Astronomiya

Gecələr səma niyə qaranlıq olur? – Olbers paradoksu

20-ci əsrə qədər elm adamları arasında kainatın statik və sonsuz olduğu barədə fikir hakim idi. Ancaq bu statik və sonsuz kainat fikri öz içində bir paradoksa səbəb olurdu. 500 ildən uzun bir müddət ərzində bu paradoks bir çox astronomun, elm adamının ağlını qarışdırmışdır. Paradoksun keçmişi çox qədim olsa da, alman həkim və astronom Heinrich Olbers 1823-cü ildə mövzuyla bağlı yazdığı bir maqələ ilə bu müzakirəni elmə gətirməyi bacarmış və öz adı ilə xatırlanmasına da nail olmuşdur.

Paradoks qısaca, gecənin nəyə görə qaranlıq olduğu sualını verirdi. Olbers paradoksuna görə, əgər kainat sonsuz və statik olsaydı, gecə göydə gördüyümüz hər bir nöqtədə mütləq bir ulduz ya da başqa bir işıq mənbəyi olmalıydı. Səma sonsuz kainatdakı hər bir ulduzun işığı ilə örtülmüş olmalıydı. Belə olan halda, gecələr qaranlıq tək bir nöqtə belə qalmamalı, gecə də gündüz kimi aydın və parlaq olmalıydı.

Olber Paradoksu iş başında.
Olbers Paradoksu iş başında.

Ancaq bizim gördüklərimiz buna uyğun gəlmirdi, gecə qaranlıq idi. Bu paradoks səbəbilə 20-ci əsrə qədər hakim olan statik və sonsuz kainat fikri təhlükəyə düşürdü. Bu fikrin dəstəkçiləri problemi həll etmək üçün bəzi ehtimallar üzərində düşündülər. Məsələn, bu ehtimallardan birinə görə, çox uzaqdakı ulduzların işığı aradakı məsafəni qət edərkən digər göy cismləri(qaz və toz buludları) tərəfindən udulurdu və bu səbəbdən gecələr göyün hər nöqtəsi işıqlı görünmürdü. Həmçinin, çox uzaqdakı ulduzların işığının Yerə çatana qədər tədricən zəifləməsi də bu ehtimallar arasında idi. Başqa bir ehtimala görə isə, ulduzların ömrü sonsuz olmadığına görə, kainatda daim mövcud olan ölü və sönmüş ulduzlar gecənin qaranlığına səbəb olurdu.

Ancaq böyük problemlər var idi. Məsələn, ulduzların işığını udan qaz və toz buludları uzun müddət ərzində o qədər enerji yığmalıydı ki, ulduzlar kimi işıq saçmalıydı. Yəni gecələrimiz yenə də aydın keçməliydi. Ulduzların qısa ömür müddəti də məna kəsb etmirdi, çünki sonsuz zaman və sonsuz ulduz olmalıydı. Bütün bu dəstəksiz arqumentlər ancaq qısa zaman intervallarında qəbul olundu. Çünki, 20-ci əsr etibarilə kainatın sonsuz və statik olması fikri demək olar ki, çökdürüldü.

20-ci əsrdə Olbers paradoksuna son nöqtəni qoyan və nəhayət kifayətləndirici bir cavab verən kəşfi bu gün astronomiya ilə maraqlanan hər kəsin yaxşı tanıdığı, məşhur elm adamı Edvin Habbl etdi. Böyük Partlayış nəzəriyyəsi, bizə qısaca kainatın o günə qədər düşünüldüyünün əksinə, statik və sonsuz olmadığını deyirdi. Yəni Habblın dediyi kimi, əgər kainat sonludursa, onda gecə baxdığımız hər nöqtədə bir işıq mənbəyi axtamağımıza ehtiyac yoxdur və bu səbəbdən gecə qaranlıqdır. Beləliklə, Böyük Partlayış nəzəriyyəsi ilə Olbers paradoksuna yekun cavab tapılmış kimi görünürdü.

Ancaq elmdə hər cavab, yeni suallar və paradokslar yarada bilər. Böyük Partlayış nəzəriyyəsi Olbers paradoksuna məntiqli bir cavab təklif etmişdi ancaq yeni bir paradoks da yaranmışdı. Nəzəriyyəyə əsasən, “partlayışın” ilk anlarında kainatın bütün nöqtələri yüksək istilik və işıqla dolu olmalı idi. Belə olduqda, o vaxtlar kainatın hər tərəfinə yayılmış bu işıqları hələ də görməli deyildikmi? Onda gecə niyə qaranlıq idi? Əslində bu problemi bir paradoks olaraq adlandıra bilmərik, çünki bu problem paradoks adını alacaq qədər uzun müddət cavabsız qalmadı. Əslində cavab elə Böyük Partlayış nəzəriyyəsinin içindədir. Bu problemin həllini izah etmək üçün qırmızıya sürüşmə adlı bir fenomendən istifadə olunur.

Müşahidə edilə bilən kainatın xəritəsi.

Böyük Partlayış nəzəriyyəsinə əsasən, kainatın ilk anlarında hər yanı dolduran işıq kainatın davamlı genişlənməsi səbəbilə qırmızıya sürüşdü. Yəni, kainatın ilk vaxtlarında işığın əsl dalğa uzunluğu təxminən 1.100 qat qırmızıya sürüşərək mikrodalğa ölçülərinə qədər düşdü. Bu isə o mənaya gəlir ki, əslində hal-hazırda baxdığımız səma kainatın ilk vaxtlarından qalan işıqla doludur və parlaqdır. Bəs bütün bunlara baxmayaraq, gecə niyə qaranlıqdır?

Böyük Partlayışdan qalan radiasiyanın dalğa uzunluğu insan gözünün görə biləcəyindən çox uzun olduğuna görə, gecə göyə baxdıqda sadəcə ulduzlardan yayılan görünən işığı görə bilirik. Ancaq birbaşa gözlərimizlə görməsək belə, texnoloji avadanlıqlarla aparılan müşahidələrdə bu radiasiyanı müşahidə edə bilirik. Əvvəlcə COBE, daha sonra isə WMAP Kosmik Teleskopu adlı mikrodalğa radiyasiya qəbuledici cihazların köməyilə kosmosa göz gəzdirərək Böyük Partlayış anında ortaya çıxan, lakin daha sonra qırmızıya sürüşən radiasiya ilə birlikdə müşahidə edilə bilən kainatın bütöv bir xəritəsini çıxara bildik. Bu xəritə vasitəsilə qaranlıq zənn etdiyimiz səmanın ən azından mikrodalğa boyunda işıqlı və parlaq olduğu sübut olundu. Gələn dəfə göyə baxanda bunu düşünməyi unutmayın.

İstifadə edilən qaynaqlar və daha çox oxumaq üçün:

  1. Ask an Astronomer(Astronomy Department at Cornell University)
  2. Kozmik Anafor

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Fərdin Şıxıyev

Yaşıl Elm yazarıyam, “Eötvös Lorand” universitetində Kompüter Elmləri üzrə bakalavr təhsili alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: