Elmi xəbərlərGenetikaHəyatın təkamülüTibb

Süni spermatozoidlər əldə olunması işində vacib uğura imza atılıb

Bu süni hüceyrələr sonsuzluq problemi ilə mübarizədə effektiv vasitə rolunu oynayır.

Amerikalı genetiklər donor hüceyrələrdən süni spermatozoidlər yetişdirilməsi texnologiyalarını inkişaf etdirir. Bu hüceyrələr sonsuzluq problemi ilə mübarizədə effektiv vasitə rolunu oynayır.

Ailə cütlüklərinin təxminən 10%-i sonsuzluqdan əziyyət çəkdiyi üçün uşaq sahibi ola bilmir. Belə halların 20-30%-i kişilərin orqanizminin sağlam spermatozoidlər istehsal edə bilməməsindən qaynaqlanır. Bu problemin həlli kimi donor hüceyələrdən süni spermatozoidlər yetişdirən texnologiyanın ərsəyə gətirilməsi nəzərdə tutulur. Müasir tibbdə artıq adi dəri fibroblastlarını kök hüceyrələrə çevirmək mümkündür. Geriyə qalan tək məsələ isə onları lazımi yönə istiqamətləndirməyi və yetkin spermatozoidlərin əldə olunmasına qədər yaşamağını təmin etməyi bacarmaqdır.

İki il əvvəl çinli mütəxəssislər belə bir imkanı siçanlar üzərində nümayiş etdirmişdilər. Onlar, embrional kök hüceyrələrdən yetkin spermatozoid yetişdirərək, yumurta hüceyrəni mayalandırmış və heyvanlara sağlam nəsil təmin etmişdilər. Lakin bu prosesi insanlarda təkrarlamaq cəhdləri hələlik uğursuzluqla nəticələnir, çünki insanlarda spermatozoidlərin inkişafı daha uzun vaxt almaqla yanaşı, həm də daha mürəkkəb formada baş verir. Bu yaxınlarda isə həkimlər sözügedən texnologiyanın yaradılması yolunda vacib irəliləyişə imza atıblar. Progress təhsil fondunun ənənəvi olaraq hər il təşkil olunan konfransında çıxış edən Kembric universitetindən olan genetik Azim Surani bu barədə danışıb.

Xatırlamaq lazımdir ki, yumurta hüceyrələri və spermatozoidlərin sələfi olan kök hüceyrələr insanda hələ doğulmazdan əvvəl formalaşır. İlk həftələrdə bunlar ümumi yolla inkişaf edir, yalnız təxminən səkkizinci həftədə ayrılırlar (müqayisə üçün, siçanlarda bu bölünmə 13-cü gündə baş verir). Azim Suraninin sözlərinə görə, məhz bu səkkiz həftəlik müddət araşdırmaların əsas hədəfidir. Bu müddəti əldə etmək üçün Surani və həmkarları “süni testikullardan” faydalana biləcəklərini deyirlər.

Miniatür orqanoidlər sadəcə olaraq süni yetişdirilmiş və yarı-maye şəraitində saxlanılmış cinsi hüceyrələr laxtasından ibarətdir. Müvafiq maddələrin istehsal etdiyi müxtəlif növ hüceyrələr düzgün uyğunlaşdıqda spermatozoidlərin sələfi olan hüceyrələrə lazımi yetişmə şəraiti və əlverişli temp təmin edir.

Qeyd olunur ki, alimlər təxminən dördüncü inkişaf həftəsinə çata biliblər, lakin səkkizinci həftəni təmin etmək əsas məqsədləridir. Bundan savayı mütəxəssislər hüceyrələrdə kimyəvi modifikasiyalardan ibarət epigenetik markerlərin uğurlu şəkildə məhv edilməsini nümayiş etdiriblər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
The Guardian
Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: