Astronomiya

Tamamilə qaranlıq maddədən təşkil olunmuş qalaktika tapıldı

Əksər qalaktikalarda qaranlıq maddə hökmranlıq sürür. Bizim qalaktikanın kütləsinin də 95 faizi qaranlıq maddədən təşkil olunub. Lakin yeni tapılan bir qalaktika demək olar ki, tamamilə qaranlıq maddədən ibarətdir. Dragonfly 44 olaraq adlandırılan bu qalaktikanın yalnız 0.01 faizi bildiyimiz növ maddədən(molekullardan və atomlardan) təşkil olunub.

Qaranlıq maddəni hələlik birbaşa müşahidə edə bilmədiyimizə görə, bu mövzu sirr olaraq qalır. Qaranlıq maddə işıqda görünmədiyinə görə(qaranlıq adlanmasının səbəbi də budur) biz sadəcə onun işıq üzərindəki qravitasiya təsirini və ulduzların hərəkətinə təsirini ölçə bilirik. Qaranlıq maddənin qəribə təbiəti bir çoxlarının dəyişdirilmiş qravitasiya nəzəriyyələri kimi fikirlər önə sürməsinə səbəb olur. Amma bu fikirlər əsasən bizim müşahidə etdiyimiz kainat ilə uyğunlaşmır. Bəs əgər qaranlıq maddə belə sirlidirsə, Dragonfly 44-ün əsasən qaranlıq maddədən təşkil olunduğunu necə bilirik?

İlk öncə onu qeyd edək ki, bu qalaktika çox dağınıqdır. O ölçü olaraq Süd Yolundan sadəcə bir az kiçikdir, amma bu qalaktikadakı ulduz sayı Süd Yolundakının yalnız 1 faizidir. Dragonfly 44 Koma qalaktikalar qrupunun bir hissəsidir. Bu cür dağınıq bir qalaktika onu bir arada saxlamağa yetəcək qədər kütləsi olmasaydı, digər qalaktikalar tərəfindən zaman ərzində parçalanardı. Qalaktika daxilindəki ulduzların sürətləri də bu fikri dəstəkləyir. Ulduzların qalaktika mərkəzini dövr etməsi planetlərin ulduzların orbitində fırlanmalasına bənzəyir. Qalaktikanın kütləsi nə qədər çoxdursa, ulduzlar o qədər sürətli fırlanır. Qalaktika daxilindəki ulduzların sürətlərinin paylanmasına baxaraq qalaktikanın nə qədər kütləyə sahib olduğunu öyrənə bilərik. Dragonfly 44 ətrafında dövr edən təxminən 100 ədəd ulduz qrupu var. Bunlar kiçik amma sıxlığı çox olan ulduz qruplarıdır və adətən qalaktikanın ölçüsü artdıqca, ulduz qruplarının sayı da artır. Bütün bunlar Dragonfly 44-ün Süd Yoluna yaxın bir kütləyə sahib olduğunu göstərir. Buna baxmayaraq ulduz sayının bu qədər az olmasını nəzərə alaraq belə nəticəyə gələ bilərik ki, bu qalaktikanın kütləsinin 99 faizi qaranlıq maddədən ibarətdir.

spectra
Dragonfly 44-ün spektrı.

Bu cür Ultra Dağınıq Qalaktikalar (UDGlər) bizə qaranlıq maddəni daha yaxşı başa düşməkdə kömək edə bilər. Süd Yolu kimi qalaktikalar əsasən qaranlıq maddədən təşkil olunmasına baxmayaraq, onların mərkəzləri, ulduzların çoxluq təşkil etdiyi hissələr böyük ölçüdə adi maddədən(atomlardan və molekullardan) təşkil olunub. Nəticə etibarilə, qaranlıq maddənin təsirlərini detallı şəkildə öyrənmək olduqca çətindir. Dağınıq qaranlıq maddə tərkibli qalaktikaların köməyilə, qaranlıq maddənin təsirlərini daha açıq şəkildə görə bilərik. Əgər qaranlıq maddə bəzilərinin irəli sürdüyü kimi özü ilə qarşılıqlı təsirə girərək az miqdarda işıq yayırsa, bu işığı UDGlərdə görmək mümkün ola bilər.

İstifadə edilən qaynaqlar və daha çox oxumaq üçün:

  1. Forbes Science
  2. One Universe at a Time

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Fərdin Şıxıyev

Yaşıl Elm yazarıyam, “Eötvös Lorand” universitetində Kompüter Elmləri üzrə bakalavr təhsili alıram.

3 thoughts on “Tamamilə qaranlıq maddədən təşkil olunmuş qalaktika tapıldı”

    1. Qaranlıq maddə kainatda bildiyimiz maddənin başqa bir növüdür. Amma işıqla qarşılıqlı təsirdə olmadığı üçün görülmür. Ümumən, heç bir şeylə qarşılıqlı təsirdə olmur. Və ya o qədər az qarşırıqlı təsirdə olur ki, biz bunu müşahidə edə bilmirik. Kainatın 25%-i qaranlıq maddədən, 4%-i isə müşahidə etdiyimiz “normal” maddədən təşkil edilib.

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: