Beyin/Psixologiya

Azad iradə varmı?

Psixoloq Fuad Əsədovun məqaləsi

Azad iradə varmı? Bu sual qədimdən bəri insanların müzakirə mövzusu olmuşdur. Bir iradəyə sahibikmi? Hərəkətlərimizə və dediklərimizə nə dərəcədə nəzarət edə bilərik? Etdiklərimizdən məsuliyyət daşıyırıqmı? Bütün bu suallara cavab verə bilməyimiz üçün məqalə boyunca bir çox faktları sadalayacam. İlk öncə onu deyim ki, son zamanlara qədər iradə neyropsixoloqların və biheoveristlərin elmi olaraq qəbul etmədikləri bir şey idi. Çünki əllə tutula biləcək möhkəm dəlillər yox idi.

 

 

Lakin son illərdə aparılan araşdırmalar beyinin prefrontal və parietal kortekslərinin könüllü davranışlardan məsuliyyət daşıdığını aşkarladı. Amma könüllü davranışlar nə dərəcədə könüllüdü və bizdən asılıdır? Tədqiqatlar göstərir ki, pedofil meylləri olan insanların əksəriyyətində bir çox beyin pozuntuları müşahidə olunur. Xüsusilə beyinin orbitofrontal korteksində yaranan şiş yetkin və mədəni bir insanın uşaqlara qarşı cinsi istək bəsləməsinə səbəb ola bilər. Cərrahi əməliyyatla bu şişi kəsib götürdükdə insan yenidən normala dönür. Pedofiliya kimi əxlaqsız hərəkət dünya üzərində yaşayan əksər insanın nifrət etdiyi bir şeydir.

 

 

Lakin unutmaq lazım deyil ki, bizim nifrət etdiyimiz şey sadəcə bir xəstəliyin görünən tərəfidir. Və həmin xəstəlik aradan qalxarsa nifrət etdiyimiz insan çox hörmət bəslədiyimiz insana çevrilə bilər. Yeri gəlmişkən deyim ki, bu gün Amerikada özündə pedofil meyllər hiss edən insanlar həkimə gedərək beyinlərində nə olduğunu araşdırmalarını istəyirlər. Bu zaman böyük ehtimalla orbitofrontal korteksdə şiş olduğu üzə çıxır və cərrahi əməliyyatla bu problem aradan qaldırılır. Homoseksuallıq ya da hetereseksuallıq, mədənilik ya da aqressivlik bizim öz seçimlərimiz kimi görünür. Lakin ən səthi araşdırma bütün bu seçimlərin beynimizdəki neyron mexanizmləri tərəfindən tənzim olunduğunu göstərir. Hər birimizin beynində üzə çıxarsa utanacağımız fikirlər, arzular və istəklər var. Lakin daha müsbət və əxlaqlı düşüncələr onları frontal lob adlanan alın payımızın dərinliyinə sıxışdıraraq üzə çıxmasına əngəl olur.

 

 

Biz kimisə yanlış seçimlərindən dolayı qınaya bilərik, lakin öz frontal lobumuzda hansı iyrənc fikirlərin yer aldığından xəbərimiz varmı? Bəlkə də sabah beynimizdə olan hansısa mikroskopik dəyişiklik bizi nifrət etdiyimiz insana çevirəcək? 1960- cı ildə Çarlz Whitman adlı mədəni bank işçisinin beyninin amiqdala hissəsində balaca bir şiş yarandı. Yüksək zəkaya sahib və sakit bu insan bu şişin təsiri ilə əvvəlcə anasını və həyat yoldaşını, sonra isə Texas Universitetindəki 11 tələbəni öldürdü. Həmçinin 33 nəfəri də ağır yaraladı. Çünki beynində yaranan şiş qəzəb mərkəzi olan amigdalaya təsir etmişdi. Neyrofiziologiya bu kimi halları araşdıraraq insanları qınamazdan əvvəl iki dəfə düşünməmizə səbəbiyyət verən mexanizmanı kəşf etdi. Frontatemporal demans adı verilən xəstəlikdə beyinin alın payı ciddi şəkildə dəyişikliyə uğrayır. Bu da alın payının dərinliklərində yatan cəmiyyətə uyğun olmayan fikirlərin və hərəkətlərin üzə çıxmasına səbəb olur.

 

 

Həm frontal, həm də temporal lobun pozuntusu ilə müşahidə olunan bu hal seçimlərimizin nə qədər bizdən asılı olduğu fikrini yenidən müzakirə etməyimizə zəmin yaradır. Frontatemporal demanslı xəstələr ya oğurluq edir, ya söyüş söyür, ya insan öldürür ya da başqa düzgün olmayan davranış sərgiləyirlər. Həbs olunan insanların müayinəsi zamanı 57 % – də bu xəstəliyin olduğu aşkar edilmişdir. Cəmiyyət tərəfindən xoş qarşılaşmayan vərdişlərdən olan qumar oyununa aludə olanları qınamazdan əvvəl bir fakta diqqət edək. Dopamin maddəsinin azlığı nəticəsində yaranan Parkinson xəstəliyinin müalicəsi zamanı pramipeksol adlanan dərmandan istifadə edirlər. Bu dərman dopamin ifrazını artıraraq xəstəliyi sağaldır. Amma bu zaman dopaminin lazım olan həddən çox ifrazı nəticəsində insanlar qumar oyununa qarşı böyük maraq duyarlar. Daha əvvəl qumardan nifrət edən insanlar belə kazinolarda böyük sərvət itirməyə başlayırlar. Siz qumar oynayan bir insana saatlarla məsləhət verə və bu oyunun ziyanlarından danışa bilərsiniz. Lakin onun beynində olan bu dəyişikliyi aradan qaldırmadıqca nəfəsinizi boşuna xərcləmiş olacaqsınız.

 

 

Çünki onlar bu oyunu öz iradələrinin seçimi ilə oynamırlar. Və onsuz da azad iradə deyilən şey yoxdur. Çox vaxt ” genetika yoxsa mühit ” başlığı altında müzakirələr təşkil olunur. Bu suala ən doğru yanaşma heç birini seçməməkdir. Çünki nə genləri, nə də həyatımızın ilk illərindəki mühiti biz seçmirik. Biz şablon genlərlə şablon mühitdə doğuluruq və necə bir insan olacağımız həyatımızın ilk iki ilində əksərən həll olunur. Ana bətnində olan təsirlər, doğum zamanı dünyaya necə gəlməyimiz, uşaqlıqda hansı havada nəfəs almağımız, yanımızda birinin siqaret çəkməsi, yıxılan zaman haramızı əzməyimiz və s. bu kimi hallar bizim xarakterimizin böyük hissəsini formalaşdıran amillərdi. ” Mənim iradəm var ona görə qumar oynamaram ” deyə bilərsiniz, amma sizə verəcəyimiz adi dərman sizi qumardan asılı vəziyyətə sala bilər. Ona görə də ” mən bunu etməzdim ” deməzdən əvvəl birdə düşünün.

 

 

Etdiyiniz şeylər azad iradə ilə özünüzün seçdikləridi yoxsa beyninizin sizə diqtə etdikləridir? Özünüzü bir başqasının yerinə qoya bilməzsiniz, çünki beyinləriniz fərqlidir. Ən məşhur silsilə qatillərdən olan Ted Bundy kimi olmağı heç vaxt xəyal belə edə bilməzsiniz. Genetikanın insan həyatında önəmli rol oynamadığını düşünürsünüzsə aşağıdakı statistikaya diqqət etmənizi tövsiyə edirəm. Özündə şiddən barındıran əməllər etmiş cinayətkarların genomunda xüsusi bir gen qrupunun olduğu sübut olunmuşdu. Həbsdə olan dörd milyon insan üzərində araşdırma aparılaraq aşağıdakı nəticəyə gəlmişlər. Ağır cinayət işləyənlərin 3.419.000 nəfərində bu genlər vardır. Buna qarşılıq bu genlərə sahib olmayıb ağır cinayət işləyənlər cəmi 435 mindir. Bu rəqəmin üç milyonun yanında necə kiçik qaldığını görürsünüz hər halda. Bu o deməkdir ki, bir ildə cinayət işləyənlərin demək olar ki, hamısında onları bu cür deviant davranışa aparan genlər var. Həmçinin adam öldürən insanların 14.835 də bu genlər var.

 

 

Lakin bu genlərə sahib olmayıb adam öldürən insanların sayı cəmi min nəfərdi. Eyni şəkildə bəlli genlərə sahib silahlı soyğun edən insanların sayı iki milyon, genlərə sahib olmayıb eyni cinayəti edən insanların sayı isə 154 mindir. Qeyd etmək yerinə düşər ki, Amerikada ölüm cəzasına layiq görülən insanların 98 faizində bu genlər var. Bu o deməkdir ki, onlar artıq dünyaya gələndə bəlli idi ki, 98% ehtimalla cinayətkar olacaqlar. Belə olmaq heç birinin seçimi deyildi və bu davranışı iradi formada həyata keçirməyiblər. Yeri gəlmişkən xüsusi bir gen var ki, o insanı daha aqressiv edir. Bu gen Y geni adlanır və dünya əhalisinin 50% də rast gəlinir. Və əgər sizdə bu genin daşıyıcısınızsa deməli kişisiniz. Demək istədiyim o deyil ki, hər şey genlərin və beyin hüceyrələrinin üstünə atılaraq cinayətkarlara bəraət verilsin. Sadəcə düşünürəm ki, gələcəkdə hüquq sistemi neyropsixologiya ilə birlikdə işləsə daha yaxşı olar. Sirkdə göstərilən tamaşalar zamanı bir çox hallarda heyvanlar kontroldan çıxaraq öz baxıcılarını öldürmüş, daha sonra tamaşaçılara hücum çəkiblər. Bu halda son anda həmin heyvanlar polislər tərəfindən öldürülür.

 

 

Onları birdən birə bu şəkildə fərqli davranışa sürükləyən şey beyinlərində olan dəyişikliklərdi. Amma məsələ heyvanlar olanda bizə onların nə səbəbdən belə etdikləri önəmli deyil. Göründüyü kimi bu hallarda polislər nəyi etmək lazımdırsa onu edirlər. İnsanların zərər görməsinin qarşısını almaq üçün heyvanları öldürürlər. Sosyapat davranış sərgiləyən cinayətkarların da səbəbi heyvanlarda olduğu kimidir. Hətta beyin bölgələri belə eyni adlanır. Hipotalamus, korteks, hipokamp, akumbens. Lakin məsələ insanlar olanda biz bunları düşünmədən hər şeyin azad iradənin seçimi olduğu qənaətinə gəlirik. Cəmiyyət içində söyüş söymək hamımız tərəfindən xoş qarşılanmayan davranış modelidir və belə edən insanları da hər zaman tənqid edirik. Amma tourette sindromlu insanlar özlərindən asılı olmadan söyüş söyürlər, çünki frontal loblarında ilk düşündüyü şeyi dilə gətirməyin qarşısını alan mexanizmdə problem var. Onlar artıq çəkilərdən əziyyət çəkən insanı görəndə o dəqiqə şişman deyə bağırırlar.

 

 

Bu iradi seçim deyil, beyininin ona diqtə etdiyidir. Yaxud foreign hand ( yad əl) sindromunu nümunə çəkmək olar. Beyin yarımkürələri arasında əlaqə pozulduqda rast gəlinən bu sindrom insanın bir əlinin öz-özünə hərəkət etməsi ilə müşahidə olunur. Bu, məşhur qorxu filmi olan Evil Devil 2 də olan hadisə ilə demək olar ki, eynidir. Bu kinoda baş qəhrəmanın sol əli onu öldürməyə çalışır, o isə sağ əli ilə digər əlini tutur. Filmin sonunda baş qəhrəmanın sol əlini kəsməkdən başqa çarəsi qalmır. Yad əl sindromunda da şəxsin bir əli onun iradəsindən asılı olmadan hərəkət edir. Məsələn, insan sağ əli ilə kitab götürən zaman sol əli kitabı alıb yerə çırpır. Yaxud da bir əl köynəyi düymələyərkən digər əl düymələri açır. Belə xəstələr adətən özbaşına hərəkət edən əllərinə səsli əmrlər verərək onu zəbt etməyə çalışırlar. Məsələn ” dayan ” deyə qışqırırlar və bu zaman beyinə nəhayət sahibinin nə istədiyi ” aydın olur “. Təkcə bu fakt iradə anlayışının nə qədər nisbi olduğunu gözlər önünə sərir. 1986-cı ildə baş verən bir hadisə burda yerinə düşərdi.

 

 

O il Kenneth Parks adlı bir insan yuxudan durur və maşınına oturur bir neçə kilometr yol gedərək qaynanasını öldürür. Daha sonra əli qanlı şəkildə polisə gedərək ” deyəsən kimisə öldürmüşəm ” deyə qəribə bir etiraf edir. Maraqlı burasında idi ki, Kenneth sonradan etdiklərini xatırlamırdı. Psixoloqlar iki il boyunca onun üzərində araşdırmalar etdilər və onda parasomnia xəstəliyinin olduğunu aşkarladılar. Bu xəstələr yuxuda olarkən gəzir, nələrsə edir və bunların heç birini xatırlamırdılar. Tədqiqatçılar Kenneth Parksı EEQ ilə yoxladılar. Əgər normal insanlar yuxudan ayılan zaman dərin yuxu fazasından yüngül yuxuya sonra isə oyanıqlığa keçirlərsə, Kenneth kimi insanlar dərin yuxudan birbaşa oyanıqlığa keçirlər. Psixoloqların araşdırması Kenneth Parksın bir gecədə iyirmi dəfə parasomnia halına keçdiyini üzə çıxır.

 

 

Psixoloqların araşdırması Kenneth Parksın bir gecədə iyirmi dəfə parasomnia halına keçdiyini üzə çıxardı. Normal insanlarda bu hal heç bir dəfə də olmur. Beləcə Kenneth məhkəmədən bəraət aldı. Bu kimi faktlar azad iradənin olduğunu ciddi şəkildə sual altında qoysa da elm dairəsinin bir nəticə çıxarması üçün kifayət etmirdi. Fəlsəfəçilər və filosoflar hələdə bu barədə mübahisələr edirdilər. Çünki nə də olmasa insanoğlunun ən təməl özəlliklərindən sayılan iradə və azad seçim etmə qabiliyyətinin əslində böyük bir aldatmacadan ibarət olduğu görünürdü. Nəhayət Benjamin Libet adlı bir alim bu məsələyə elmi şəkildə nöqtə qoymaq qərarına gəldi. Onun məqaləsini nature neurescience jurnalından daha ətraflı oxumağınızı məsləhət edir və burda qısa şəkildə izah edirəm. Onun apardığı təcrübə öz sadəliyi ilə seçilirdi. İnsanların beyninə elektrotlar düzülür və ondan istədiyi vaxt əlini hərəkət etdirməsi xahiş olunurdu.

 

 

Könüllü əlini istədiyi vaxt hərəkət etdirə bilərdi. Ani olaraq qərar verməli və əlini hərəkət etdirməli idi. O həqiqətən də belə edirdi. Amma kompyuterdə onun beyin dalğalarına baxan alimlər o əlini tərpətməmişdən əvvəl beyin dalğalarında bir aktivləşmə gördülər. Əvvəlcə əlini hərəkət etdirməsi ilə bağlı beyin bölgələri oyanır, daha sonra adam əlini hərəkət etdirməklə bağlı qərar qəbul edirdi. Yəni insan bir qərarı qəbul etdiyinin fərqinə varmadan beyindəki neyron mexanizmləri çoxdan işi bitirmiş olur. Beləliklə bir daha sual olunur. Deməli iradə yoxdur? Bu sualın cavabını bir elm insanı olaraq ” xeyr, iradə var ” şəklində qura bilmirəm. Amma sadə bir insan olaraq ” iradə yoxdur ” cavabını da verə bilmirəm. Azad seçim etmə qabiliyyətinə sahibikmi yoxsa hər şeyi beyinmi həll edir? Amma bir dəqiqə. Beyin nədir ki? Beyin elə biz özümüz deyilikmi? Fərz edək ki, yuxarıdakı suala belə bir cavab verilir. İradə var və heç də hər şeyi beynimiz etmir. Amma iradəmizin olduğunu düşündürən şey də beyindir və iradə də məhz beyinin içində yaranır.

 

 

Yeri gəlmişkən qeyd edim ki, iradənin olmadığı fikrinə qarşı çıxan iki fizik teoriyası vardır. Birincisi Heisenbergin ” Bəlirsizlik teoriyası ” və məşhur ” Xaos ” teoremi. Hər ikisi kainatın başdan – başa nizamsızlıq və xaos üzərinə qurulu olduğunu elmi şəkildə sübut etmişdilər. Bəlirsizlik dünyasında əgər bir iradəyə sahib deyiliksə etdiklərimizi necə açıqlamaq olar? Həm deyirik ki, hər şey bəlirsizdi həm də deyirik ki, bizdən asılı olmadan beyin tərəfindən hər şey bəlirlənib. Mənim fikrimcə bu fizika ilə psixologiyanı əlaqələndirmək üçün edilən uğursuz cəhddir. Çünki sadə bir fəlsəfi yanaşma ilə neyropsixologiyanın kəşflərini bir kənara tullamaq çox mənasız gəlir. Ona görə də bu mövzuda ortaq qərara gəlmək istəsək deyəcəyimiz tək şey var. Bizdə olan seçim etmə qabiliyyətinə bütün bu yuxarıdakı elmi faktları da nəzərə alaraq iradə deyə biliriksə, bəli bir iradəyə sahibik. Amma bu iradə anlayışı çox insanın düşündüyü iradə məfhumundan tamamilə fərqlidir.

 

Müəllif: Psixoloq Fuad Əsədov

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platformasının redaktoruyam. Yaşıl elm vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: