Astronomiya

Yer qədimdə supernova partlayışına məruz qalıb

2,7 milyon il əvvəl baş vermiş supernova partlayışı Yerdəki qlobal buzlaşma dövrü və ilk insan əcdadlarının peyda olması ilə üst-üstə düşüb. Okean çöküntüləri analizi maraqlı nəticələr təmin edib.

Cəmi bir neçə milyon il əvvəl, Yerdən 300 işıq ili uzaqlıqda supernova (ifrat yeni ulduz) partlayıb. Uzaq əcdadlarımız olsa bilsin ki, partlayışın gur işartısını izləyib, ondan zövq alıblar. Lakin tezliklə partlayışın atdığı hissəciklər buludu Günəş sistemini zəbt edib. Həmin partlayışın izlərini bu gün də tapmaq olar: 2004-cü ildə alimlər Sakit okean dərinliklərindən çıxarılmış çöküntü süxurlarında supernova tozları aşkar etmişdilər.

Münhen Texniki Universitetindən olan Şon Bişop və həmkarları süxurları yenidən analiz ediblər. Bu sayədə supernovanın dəqiq vaxtını müəyyənləşdirməyə nail olublar ki, bu da həmin dövrdə Yerdəki həyatın hadisədən necə təsirləndiyi mövzusundaki suallara cavab gətirə bilərdi. Məqalənin müəllifləri partlayışın 2,7 milyon il əvvəl baş verdiyi və növbəti 800 min il müddətində davam etdiyini qeyd edirlər.

Maraqlısı budur ki, həmin zaman aralığında (2,6 milyon il əvvəl) Yerdə kaynozoy erasının neogen dövrü başa çatmışdı. Qlobal temperatur nəzərə çarpacaq dərəcədə düşür, nəsilkəsilmələri baş verirdi. Xüsusilə Afrika meşə sahələrinin azalması ehtimalla insan növünün təkamül səhnəsinə çıxmasında böyük rol oynayıb.

Alimlər qədim çöküntü süxurları nümunələrinin tərkibindəki, yarımparçalanma dövrü 2,6 milyon il təşkil edən Fe60 radioaktiv izotop miqdarının qiymətləndirməsi işinə başlayıblar. Bu izotop yalnız supernovaların istilik-nüvə reaktorlarında meydana gəlir, lakin kimyəvi olaraq digərlərindən heç nə ilə fərqlənmir. Bu səbəbdən Yerə düşdükdən sonra izotop maqnetitin tərkibinə daxil olub. “Ulduz tozunun planetimizdə peyda olması və okean bakteriyaları tərəfindən sintezləşdirilmiş maqnetit kristallarına düşməsi fikri mənim üçün sadəcə heyrətamizdir,” – deyə Şon Bişop qeyd edir.

Buna baxmayaraq Günəş və planetlərinin supernova qalığı buludları arasından keçdiyi uzun müddət sirr olaraq qalır. Müasir təsəvvürlərə əsasən, bu tip “ölüm ayağında olan” ulduzların atdığı maddə inanılmaz sürətlə yayılır – saniyədə 5-10 min kilometr. Bununla belə həmin maddəyə Günəş sistemi arasından keçmək üçün təxmini milyon il lazım olub? “Burada bir müəmma var”, – Bişop sözlərinə əlavə edir. – “Bunu izah etməli və anlamalıyıq.”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: