Biologiya

İnsanın immunitet sistemi

Hamımız günümüzü başladıqda ağlımıza ilk gələn nə edəcəyimiz, hara gedəcəyimiz olur. Gün keçdikcə isə əldən düşürük və yeni bir günəbaşlamaq üçün yatırıq. Biz həyatımıza sakit şəkildə davam edərkən isə bədənimizdə gedən “dünya müharibəsindən” xəbərimiz yoxdur. Varlığı heç bilinməyən, lakin mövcudluğu yaşamağımız üçün çox vacib olan immunitet sistemi ilə tanış olun.

İmmunitet sisteminin necə işlədiyinə keçməzdən əvvəl onun necə vacib olduğunu fikrinizə çatdıraq. Son statistikalar Yerdə trilyonlarla bakteriya, virus və digər patogenlərinin olduğunu göstərir. Bu o mənaya gəlir ki, gündəlik həyatımızda getdiyimiz, oturduğumuz hər yerdə patogenlər var. Siz hər saniyədə təhlükədəsiniz. Bir virus bədəninizə düşən kimi bir hüceyrəyə daxil olub orda olan RNT-ni özünki ilə dəyişir və beləcə sizin o hüceyrəniz artıq milyonlarla həmin virusdan istehsal etməyə başlayır. Həmin yeni viruslar da yeni hüceyrələri zəbt edir və proses siz ölənə qədər təkrarlanır. Lakin bu o virus üçün elə də asan bir iş deyil. “Dağdan gəlib bağdankını qovan” virusun qarşısını alan immunitet sistemimiz var.


İmmunitet sistemimizin əsas hissələri:

Limfa vəziləri: Kiçik və noxud formalı strukturlardır. Onların işi infeksiya və xəstəliklərlə mübarizə aparan hüceyrə istehsal etmək və onları saxlamaqdır. Limfa vəziləri limfatik sistemin bir hissəsidir hansıki bundan başqa sümük iliyindən, dalaqdan və timusdan təşkil olunub. Limfa vəzilərində həmçinin limfa mayesi var. Bu maye vəzin istehsal etdiyi hüceyrələri infeksiya olan zaman bədənin müxtəlif hissələrinə daşıyır. Limfa vəziləri bədən xəstələnən zaman şişir və ağramağa başlayır.

Dalaq: Bədəndəki ən böyük limfatik orqandır. Dalaq bədənin sol tərəfində, mədənizin üstündə yerləşir. Patogenlər ilə vuruşan ağ hüceyrələrdən ibarətdir. Dalaq həmçinin bədəndəki qan səviyyəsini idarə edir və köhnəlmiş və ya zədələnmiş hüceyrələri ixrac edir.


Sümük iliyi: Sümüklərinizin ortasında olan sarı toxumadır. Ağ qan hücyerələri istehsal edir. Bu süngərə bənzər toxuma yetişməmiş (kök) hüceyrələrdən ibarətdir. Kök hüeyrələri bədənin istənilən növ hüceyrəsinə çevrilə bilən hüceyrələrdir.


Limfositlər: Bu kiçik ağ qan hüceyrələri bədəndəki infeksiya və xəstəliklərlə mübarizədə çox böyük rol oynayır. Limfositlərin iki növü vardır, B-hüceyrələri patogenlərə hücum edən antikorlar yaradır və T-hüceyrələri infeksiyaya yoluxmuş və xərçəng olmuş hüceyrələri məhv etməyə kömək edir. Alt qrup olan öldürücü T-hüceyrələri, adından göründüyü kimi infeksiyaya yoluxmuş və zədələnmiş hüceyrələri öldürür. Köməkçi T-hüceyrələri isə bədənin hansı patogenə necə reaksiya verəcəyini təyin edir.


Timus: Bu kiçik orqanda T-hüceyrələri yetişir. İmmunitet sistemindən danışıldıqda elə də populyar olmayan bu orqan döş qəfəsinin aşağısındadır və kəklikotu yarpağına oxşayır. Bu orqan lazım olduqda antikor istehsal etməyə başlayır hansı ki, əzələlərin gücdən düşməsinə gətirib çıxarır. Timus körpələrdə yetişkinlərə nisbətən böyük olur, cinsi yetkinliyə qədər inkişaf edəndən sonra kiçilməyə başlayır. Yaş keçdikcə isə yağla əvəz olmağa başlayır.


Leykositlər: Bu patogenlərlə mübarizə aparan ağ qan hüceyrələri immunitet sisteminin limfatik sistemdən sonrakı müdafiəsidir. Qanda ağ hüceyrələrinin çoxluğu leykositoz adlanır və infeksiya zamanı baş verir. Leykositlərə faqositlər (makrofajlar, neytofillər və dendritik hüceyrələr), mast hüceyrələri, eozinofillər və bazofillər daxildir. Bunların hər birinin nə iş gördüyünü izah etmək və anlamaq uzun vaxt tələb edir. Lakin əmin ola bilərsiniz ki, onların hər biri immunitet sistemi üçün çox vacibdir və biri olmasa bütün sistem alt-üst olar.


İmmunitet sistemi xəstəlikləri 

İmmunitet sistemi həmişə lazım olduğu kimi işləmir. Təbii ki, o qüsursuz deyildir. İmmunitet sistemi xəstəliklərindən ən adiləri və yaxşı tanınmışları allergik xəstəliklərdir (allergik rinit, asma və ekzema). Bunlar immunitet sisteminin təhlükəsiz şeylərə, məsələn toza qarşı həddindən artıq güclü reaksiya göstərməsidir.

İmmunitet sisteminin başqa və daha ağır xəstəlikləri avtoimmun xəstəlikləridir. Bu immunitet sisteminin bədənin özünə hücum etməsidir. Bu xəstəliklərə sistematik lupus eritematozromatoid artrit, Haşimoto tiroditi, I növ şəkərli diabeti misal göstərmək olar.

İmmunitet sisteminin yanlış və ya doğru işləməsi problemindən başqa onun ümumiyyətlə işləyib-işləməməsi də vardır. İmmunitet sistemi bəzi hallarda heç işləmir və insanın çox təhlükəli xəstəliklərə yoluxmasına səbəb olur. Bu hallar genetik xəstəliklər, İİV/QİÇS və immunitet sisteminin fəaliyyətini zəiflədən maddələrin qəbulu zamanı yaranır.

İmmunitet sistemini necə gücləndirməli

Bu əsasən genetikadan asılı bir şeydir. Lakin vaxt keçdikcə şəxsin öz qidalanmasına və istirahətinə laqeyd yanaşması immunitet sistemində problemlər yaradacaq. Sizin immunitet sisteminiz doğuşdan əla ola bilər. Ətrafınızdakı insanlar xəstələnərkən siz xəstələnməyə bilərsiniz. Ancaq bundan arxayınlaşıb öz sağlamlığınıza laqeyd yanaşmağınız sizə doğuşdan verilən güclü immunitet sistemini alt-üst edə bilər.

İlk öncə qidalanma və yuxu gəlir. Hər gün 8-10 saat yuxu və kütlənizə uyğun qida qəbulu immunitet sisteminin düz işləməsi üçün vacibdir. Bu iki şey qaydasında olduqdan sonra idman və psixi sağlamlığa baxmaq lazımdır. Stress, depressiya immunitet sistemini zəiflədən amillərdən biridir. İdman ilə isə siz bədənin möhkəmliyini artıracaqsınız.


Mənbələr və yararlı keçidlər:

UCSD: A Practical Guide to Clinical Medicine
Harvard Medical School: How to boost your immune system
NIH: Immune System
goo.gl/OKhHmy

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: