BiologiyaElmi xəbərlərGenetikaHəyatın təkamülü

Alimlər beynin yaranmasını təmin edən genin adına aydınlıq gətiriblər

Yerdə yaşayan ən qədim canlılardan olan adi ilanbalıqları – minoqalar (Anguilla anguilla) üzərində araşdırmalar aparan alimlər insanda beynin Xanf geninin analoqu hesab olunan Anf/Hesx1 geni sayəsində formalaşdığını aydınlaşdırıblar.

Rusiya Elmlər Akademiyası nəzdində olan Bioüzvi kimya institutu alimlərinin gəldiyi nəticələr Scientific Reports jurnalında dərc edilib. Genetiklər uzunluqları 10-100 sm arasında dəyişən primitiv çənəsiz balıqlar olan minoqaların DNT-sini araşdırıblar. Alimlərin minoqalarla maraqlanmasının səbəbi budur ki, adıgedən canlılar hal-hazırda yerüzündə yaşayan onurğalılar arasında ən qədimidir. Bu xüsisiyyət alimlərə insanlarda beynin necə təkamülləşdiyi sirrini anlamağa yardım təmin edib.

Daha əvvəlki tədqiqatda mütəxəssislər qurbağalarda ön hissənin inkişafına cavabdeh olan Xanf genini araşdırmışdılar – canlıda beynin formalaşmasına nəzarət edən gen budur. Alimlər bu qənaətdədir ki, sözügedən genin modifikasiyalarından biri minoqalar kimi qədim onurğalı canlıların beyin və kəlləsinin inkişafını mümkün edir. Uzun müddətdir ki, bu iddia sübuta yetirilə bilinmirdi, lakin indi alimlər hipotezlərini təsdiqləyə biləcək dəlillər əldə etdiklərinə əmindirlər. Lethenteron camtschaticum növündən olan minoqaların rüşeymləri yetişdirildikdən sonra onların başlarından genlərin “oxunması” zamanı hüceyrələr tərəfindən hasil edilən RNT molekulları xaric edilib. Ardından çoxlu sayda qısa DNT zəncirləri yığılıb.

DNT ardıcıllıqlarını öyrənən alimlər beləliklə minoqalarda beynin formalaşma mexanizmini aydınlaşdırıblar. Məlum olduğu kimi, buna Xanf geninin analoqu Anf/Hesx1 nəzarət edir. Daha mürəkkəb onurğalılarla müqayisədə minoqaların “beyin geni” canlının sonraki inkişaf mərhələlərində aktivləşir. Minoqaların kiçik beynə sahib olduqlarının səbəbi də elə budur.

Alimlər hesab edir ki, Anf/Hesx1 geni təxminən 550 milyon il əvvəl meydana gəlməklə, onurğalıların təkamülündə ən vacib rollardan birini oynayıb. Məsələ burasındadır ki, onurğalı canlı kimi insan da bu gün sahib olduğu mürəkkəb beynini həmin gen sayəsində formalaşdırıb. Bir müddət əvvəl aparılmış araşdırmada isə başqa maraqlı nəticələr ortaya çıxıb. Belə ki, mütəxəssislər yerüzündə yaşayan müxtəlif onurğalıların fundamental vahid beyin quruluşuna malik olduğunu açığa çıxarıblar ki, bu da həmin canlıların planetdə təxminən 600 milyon il əvvəl yaşamış bir ortaq əcdadı bölüşdüklərini göstərir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: