BiologiyaElmi xəbərlərHəyatın təkamülü

Bakteriyalar dinləri yaya bilər

Mütəxəssislərin rəyinə görə, dünyada dini inancların sürətlə yayılmasının səbəbi bakteriyalar vasitəsi ilə yayılan infeksiyalar ola bilər.

Moskva Dövlət Universitetindən olan bioloqların olduqca maraqlı və eyni zamanda birmənalı olmayan nəticələri Biology Direct nəşriyyatında dərc edilib. Mütəxəssislər bu dəfə müxtəlif mikroorqanizmlərin insan beyninə necə təsir göstərərək, onu yenidən proqramlaşdıra biləcəyini araşdırıblar. Alimlər güman edir ki, bakteriyalar insanlar arasında dindarlığı artırmaq bacarığına malikdirlər.

Daha əvvəlki tədqiqatlardan məlumdur ki, parazitlər insanların davranışlarını manipulə etməyə qadirdir. Bakteriyalar canlıları daxildən “istədikləri” yöndə idarə edə bilir.  Məsələn, Wolbachia bakteriyası həşəratları çoxalmağa təşviq edir: bunun sayəsində parazit özü də çoxalmış olur. Məlumdur ki, donqar milçəklərin sürfəsi arıları “zombiləşdirir”. Ophiocordyceps göbələkləri isə qarışqaları müəyyən bir mərhələdə ölməyə vadar edir ki, bu da daha çox sayda qurbanın yoluxması üçün zəruridir.

Sözsüz ki, məməlilər də burada istisna deyil. Toksoplazmanı xatırlayaq: onun sayəsində siçanlar pişiklərdən qorxmamağa başlayır ki, bu da öz növbəsində bu gəmiriciləri ovçuları üçün daha əlçatan edir. İnsanlara gəldikdə isə bu parazit ağla suiqəsd fikrini yeridə və qeyri-rasional davranışlar etməyə çağıra bilər.

Rusiyalı alimlər hesab edir ki, dini inancların da oxşar yolla yayılması ehtimalı var: başqa deyimlə, ola bilsin ki, dinlərin insanlar arasında sürətlə yayılmasına bağırsaqda yaşayan mikroorqanizmlərin fəaliyyəti səbəb ola bilər. Bu qənaətə ən tutarlı arqument budur ki, bağırsaq mikroflorası beynin sinir hüceyrələrinə təsir göstərmək bacarığındadır – insanın əhval və davranışlarındaki dəyişikliklər bununla əlaqəlidir.

Tədqiqatçılar sözü buna gətirir ki, dünyanın ən yayılmış dini inanclarında xüsusi ayinlərə böyük rol ayırılır, bu ayin prosesləri müddətində isə insanlar rahatlıqla bir-birinə müxtəlif xəstəliklər yoluxdurur. Misal olaraq xristianların yevxaristiyasını və müsəlmanların həcc ziyarətini qeyd etmək olar. Daha bir nümunə induizm inancının tələb etdiyi çirklənmiş Qanq çayına girmə ayinidir. Bioloqlar bununla yanaşı daha bir maraqlı nəticəyə gəlib. Əksər dinlər kontrasepsiyaya (hamiləliyin qarşısının alınması) mənfi münasibət bəsləyir, kontrasepsiya isə, məlum olduğu qədərilə, bir çox xəstəliyin yayılmasını dayandırır. Ehtimal ki, bu səbəbdən inanclıların psixologiyası abortu həzm edə bilmir: bunu bakteriyalar istəmir.

Qeyd etmək vacibdir ki, bioloqların belə qənaəti yalnız nəzəri olaraq əsaslandırılır. İnsan orqanizmində həddindən artıq çox bakteriya yaşadığı üçün hal-hazırda bu nəticəni eksperiment çərçivəsində sınaqdan keçirmək qeyri-mümkündür, alimlər deyir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: