haploqrupu Türkiyədə  16 % nisbətində görülməkdədir. R1b Türkiyədə R1a-dan daha çox görülür.

R2 Haploqrupu: Cənubi Asiyada daha çox görülsə də Orta Asiyada da az miqdarda mövcuddur. Bu haploqrup Türkiyədə  1% kimi aşağı bir nisbətdə görülməkdədir. R2 haploqrupu R-dən 27.600 il əvvəl ayrılaraq Hindistana köç edən qolu təşkil edir.

S Haploqrupu: Okeaniya, Melaneziya, Mikroneziya və İndoneziya tərəflərində M haploqrupuna paralel görülən digər bir Y-DNT haploqrupudur. Cənub-Şərqi Asiya xaricindəki coğrafiyalara bir yayılım göstərməmişdir.

T Haploqrupu: Orta Şərq, Cənubi Asiya və Avropa daxilində aşağı nisbətlərdə görülən ümumi bir haploqrupdur. Mezopotomiya, İranın cənub hissəsi, Hindistanın şərq sahilləri, Ərəbistanın şərq hissəsi, Misirin cənubu, İtaliya və Siciliyanın cənubunda T haploqrupu nisbətlərində artım görülür. T haploqrupuna Orta Asiyanın bir neçə bölgəsində, Qara dənizin şimalında, Türkiyənin şərqində və Azərbaycan ətrafında da  1-2% arasında rast gəlinir.

 

Tərcümə etdi: Dr. Fidan Rəhimli  və  Dr. Tural Ələkbərli

Qaynaqlar:

  1.  Zerjal et al (2002), A Genetic Landscape Reshaped by Recent Events: Y-Chromosomal Insights into Central Asia, Volume 71, Issue 3, p466–482, September 2002; Web: http://www.cell.com/ajhg/abstract/S0002-9297(07)60328-0
  2. Shou et al (2010), Y-Chromosome distributions among populations in Northwest China identyfiy significant contribution from Central Asian pastoralists and lesser influence of western Eurasians.
  3. Wells, Spencer et al (2001), The Eurasian Heartland: A continental perspective on Y-chromosome diversity
  4.  Miroslava Derenko et al (2005), Contrasting patterns of Y-chromosome variation in South Siberian populations from Baikal and Altai-Sayan regions
  5. Xue, Yali et al (2006) Male demography in East Asia: a north-south contrast in human population expansion times
  6. Trofimov, the variability of mitochondrial DNA and Y-DNA in populations of Volga-Ural region, 03.02.07, P.111, Institute of Biochemistry & Genetics, Russia
  7. Eupedia, Distribution of European Y-chromosome DNA (Y-DNA) haplogroups by country in percentage
  8. Di Giacomo, F.; Luca, F.; Popa, L. O.; Akar, N.; Anagnou, N.; Banyko, J.; Brdicka, R.; Barbujani, G. et al. (2004). “Y chromosomal haplogroup J as a signature of the post-neolithic colonization of Europe”. Human Genetics 115 (5): 357–371. PMID 15322918
  9. Julie Di Cristifaro, Afghan Hindu Kush: Where Eurasian Sub-Continent Gene Flows Converge, See Table S5.
  10. Battaglia, Vincenza; Fornarino, Simona; Al-Zahery, Nadia; Olivieri, Anna; Pala, Maria; Myres, Natalie M; King, Roy J; Rootsi, Siiri et al. (2008). “Y-chromosomal evidence of the cultural diffusion of agriculture in southeast Europe”.European Journal of Human Genetics17 (6): 820–30.
  11. Wells RS, Yuldasheva N, Ruzibakiev R, Underhill PA, Evseeva I, et al. (2001) The Eurasian heartland: a continental perspective on Y-chromosome diversity. Proc Natl Acad Sci U S A 98: 10244-10249.
  12. Omer Gokcumen, “Ethnohistorical and genetic survey of four Central Anatolian settlements” (January 1, 2008)
  13. Khar’kov, VN; Stepanov, VA; Medvedeva, OF; Spiridonova, MG; Voevoda, MI; Tadinova, VN; Puzyrev, VP (2007). “Gene pool differences between Northern and Southern Altaians inferred from the data on Y-chromosomal haplogroups”. Genetika43(5): 675–87.
  14. Michael F Hammer et al 2005, Dual origins of the Japanese: common ground for hunter-gatherer and farmer Y chromosomes Journal of Human Genetics (2006) 51, 47–58; doi:10.1007/s10038-005-0322-0
  15. Tambets, Kristiina et al 2004, The Western and Eastern Roots of the Saami—the Story of Genetic “Outliers” Told by Mitochondrial DNA and Y Chromosomes
  16. Michael F Hammer et al 2005, Dual origins of the Japanese: common ground for hunter-gatherer and farmer Y chromosomes Journal of Human Genetics (2006) 51, 47–58; doi:10.1007/s10038-005-0322-0
  17. Y-DNA Haplogroup F and Its Subclades, 2015
  18. Cinnioğlu C, King R, Kivisild T, Kalfoğlu E, Atasoy S, Cavalleri GL et al. (January 2004). “Excavating Y-chromosome haplotype strata in Anatolia”. Proc Natl Acad Sci U S A. 114 (2): 127–48. doi:10.1007/s00439-003-1031-4. PMID 14586639.
  19. Brook, Kevin A. (2014), The Genetics of Crimean Karaites, Karadeniz Araştırmaları, N: 42, p.69-84
  20. Nasidze et al., (2004)Mitochondrial DNA and Y-Chromosome Variation in the Caucasus
  21. Yunusbayev, Bayazit et al 2006, Genetic Structure of Dagestan Populations: A Study of 11 Alu Insertion Polymorphisms
  22.  PLoS One. 2012; 7(3): e34288. Published online Mar 28, 2012. doi:10.1371/journal.pone.0034288 Afghanistan’s Ethnic Groups Share a Y-Chromosomal Heritage Structured by Historical Events,
  23. Lithuanian Tatars Nobility Project, FTDNA, 37 samples in groups have been retrieved for the pie chart, 12.01.2015.
  24. Dulik, Matthew C. et al 2011, Y-Chromosome Variation in Altaian Kazakhs Reveals a Common Paternal Gene Pool for Kazakhs and the Influence of Mongolian Expansions
  25. Zhong et al, (2011) Extended Y Chromosome Investigation Suggests Postglacial Migrations of Modern Humans into East Asia via the Northern Route, Mol Biol Evol January 1, 2011 vol. 28 no. 1 717-727, See Tables.
  26. Balaresque et al (2015), Y-chromosome descent clusters and male differential reproductive success: young lineage expansions dominate Asian pastoral nomadic populations, Supplementary Table 2
  27. Kazakhstan DNA Project, FTDNA
  28. Szecsenyi-Nagy, Anna (2015) Molecular genetic investigation of the Neolithic population history in the western Carpathian Basin
  29. Allentoft et. al, (2015). Population genomics of Bronze Age Eurasia, Nature 522, 167–172 (11 June 2015) doi:10.1038/nature14507
  30. Oghuz Turks DNA Project, FTDNA
  31. Hawass, Z.; Ismail, S.; Selim, A.; Saleem, S. N.; Fathalla, D.; Wasef, S.; Gad, A. Z.; Saad, R.; Fares, S.; Amer, H.; Gostner, P.; Gad, Y. Z.; Pusch, C. M.; Zink, A. R. (17 December 2012). “Revisiting the harem conspiracy and death of Ramesses III: anthropological, forensic, radiological, and genetic study”. BMJ 345 (dec14 14): e8268–e8268. doi:10.1136/bmj.e8268. Retrieved 6 July2013.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: