Biologiya

Yarıq beyin: Beynimiz haqqında nə bilirik?

Bir öncәki mәqalәmizdә Fineas Qeydc haqqında bəhs etmişdik. Xatırlayırsınızsa, Qeydc bir qәza zamanı beyninin ön loblarını itirdiyi üçün duyğuları ilə ağılı arasındakı olan әlaqәni itirәn, aqressiv davranan və şəxsiyyəti bütünlüklә, ciddi şәkildә dəyişən bәxtsiz dəmiryolu işçisi idi. Bu tip hadisələr beynimizin necə işlədiyini anlamaqda nevroloqlara çox kömәk edir. Bu yazıda “Yarıq beyin” (split brain) deyilən başqa maraqlı bir tibbi faktdan və bu tip hadisələr nəticəsində beynimizə və özümüzə aid öyrəndiyimiz bəzi əhəmiyyətli ipuclarından bəhs etmәk istәyirik.
 

İnsan beyni qaba şәkildә izah etsәk, sağ yarımkürə, sol yarımkürə (loblar) və ikisinin ortasında arxa tәrәfdәn onlara bağlı olan vә onları bir-birinə bağlayan beyincik adlanan üç әsas hissәdәn ibarәtdir.
Beyinciyi bir kәnara qoyub, bu sağ və sol yarım kürəyə daha çox diqqәt ayıraq. Bu iki yarım kürə bir-biriylə tamamilə simmetrikdir, birində olan hər bir sahə, hər qıvrım o birisində də var. Amma bu iki yarım kürəyə gələn məlumatlar bir-birinin әksdir. Bədəninin sağ tərəfindən gələn bütün siqnallar sol yarımkürəyə, sol tərəfindən gələn bütün siqnallar sağa gedir. Sağ gözünlə gördükləriniz, sağ qıçınızdan gələn ağrılar həmişə sola, soldakılar da sağa gedir. Bәs niyə belə qəribə bir çarpaz məlumat axını var? Bu, bizim beynimizin vә gözümüzün qarşılıqlı tәkamülü mәrhәlәsindә ortaya çıxmışdır. Bütün mәmәlilәrdә bu hal eynidir. Bu mövzunu burda izah etsәk yazımız olduqca uzun alınacaq. Qısa şәkildә desәk, bu, beynin tәkamül müddәtindә qazandığı analiz etmә şәklidir.



Amma beynimizin və bizim doğru düz işləyə bilməmiz üçün təbii ki, bu məlumatların bir şəkildə birləşdirilməsi və ona görə koordinasiyalı hərəkət edə bilməyimiz lazımdır. İki yarımkürə arasında məlumat axınını təmin edən corpus collosum adlanan beynin sağ və sol yarım kürəsini bir-birinə bağlayan qalın bir kabellər şəbəkəsidir (ya da neyronların diliylə aksonlar yumağı). Corpus collosum vasitәsi ilә beyninin sağ və sol yarımkürələri daim bir-biriylə məlumat transferi hәyata keçirir. Bir növ әlaqә saxlayır, “danışırlar”.



Bizim bu yazıda bəhs etmək istədiyimiz yarıq beyin faktı beynin iki yarımkürəsi arasındakı bu “danışığı” kәsdikdә ortaya çıxır. 1950-ci illərdə ağır epilepsiya xəstələrinin müalicəsi üçün “corpus callosotomy” adlı cərrahi olaraq corpus collusum boyunca bir kәsiklә ilə iki yarım kürə arasındakı ünsiyyəti kəsmək üsulu tәtbiq edilirdi. Fundamental olaraq epilepsiya tutmaları beynin fərqli nöqtələrində başlayıb bütün beynə yayılır. İki yarım kürə arasındakı ünsiyyəti kəssək, әn azından beynin hər hansı bir yarımkürəsindən başlayan bir epilepsiya tutması digər yarım kürəyə sıçraya bilməz ( corpus callosotomy hələ dә epilepsiya müalicəsində istifadə edilən bir üsuldur, tək fәrq bütün corpus collosumu kəsmək yerinə, müəyyən bir qisminin kәsilmәsidir).


Yaxşı, corpus collosumu kәsdikdә nə olur bu xəstələrə? İşin maraqlı tәrәfi çox da bir şeylәr olmur, yəni әn azı adi müşahidәçi üçün. Yarıq beyinli insanlar sizin, bizim kimi normal həyatlarına davam edə bilirlər. Yolda görsəniz fərqinә varmazsınız. Yarıq beyinli insanlar normal insanlar kimi koordinasiyalı, məqsədli və tutarlı davranışlar sərgiləməyə davam edə bilir, hər davranışları üçün beyinlərinin iki yarım kürəsi bir-birindən müstəqil və xəbərsiz əməliyyatlar icra etsə də. Yəni yarıq beyinli insanlar nə sağ yarım kürәyә doğru meyl edir, nə sola. Yaddaşları normal insanlara görə bir az daha zәif olur, normal insanlardakı yeganә diqqət mexanizmindən onlarda iki dənə var, (hər yarım kürə nәyә diqqәt edәcәyinә özü qərar verir, bir-birindən müstəqil şeylərə fokuslana bilirlər) amma onun xaricində elә dә çox böyük fərq yoxdur. Normal bir həyat müddətinә malik ola bilmələrinin arxasındakı ən əhəmiyyətli faktor beynin plastik quruluşu və sürətlə əskikliklərini aradan qaldıracaq kompensasiya mexanizmləri inkişaf etdirmələridir. Misal üçün, artıq sol əlləri haqqında sağ yarım kürədən məlumat gəlmədiyi üçün sol gözləri ilə sol əllərinə daha sıx-sıx baxırlar ki, orada baş verәcәklәri qaçırmasınlar. Təbii, bu, sol yarım kürənin sola ələ işi düşdüyü zamanlarda olur.



Normal həyatda gözlə görüləcәk elә böyük bir fərq olmasa da laboratoriya şərtlərində bu kompensasiya mexanizmləri dövrədәn çıxarıldığında əslində olduqca maraqlı fərqliliklər ortaya çıxır. Nevroloq Maykl Qezaniqa və Rocer Sperri bu sahədə etdikləri araşdırmalarla yarıq beyinli insanlara baxaraq normal beynin necə işlәdiyinә dair maraqlı nəticələr әldә ediblәr. Məsələn, yarıq beyinli birinin iki yarımkürәsinә iki fərqli şəkil göstərirlər: sağ gözünə toyuq ayağı (yəni sol yarım kürə yalnız ayaq rəsmi görür) və sol gözünə qarlı bir qış mənzərəsi rəsmi göstərirlər (yəni sağ yarım kürə də yalnız bunu görür). Daha sonra önlərində dayanan və iki yarım kürənin rahatlıqla görə biləcəyi bir neçә şəkildən bu iki şәklә uyğun şәkillәri seçməsini istəyirlər. Sağ yarım kürənin idarəsində olan sol əl bir kürəyə işarə edir (ki qar kürümәk üçün məntiqli bir seçimdir) və sol yarım kürənin idarəsində olan sağ əl isə toyuq şəkilinə işarə edir (toyuq ayağı üçün ən məntiqli seçimdir). İşin maraqlı tərəfi isә bu şəkilləri niyə seçdiyini soruşduqda başlayır. Danışma mərkəzimiz sol yarımkürədədir, beynimizin sağ yarımkürəsi dilsizdir. Sol yarım kürəsindəki danışma mərkəzi dərhal cavab verir “Ohoo, çox asandır. Toyuq ayağı toyuğa uyğundur”, onsuz da bildiyi bir şeyi asan şәkildә açıqlayır, sol yarımkürə toyuq ayağını görmüşdü onsuz da. Sonra kürəyə işarə etməkdə olan sol əlinə baxır və heç “dili dolaşmadan”: “Hini təmizləmək üçün də bir kürəyə ehtiyacın var” deyir. Niyə kürəyə işarə etdiyini bilməyən sol yarım kürə anında onu izah edici bir kontekstә yerləşdirir. Yerləşdirdiyi kontekst öz bildiyi ilə uyğundur, sol yarım kürəyә mәlum tək şey toyuq ayağıdır (yәni toyuq). Qarlı mənzərə haqqında heç bir fikri yoxkən kürəyi açıqlamalı olduğu üçün “Hımm, toyuqlar hini çirklədir, bunu da təmizləmək lazımdır”. Vә budur, evrika!


                 

Әslində, sol yarımkürə üçün doğru cavab “Bilmirəm” deməkdir, çünki həqiqətən bilmir. Amma sol yarım kürə bunu demir, bunu demək yerinə vəziyyətə uyğun bir açıqlama uydurur. Qazzaniqa beynin sol yarımkürəsindəki bu tip əməliyyatlara açıqlayıcı deyir. Açıqlayıcının vəzifəsi vəziyyətə uyğun, əldəki məlumatı açıqlayan hekayələr yaratmaqdır. Və sol yarımkürə bu mövzuda olduqca müvәfәqiytәtlidir, heç çәtinlik çәkmәdәn anında vəziyyətlərə uyğun, onları doğru və ya səhv açıqlayan hekayәlәr yarada bilir. Bu açıqlayıcı mexanizm əslində heç də yad olmadığımız, әksinә aşina olduğumuz bir şeydir. İçinizdə bir daxili səs vardır, hansı ki, həmişə sizinlә danışır, siz dә onunla danışırsınız.  Bu, sol yarımkürәnizdәki açıqlayıcı mexanizmdir. Bәhs etdiyimiz açıqlayıcı mexanizm olduqca yaxşı analitikdir. Planlarınızdan, sәbәb-nәticә әlaqәlәrinizdәn, gәlәcәyә dair fikirlәrinizdәn o mәsuldur. 

Bәlkә dә içinizdә bәzilәriniz “Mənim yarım kürələrim bir-birindәn ayrı deyil, mənim beynim belə şey etmir” deyә öz-özünә fikirlәşdi. Müәyyә dərəcə haqlısınız, sizin açıqlayıcı mexanizminiz bu şəkildə sağ vә sol yarımkürələrdəki fərqli məlumatlara bağlı olaraq sәhvlәr etmir, amma sol yarımkürənizdə belə hekayəlәr uydurmaqda mütəxəssisləşmiş, hər an sәhv etmәyә hazır bir açıqlayıcı mexanizmin olması yenə də bir az hürküdücüdür. Daha da pisi, psixoloq Nisbet və Vilson normal insanlar üzərində etdiyi bir ardıcıl, bir-birindən fərqli təcrübədə əslində, bizim də olduqca sıx bir şəkildə nəyi niyə etdiyimizi bilmədiyimizi, amma vəziyyətə ən uyğun şəkildə şәrh edәrәk davranışlarımızı açıqladığımızı, onlar üçün sәbәb vә mәqsәd uydurduğumuzu ortaya çıxardılar.
Məsələn, bir marketdә alış-veriş edən insanlara bir rəfdə sıra halında olan dörd məhsuldan hansını ən çox bəyəndiklərini soruşurlar və niyə o məhsulu bəyəndiklərini açılamalarını istəyirlər. Bir təcrübədə təsadüfi sıralanmış dörd fərqli pinjama, digər təcrübədə təsadüfi sıralanmış bir-birinin eynisi olan dörd corab istifadə edilir. Təcrübənin nəticələri olduqca çaşdırıcıdır. Hər iki məhsulda da ciddi nisbətdə soldan-sağa artan bir mövqe təsiri vardır, belə ki, sıraları dəyişdirilməsinə baxmayaraq ən sağdakı məhsul həmişə ən çox seçilən məhsul olur. Amma təcrübədә iştirak edәnlәrә niyə o məhsulu seçdiklərini soruşduqları zaman heç biri ən sağda olduğu üçün seçdiyini deməzlәr. “Görəsən, bu şәkildә soldan-sağa düzülmənin bir təsiri ola bilərmi? – deyə soruşulduğunda hamısı “Heç elə bir şey olarmı ?” –  deyə üsyan edib, niyə o məhsulu seçdiklərini qәribә amma inandırıcı şәkildә açıqlamağa başlayırlar, yəni sol yarım kürələrindəki açıqlayıcı mexanizm işә düşür.
Ya da bir başqa təcrübədə iştirakçı qruplarları üç fərqli diqqət yayındırıcı mühitdә bir sənədli film izləyir: diqqəti yayndıran heç bir şey olmayan mühit, diqqət yayındıran səs-küylü mühit və diqqət yayındıran görüntüdә fokuslama problemi yaşanan mühit. Sənədli filmi izlədikdən sonra sənədli filmә olan maraq, başqa insanların sənədli fulmdən nə qədər təsirlənəcəyi və ana xarakteri nə qədər simpatik hesab etdiklәri barәdә kateqoriyalar üzərindən qiymətləndirirlər. Fokus və sәs-küyün qiymətləndirmələrə heç bir təsiri olmur, bütün qrupların qiymətləndirməsi demәk olar ki, eyni olur. Fokuslanma problemi yaşanan qrupdakı iştirakçılar fokus pozuntularının qiymətləndirmələrinə bir təsiri olmadığının doğru olduğunun fərqinə varırlar, amma səs-küylü mühitdә film izlәyәn qrupdakılar, əslində səs-küyün qiymətləndirmələrinә təsir etmədiyi halda təsir etdiyini iddia edirlər. Səs-küyün necə diqqətlərini yayındırdığından şikayətlənirlər və bu diqqət yayınıqlığı və buna bağlı әsәblә necə obyektiv qiymətləndirə bilmədiklərindən bәhs edirlәr. Halbu ki, bütün dәyәrlәr eynidir.

Nisbet və Vilsonun vә onların açdığı yoldan irəliləyən onlarla psixoloqun etdiyi yüzlərlə təcrübəni burada izah etmәyә səhifələr bәs etmәz. Nəticələr həmişə bənzərdir, davranışlarımıza təsiri olan şeylərin təsirinin olmadığını hesab edirik, əsl təsiri olmayan şeylərin təsiri olduğunu hesab edirik. Әslində, әsasәn, davranışlarımızın hәqiqi səbəblərini bilmədiyimiz halda bildiyimizdən olduqca əminik və öz davranışlarımızı böyük bir inamla açıqlamada bizә çatacaq heç bir şey yoxdur, ya da sol yarımkürəmizdəki açıqlayıcı mexanizmә çatacaq heç bir şey yoxdur demәk daha doğru olar. Bilmədiyini qəbul etməyən, vәziyyәtә görə çox məntiqli hekayələr uydura bilən bir açıqlayıcı mexanizmlә yaşamaq çətindir, bunun fərqində belə olmamaq isə daha çox pisdir.

 


Nisbet və Vilsonun fәrqinә vardığı başqa əhəmiyyətli bir nöqtə isə bu açıqlayıcı mexanizmin özbaşına, təsadüfi işlәyәn nexanizm olmadığıdır. Tam tərsinə, olduqca sistematik bir sistemdir. Fərqli tәcrübә iştirakçıları həmişə eyni şəkildə yanılır, yəni hər kəs eyni vəziyyəti bənzər şəkildə açıqlayır. Hətta təcrübəyə qatılmayan kəslərə “Biz belə belə bir təcrübə edәcәyik, təcrübədә iştirak edәcәk olanların davranışları üzərindəki əsl faktor başqa bir şey olacaq, amma təcrübədә iştirak edәnlәr bunu bilməyəcək, səncә, bu halda bunu bilmədən davranışlarını necə açıqlayacaqlar?” deyə soruşulduğunda bu kəslər heç çətinlik çəkmədən iştirakçıların necə izah edәcәklәrini belə bilir. ” Bir insan corabı niyə seçər? Təbii ki, rəngi qarışığını nə qədər çox bəyəndiyinə görə, rəfdə harada dayandığına görə deyil hərhalda”.
Nisbett və Vilsona görә bu, yәni vәziyyәtә uyğun açıqlamalar yaşanılan təcrübədən qaynaqlanmır. Bunlar səbəb-nəticə nəzəriyyələri (a priori causal theory) ilə yaradıldılır. Yəni bir şey etdiyimiz zaman dönüb “Mən niyə belə davrandım görəsən”-deyә araşdırmırıq (elə etdiyimizi hesab etsәk dә), tam tərsinə, açıqlayıcı mexanizm işә düşüb əlindəki nəzəriyyələrdən hansı vəziyyətə ən uyğunsa ona görə bir açıqlama seçir.

Hamımız müəyyən bir ictimai birlikdə böyüyürük və bu ictimai topluğunun olduqca ahətəli bir davranışları açıqlama rəhbəri var. Biz başqa insanların davranışlarını düşündükləri, inandıqları, istədikləri, qorxuları, ümidləri kimi şeylər vasitəsi ilə bu açıqlama rəhbərini başqalarından sürətlə mənimsəyirik. Məsələn, Toğrul Ləmana hirslənib, çünki Toğrul Ləma ilə aralarından bir şeylər ola biləcəyini ümid edirdi, Ləman də sanki ilk başda bir şeylər olmasını istəyirmiş kimi idi, amma sonra dostlarının onun kimi biri ilə münasibət quracağını eşitdikdə nə deyəcəklərini düşünüb əlaqəni kəsdi. Toğrul təbii ki, məyus oldu. Çox kiçik yaşlardan etibarən bunlarla birlikdə böyüyürük, hər gün ətrafımızdakı insanların məna verə bilmədiyimiz davranışlarına bu tip açıqlamalarla məna qazandırmağa çalışırıq. Bütün bunlar xüsusuilə insanların öz aralarında söhbət etdikləri zaman olur. Öz davranışlarımıza da yenə bənzər söhbətlərdə bənzər şəkildə məna qazandırırıq : “Bir libas aldım. Ləman, onu görməlisən, qara məxmərdən tikilib, üzərinə parlaq ulduzlar işlənib, görər-görməz ağlım başımdan çıxdı!” İçində yaşadığımız cəmiyyətdən əldə etdiyimiz bu davranışları açıqlama rəhbəri səbəb-nəticə nəzəriyyələrimizin təməlini meydana gətirir.
Amma bu səbəb-nəticə nəzəriyyələri hər zaman yanlış deyil. Bəzi vəziyyətlərdə həqiqətən avtomatik olaraq qurduğumuz bu səbəb-nəticə əlaqələri doğru olur. Bir kürək fotoşəkili üçün ən məntiqli variant qar kürümək və ya nəyisə təmizləməkdir. Amma bir çox bəzi hallarda bunlar səhvdir, bir çox davranışımız əslində çox başqa faktorlar üzündən reallaşsa da biz onları bu ictimai açıqlama şablonu (öyrəndiyimiz açıqlama rəhbəri) ilə izah edirik. Əsl problem nə vaxt doğru açıqlaya bildiyimiz və nə vaxt hərəkətimiz üçün hekayə uydurduğumuzu bilməmək amma hər zaman hərəkətlərimizi düzgün açıqladığımız haqqında bir inancımızın olmağı, özümüzə güvənməyimiz və içimizdəki bu açıqlayıcı mexanizmin açıqlamalarına görə yaşamaqdır. Yəni əsl problem odur ki, sol yarım kürəmizdəki bu açıqlayıcı mexanizm bilmədiyini heç bir zaman qəbul etmir və hər bir halda həqiqətən bilirmiş kimi hər şeyi açıqlayır.

 
Yaxşı, bura qәdәr beynimizin oynadığı oyunlar barәdә danışdıq. Bildik ki, yarıq beyinli insanlarda artıq tәk yox, iki şәxsiyyәt yaranır. Bәs bu insanların şәxsi seçimlәri?
Vileyanur Ramaçandran adlı nevroloq (Kaliforniya universitetində San Dieqo Psixologiya bölümündə “Neuroscience” proqramının direktoru, professor) bu sualı özündən soruşdu və bunu araşdırmaq qərarına gəldi. Bunun üçün yarıq beyinli bir xəstəyə bu sualları verməyə başladı:
Ramaçandran- sağ beyin: Kaltek universitetindəsən?

Sağ beyin: Hə.
Ramaçandran: Aydasan?
Sağ beyin: Yox.
Ramaçandran: Kaliforniyadasan?
Sağ beyin: Hə.
Ramaçandran: Yatırsan?
Sağ beyin: Yox.
Ramaçandran: Qadınsa? (Xəstə kişidir)
Sağ beyin
: Hə.Sonra gülür. (Sağ beyində zarafat anlayışı var)
RamaçandranTanrıya inanırsanmı?
Sağ beyin: Hə

Eyni sual sol beyinə verilir.

Ramaçandran: Tanrıya inanırsan?

Sol beyin: Yox.

Bütun bunlar niyə belədir? Niyə beynimiz belə ziddiyyət içindədir? Niyə beynimizin yarısı inanclı, yarısı inancsızdır? Bu barədə dəqiq bir fakt məlum olmasa da ortada bəzi nəzəriyyələr var. Bu barədə qısaca bəhs edək:
Yuxarıda cəmiyyətdə yayılan səbəb-nəticə şablonlarından bəhs etdik. Həmçinin bilirik ki, sol beynimizdəki açıqlayıcı mexanizm bu səbə-nəticə nəzəriyyələrindən istifadə edir. Sağ beyində isə bu qabiliyyәt yoxdur. O, onları olduğu kimi qəbul edə bilir. Yəni sol beynimiz həm məntiqi düşünə, həm səbəb-nəticə əlaqələri arasından ən uyğununu seçib çıxara bilir. O daim açıqlama tapmağa çalışır inanmağa ehtiyacı yoxdur. Çünki hər biz suala cavabı var, hər bir şeyin cavabını bilir. O dahidir. Bəli, məntiqi düşüncənin zəif olduğu insanlarda sol beyin çox axmaq vəziyyətlərə səbəb ola bilər. Misal üçün havada gördüyü hər bir parıltıya UNO deyə bilər, işinin alınmamasını önündən keçən qara pişiyə bağlaya bilər. Amma məntiqi, elmi düşüncə və açıqlama mexanizmi ilə birlikdə əla nəticələr göstərə bilər. Məsələn, sizin hər hansı bir elm sahəsi üzrə marağınız var və sizə hələ sizə detalları məlum olmayan mövzudan bir sual verirlər. Siz düşünürsünüz və əlinizdəki məlumatlardan bir səbə-nəticə əlaqəsi ortaya atırsınız. Buna görə belədir, elədir. Əlbəttə, sizin cavabınız doğru və ya səhv ola bilər. Bu sizin fundamental biliyinizdən və məntiqi, elmi düşüncə qabiliyyətinizdən aslıdır.

Sağ beyində isə vəziyyət fərqlidir. Sağ beyində elmi, məntiqi düşüncə yoxdur, açıqlama verə bilmir. “Meymun gördü, meymun etdi” prinsipi ilə işləyir. Sadə və bəsit. Açıqlama verə bilmədiyi üçün bir çox şeyi olduğu kimi qəbul etməlidir. Məsələn, hər kəs tərəfindən qəbul edilən fikirləri, doğulduğu cəmiyyətin sahib olduğu inancları, adətləri. Onun bütün bunlar üçün verə biləcəyi açıqlama yoxdur, çünki açıqlama mexanizminə sahib deyil.
Lakin sağ beyni bu qədər aşağı görmək doğru olmaz. Bəlkə saydığımız “xarakter”lərə sahib olmaya bilər. Amma sağ beyin yaradıcıdır, sənətkardır. Dinlədiyiniz musiqilər, çəkilən rəsmlər, xəyal gücünüz və daha neçə gözəl şeydən o məsuldur.


Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: