AstronomiyaHəyatın təkamülüMaraqlı

“Yadplanetliləri taparıq… siyasətçilər qoysa”

Yadplanetli varlıqları televizor və kinoteatrlarda görmək olar, amma onları hələlik real həyatda görməyi bacarmamışıq. Yadplanetli dedikdə ilk öncə ağla fantastik filmlərdən tanıdığımız “yaşıl insancıqlar” və üzləri qırışmış klinqonlar gəlsə də, alimlərin dediyinə görə kosmosda ən geniş yayılmış həyat forması mikroblardır.

Sübutların olmamasına baxmayaraq hətta ən skeptik alimlər belə Yerdən kənarda yadplanetli həyatının mövcudluğuna şübhə etmir. Bununla, Yerdənkənar sivilizasiyaların axtarışı ilə məşğul olan SETI layihəsinin baş astronomu Set Şostak da razıdır. Dəlillərin növbəti nəslə qədər əldə olunacağı güman edilir. İllərdir gizli qalan astronomik faktlara yiyələnən alimlər indi əvvəlkindən daha əmindirlər.

NASA-nın buraxdığı kosmik teleskop “Kepler”-ə minnətdar olmaq lazımdır – cihazın köməyilə artıq kosmosda bizim sistemi xatırladan müxtəlif tipli ulduzlar və planetlərin mövcud olduğunu əminliklə dilə gətirə bilirik. Son 20 il ərzində tapılmış və bu gün də axtarılmaqda olan 1000-dən çox planet – bu rəqəmlər insanı daha da ümidləndirir. Belə tapıntılardan sonra təkcə bizim Samanyolu qalaktikasında trilyon qədər kiçik kosmik cismlərin olduğunu proqnoz etmək olar.

“Kepler” məlumatlarının daha dərin təhlili göstərir ki, minimum qalaktikamızın hər beş ulduzundan biri ölçü və orta temperatur baxımından Yerə oxşar olan planetlərə sahib ola bilər. Belə planetlər atmosferlə örtülü ola və maye su ehtiva edə bilər. Başqa deyimlə, Samanyolu Yerin milyardlarla qardaşının da yuvası ola bilər.

Bütün bu dünyaların steril olduğu ilə razılaşmaq çətindir. Bizi və planetimizin bütün flora və faunasını yaradan şərtlər möcüzəvi idi. Amma bütün möcüzələr axır-əvvəl elm tərəfindən məhv edilir. Mahiyyətcə yadplanetli həyatını təsdiqləmək və ya təkzib etmək üçün 3 üsul var və bunların hər birisi uzunmüddətli, çətin və külli miqdarda pul tələb edən eksperimentlərdən asılıdır.

İlk öncə, yadplanetli həyatı kosmik miqyasda “bir addımlığımızda” yerləşən planetlərdə də aşkar edilə bilər. Hələlik ən real cəhdlər Marsda yerinə yetirilir. Lakin indiyəcən edilmiş axtarışların əksəriyyəti “əlavədir”. Set Şostak yerində qeyd edir ki, “bunlar, həyat aşkar etmə cəhdləri yox, həyatın harada aşkar edilə biləcəyinin axtarış cəhdləridir və heç bir proqress yoxdur”.

Şübhəsiz ki, Mars Yerdənkənar canlılıq nümunələri üçün əsas kandidat planet olaraq qalır. Bundan başqa, bir sıra mütəxəssislər Saturn və Yupiterin peyklərini də siyahıdan kənarda qoymur. Ən azından bu peyklərdən beşi həyat sferası üçün lazımlı mühitə, əsasən də maye suya, Titan isə təbii qaza malik ola bilər.

Bu peyklərdə inkişaf edə biləcək canlılar ancaq mikroorqanizmlər olmalıdır. Onların mövcudluğu uçuş missiyası, təbii qeyzerlərdən cütləşmə müşahidələri və buzu deşərək onlarla kilometr dərinliklərə enə biləcək qazıcı cihazların oraya göndərilməsi kimi bir neçə üsulla aydın ola bilər. Təəssüf ki, bu missiyaları yerinə yetirəcək kəşfiyyat aparatların böyük bir hissəsi hələ də layihənin ideyası olaraq qalır. Proqress ləng addımlarla gedir, buna da əsas səbəb kosmik tədqiqatların maliyyələşdirilməsi problemidir.

Yadplanetliləri tapmaq üçn istifadə edə biləcəyimiz ikinci üsul planetlərin atmosfer analizidir. Spektroskopiya adlanan bu üsulla hətta ən uzaq kosmik məsafələrdə yerləşən planetlərin belə atmosfer tərkibini araşdırıb, mühim kəşflərə imza atmaq olar. Praktikada bir çətinlik meydana çıxır: uzaq planetlər tutqundur, ətraflarındaki ulduzlar isə həddindən artıq parlaqdır. Astronomların “görmə” qabiliyyətini yaxşılaşdıra biləcək çoxelementli orbital teleskoplar və kosmik nəhəng işıq blokatorları yaratmaq olar. Mühəndislər belə qurğuları növbəti onilliklərdə hazırlaya biləcəklər – əgər təbii ki hər hansı bir varlı siyasətçinin bu layihəyə ayıra biləcək pulu tapılsa.

Üçüncü üsul isə təkcə yadplanetli olmaqla kifayətlənməyib, həm də təkamül müddəti ərzində üstün intellektə sahiblənmiş kosmik qardaşlarımızın axtarışı üçün planlaşdırılıb – radiosiqnalların dinlənilməsi və lazer və ya istilik şüalarının axtarışı. Bəli, gözlədiyiniz kimi, bu üsul da maddi baxımdan güclü dəstək tələb edir.

Hesab olunur ki, 2015-ci ilə NASA-ya planetologiya, astrofizika və yeni Ceyms Vebb teleskopu üzərində aparılan işlər üçün ümumilikdə 2,5 milyard dollar vəsait ayırılıb. Bu sahələr üçün ayırılan pulun miqdarı, demək olar ki, kafidir, amma yenə də azdır. “Ən azından ABŞ-ın ümumi dövlət büdcəsinin mində bir hissəsindən də xeyli azdır”, Şostak deyir.

Üçüncü üsul ilə məşğul olan SETI layihəsinə ayırılan vəsait də həmçinin ondan 1000 dəfə azdır. Bütün bu faktları göz qarşısına qoyaraq vurğulamaq olar: Yerin uzaq və ya yaxın yanında yadplanetli canlı formalarının mövcud olduğunu bilmirik, amma kainatın bütün şərtləri bizə bu fikrin olduqca inandırıcı olduğunu göstərir. Bunu təsdiqləmək üçünsə Kainatın araşdırmalarımıza maddi dəstək verə bilməyəcəyini nəhayət anlamaq lazımdır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: