Beyin/PsixologiyaElmi xəbərlərHəyatın təkamülü

Vurğunluq beynin boz maddəsinin həcmini azaldır

Frontiers in Psychology jurnalında dərc edilən xəbərə əsasən, yapon alimlər sevgi hissini beyin qabığının zolaqlı cismindəki boz maddənin həcminin azalması ilə əlaqələndirirlər.

Məlum olduğu qədərilə, aşiqlik halı beynin funksional dəyişikliklərilə bağlıdır. Bu, artmış hormon (məsələn, dopamin) hasili və zolaqlı cisim (striatum) də daxil olmaqla, mükafatlandırılma sistemində neyronlararası qarşılıqlı əlaqənin artması ilə müşayiət olunur. Lakin vurğunluğun neyron korrelyatı sonacan öyrənilmədiyi üçün zolaqlı cisimdən savayı beynin hansı strukturlarının bu halı xarakterizə etdiyi qaranlıq qalır.

Daha əvvəlki tədqiqatlar göstərmişdi ki, sevginin ilk günlərində insanlarda koqnitiv nəzarət zəifləyir: bir sıra psixoloji testlərin yekununda bu nəticəyə gəlmək olar. Bunun nədən qaynaqlandığını aydınlaşdırmaq üçün Milli Fiziologiya Elmləri İnstitutundan olan alimlər maqnit-rezonans tomoqrafiya (MRT) köməyilə 56 aşiqin halıyla yaxından tanış olublar. Nəzarət qrupunda iştirak edən 57 nəfərdən isə heç biri münasibətdə deyildi.

İştirakçılar yeddi ballıq subyektiv xoşbəxtlik şkalasını (SHS) doldurduqdan sonra, onların beyin göstəriciləri öyrənilib. Nəticələrə əsasən, aşiqlər qrupunda orta SHS balı daha yüksək olub: 5,1±0,1; sevgi münasibətlərində olmayanlarda isə göstərici 4,6±0,2 olaraq qiymətləndirilib. Bununla yanaşı aşiqlərin beynində struktur dəyişiklikləri qeydə alınıb. Beləliklə, striatumda boz maddənin qalınlığının müəyyən qədər azalmış olduğu dəqiqləşdirilib. Alimlər qruplar arasında başqa fərqliliklərin tapılmadığını bildirirlər.

Bununla belə alimlər araşdırmanı daha bir neçə dəfə təkrarlamaq lazım olduğunu deyirlər. Onlar, bəzi aşiqlərin boz maddə həcminin əvvəldən az ola bilməsini də istisna etmirlər. Boz maddənin qalınlığının əqli bacarıqlarda necə əks olunduğunu anlamaq üçün təcrübə ilə yanaşı əlavə psixoloji testlərin də keçirilməsi nəzərdə tutulur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: