Biologiya

Genlərimiz xəyanət üçün fürsət axtarır.

Görəsən xəyanət davranışı genlərimizlə əlaqədar ola bilərmi? Əgər genlərimizlə əlaqədardırsa, bunda hansı genlər məsuliyyət daşıyır?

Evlilik: qarşılıqlı cinsi istəyi, bərabərliyi, həmrəyliyi və nəslin davamını təmin edən əlaqə formasıdır. Hər nə qədər nəslimizin davamını təmin etmək üçün evlilik lazım olmasa da ictimai və mədəni səviyyəmiz evliliyi bir zərurət olaraq bizə təqdim edir. Buna əks bir davranış sərgiləsək, ictimai qınağa məruz qala bilərik.

Xəyanət

Təbiətə baxdığımız zaman çoxnigahlı (poliqam) və birnigahlı (monoqam) bir çox canlıya rast gəlirik. Bu canlıların bəzilərində erkəklər bəzilərində isə dişilər poliqamdır. İnsanlara baxsaq, bioloji olaraq poliqam olmamızın qarşısında duran heç bir maneə yoxdur. Lakin qeyd etdiyimiz kimi mədəni və ictimai struktur buna çox da müsbət yanaşmır. Hər bir cəmiyyət olmasa da, bir çox cəmiyyət birnigahlılığı mənimsəmişdir. Bunun ən əhəmiyyətli səbəbi isə çoxnigahlılığın ailə həssaslığına və övladların inkişafına pis istiqamətdə təsir göstərməsidir.

Çoxnigahlılığın erkəklər üçün təkamül üstünlüyü olduğunu söyləyə bilərik. Çünki erkəklər dişilərdən daha artıq çoxalma qabiliyyətinə malikdir. Buna görə də daha çox törəyərək genlərini daha çox balaya köçürə bilirlər. Lakin məhdud çoxalma qabiliyyətinə sahib olan dişinin poliqam əlaqə davranışı sərgiləmə meylində olmasının təkamül üstünlüyü hələ tam olaraq dəqiq deyil.

Cəmiyyətimizdə və digər cəmiyyətlərdə xüsusilə kişilərin daha çox xəyanət etməsinin səbəbi əslində çoxalma instinktdidir. Bu instinkt xəyanətin ən əsas səbəbi olan sədaqətsizliyə gətirib çıxarır. Yekunlaşdırsaq, xəyanətin səbəbi sədaqətsizlik, sədaqətsizliyin səbəbi instinktlərimiz, instinktlərimizin səbəbi isə genlərimizdir. Bəli, bir çox davranışın təməlində olduğu kimi bu davranışın da təməlində genlərimiz yatır.

Queensland Universitetində aparılan bir araşdırma xəyanətin yalnız ətraf mühit amilləri ilə açıqlana bilməyəcəyini, bu davranış üzərində genlərin də böyük ölçüdə təsirinin olduğunu göstərdi. Yaşları 18-49 arasında olan və ən azı 1 il nigah münasibətlərinə sahib 7737 Finlandiyalının qatıldığı araşdırmada araşdırmaçılar kişi sədaqətsizliyinin 62%-nin, qadın sədaqətsizliyinin isə 40%-nin genlərdən qaynaqlandığını ifadə etdilər.

Xəyanət genlərimizlə əlaqədardırsa, bu davranışdan hansı genlər məsuldur?

Xəyanət kimi kompleks davranışlar üçün müəyyən bir gen tərif etmək çox çətin olsa da, qadınlarda və kişilərdə bəzi hormonların və bu hormonların reseptorlarının (qəbuledicilərinin) sədaqət duyğusunda effektiv olduğunu deyə bilərik. Təbii ki, bu hormon və reseptorları anlamamız üçün bunların sintezini tənzim edən genləri araşdırmaq lazımdır.

AVP geni 20-ci xromosomda, AVPR1A geni 12-ci xromosomda yerləşir. AVP geni vazopressin adlanan hormonun sintezini, AVPR1A geni isə vazopressin hormonunun reseptorlarının sintezini tənzim edir.

Bu reseptorların beyində olduğu mövqeyə görə sədaqət davranışı təsirlənə bilir. Tarla siçanları və dağ siçanlarıyla edilən bir araşdırmada Vazopressin hormonu və reseptorları araşdırılmışdır. Vazopressin hormonu hər iki tip siçanın bədənində mövcud olsa da, reseptora bağlanmadığı müddətdə vəzifəsini yerinə yetirə bilmir. Reseptoru olmayan hormon açarı olmayan kilid kimidir. Monoqam siçanlarda reseptorlar beynin zövq mərkəzindədir və erkək tarla siçanı cinsi əlaqəyə girdiyində bu hormonu reseptorlar qəbul edir. Beləcə erkək duyduğu zövqü eyni bir dişi ilə əlaqələndirməyi öyrənir və davamlı olaraq onunla birlikdə olmaq istəyir. Dağ siçanı erkəklərində isə reseptorlar beynin başqa bir qismində olduğu üçün eyni bir dişi ilə davamlı cinsi əlaqə yaşaya bilmir.

Stokholmda yerləşən Karolinska İnstitutunda aparılan başqa bir araşdırmada AVPR1A – 334 allelindən 2 dənə olan kişiləri, yoldaşlarına bağlılıq mövzusunda böyük problemlər yaşadığı təsbit edildi. Ayrıca, Queensland Universitetində edilən araşdırma AVPR1A geninin qadınlarda da aldatma meylini gücləndirdiyini göstərdi.

OXT geni oksitosin hormonunun sintezini, OXTR geni isə bu hormonun reseptorlarının sintezini tənzim edir. OXT ilə göstərilən və oksitosin geni olaraq adlandırılan gen 20-ci xromosomda, OXTR geni isə 3-cü xromosomda yerləşir.

Oksitosin hormonu sevgi bağlarının bərkiməsini, analıq duyğularının oyanmasını, ictimailəşməyi və köməkləşməyi təmin edir. Oksitosin qadınlarda çoxalmada rol oynayan hormon olaraq daha çox bilinməkdədir. Bu hormon doğum əsnasında və sonra ana bədənindəki bir sıra təsirlər səbəbiylə ən əhəmiyyətli analıq hormonları arasında göstərilir. Edilən araşdırmalarda bədəndə oksitosin hormonunun miqdarının artması insanı sevgi dolu, etibarlı, anlayışlı, mərd və mərhəmətli etdiyi halda, hormonun miqdarındakı azalma bu xüsusiyyətlərdən məhrum bir vəziyyətə salır. Ayrıca, oksitosin “qucaqlaşma” hormonu olaraq da bilinir və qarşı cinsə bağlanmağı təmin edir. Oksitosini buna görə sədaqət hormonu olaraq da adlandıra bilərik. Oksitosin də reseptorların beyində olduğu yerlərə görə sədaqətliliyə fərqli təsir edə bilir.

DBH geni 9-cu xromosomda yerləşir və dofamin adı verilən bir maddənin sintezini təmin edir. Dofamin “xoşbəxtlik hormonu” olaraq da adlandırılır. Aparılan bir araşdırmada eyni partnyorla davamlı əlaqədə dofamin artımının heç olmadığı və ya çox az olduğu müşahidə edilmişdir. Lakin partnyor dəyişdiyi zaman beynin daha çox dofamin ifraz etdiyi görülmüşdür. Seks düşkünlərinin həddindən artıq partnyor dəyişdirmə meyli də bu şəkildə açıqlanır. 2010-cu ildə edilən başqa bir araşdırmada isə 11-ci xromosomda olan və dofamin reseptorlarından birininin sintezini tənzimləyən DRD4 geninin müəyyən bir variantını daşıyanların (DRD4-7R alleli), xəyanətə və bir gecəlik əlaqələrə daha meylli olduğu görüldü. DRD4 geninin bu variantına sahib olanların 50%-i yoldaşlarını aldatmışkən, bu nisbət digərlərində 22%-dir.

Nəticə

Sevgi bağlanmadır. Xəyanət isə bu bağın zəifləyib qopmasıdır. Bu səbəbdən sevgiyə təsir edən hormon-reseptor komplekslərini meydana gətirən genlər bilavasitə ya da birbaşa olaraq sədaqət duyğusuna və aldatma meylinə də təsir edir. Vazopressin, oksitosin, dofamin və bunlar kimi bir neçə hormon bizim sevgi həyatımızı və yoldaşımıza qarşı sədaqətimizi təşkil edir. Buna görə də insanların və digər canlıların yoldaşlarına hansı səbəbdən sadiq qalıb-qalmadığını anlamanın sirri bu bir neçə hormonu və bu hormonların reseptorlarını meydana gətirən genlərdə yatır. Bunu qəti şəkildə unutmamalıyıq: Genlərimiz xəyanət üçün fürsət axtarır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: