AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

NASA asteroid “bombardmanını” beş gün əvvəlindən xəbər edəcək

NASA-dan olan astronom və proqramistlər asteroid bombardmanını vaxtından əvvəl xəbərdar etmək üçün yeni sistem yaradıblar. Bu sayədə Yerə təhlükə doğura biləcək qədər yaxınlaşmış hər bir asteroid beş gün əvvəlindən aşkar olunacaq.

Son illərdə alimlər yerətrafı asteroidlərin aktiv müşahidəsi ilə məşğuldur və onların planet üçün hansı növ təhlükə daşıdığını aydınlaşdırmağa çalışırlar. Yaxın kosmik fəzada dolaşan asteroidlərin sayı həddindən artıq çoxdur, bu səbəbdən onların Yerə düşmə ehtimalını dəyərləndirmək üçün mütəxəssislər xüsusi şkala hazırlayır.

Bütün bunlara və teleskoplar və infraqırmızı orbital rəsədxana (WISE) köməyilə aşkar olunan çoxlu sayda asteroidlərə baxmayaraq, hələ də bir çox iri asteroid və 2013-cü ilin fevral ayında Yerə düşmüş Çelyabinsk meteoriti kimi böyük obyektlər sirr olaraq qalır.

NASA-nın 2011-ci ildəki açıqlamasına görə, tapılmış yüz metr ölçüsündəki asteroidlərin sayı beş mindir, halbuki onların ümumi sayı bir neçə on min ətrafında dəyərləndirilir. Asteorid qurşağı içərisindəki nisbətən kiçik obyektlərin sayı isə daha çox ola və hətta bir milyonu aşa bilər. Məhz bu səbəbdən NASA və Roskosmos kimi kosmik agentliklər hər hansı bir kosmik cismin Yeri vurmasını əvvəldən proqnoz etmək üçün asteroid aşkar edilməsi sistemini hazırlamağa çalışırdılar.

Qeyd edilir ki, ilk belə məhsul NASA tərəfindən hazırlanan və bir neçə gün əvvəl sınaqdan keçirilən Scout sistemi olub. Yeni sistem avtomatik PAN-STARRS teleskopunun imkanlarından yararlanaraq, 2016 UR36 asteroidini Yerlə yaxınlaşmasından beş gün əvvəl aşkar etməklə yanaşı, onun diametrini (5-25 metr) və maksimal yaxınlaşma məsafəsini hesablaya bilib.

Məşhur bir fantastik filmdə təsvir olunmuş “asteroid apokalipsisinin” qarşısını almaq üçün beş gün kifayət etməyə bilər. Bu müddət potensial təhlükəli asteroidə pilotlu missiya təşkil etmək üçün belə bəs etmir. Lakin bir neçə il əvvəlinə qədər oxşar kosmik cismlər təmasa bir neçə saat qalmış aşkar edilirdisə, indi bu müddət beş günə qaldırılıb ki, bu müddət ərzində ən azı toqquşmanın fəsadları öyrənilə və obyektin düşəcəyi yerin sakinlərinin köçürülməsi üzrə müvafiq tədbirlər görülə bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: