AstronomiyaElmi xəbərlərHəyatın təkamülü

Əlvida Big Bang, Xoş gəldin Qara Dəlik?

Nəzəri fiziklər kainatın partlayışla deyil, dördölçülü ulduzun qara dəliyə çevrilməsi nəticəsində məkana atılmış “tullantı”dan yarandığı qənaətinə gəldilər.

Fiziklər Razieh Pourhasan, Niayesh Afshordi və Robert Mann kainatın meydana gəlməsini izah edən yeni nəzəriyyəni irəli sürdülər. Öz qəlizlikləri ilə birlikdə bu nəzəriyyə kainatla əlaqədar müasir təsəvvürlərin bir çox çətinliklərini aradan qaldırır.

Kainatın mənşəyi ilə bağlı ümumi nəzəriyyəyə görə, kainatımız sonsuz sıxlığı olan nöqtədən və sinqulyarlıqdan şişərək doğulmuşdur. Bu nəzəriyyə müşahidə edilə bilən kosmosla, xüsusilə genişlənən kainat modeli ilə uyğunlaşa bilir. Lakin Böyük Partlayış nəzəriyyəsinin bir çox çətinlikləri də var. Misalçün, sinqulyarlığın, məkanının fərqli hissələrində eyni temperaturu olan kainatı necə yaratmış ola biləcəyi elm üçün qaranlıq qalır. Kainatımızın təxminən 13,8 milyard il yaşı var, bu müddət isə müşahidə edilən temperatur tarazlığının nail olunması üçün yetərli deyil. Əksər kosmoloqlar iddia edirlər ki, kainat işıq sürətindən daha sürətli genişlənməli idi. Nəzəri Fizika Perimetr İnstitutundan (Kanada) olan astrofizik Niayesh Afshordi isə belə hesab edir:

“Böyük Partlayış olduqca xaotikdir. Onun nəticəsində məkanın eyni dərəcəli temperatura sahib bircə sahəsinin belə necə formalaşdığı aydın deyil.

Kainatın doğuşunu izah edən yeni model bu çətinliklər üzərindən xətt çəkir. Yeni nəzəriyyəyə əsasən üçölçülü kainatımız sanki bir membrana kimi dördölçülü kainat içərisində üzür. Kainatımız, faktiki olaraq, sim nəzəriyyəsindən yaxşı tanıdığımız “brana”dır, yəni ümumi məkanın ölçüsündən kiçik olan çoxölçülü fiziki obyekt. Bunu təsəvvür etmək olduqca çətindir, ancaq bir üçölçülü kainatın içərisində bizim kainatı ikiölçülü kağız olaraq fərz etmək məsələni nisbətən sadələşdirə bilər.



Dördölçülü kainat sözsüz ki eynən bizim kainatımızın üçölçülü ulduzları kimi həyat tsikllarını yaşayan dördölçülü ulduzlara sahibdir. Ən ağır kütləli dördölçülü ulduzlar ömürlərinin sonunda “supernova” olaraq partlayacaqlar və qara dəliklərə çevriləcəklər. Öz növbəsində dördölçülü qara dəlik eynən üçölçülü qara dəliklər kimi hadisələr üfüqünə sahibdir. Hadisələr üfüqü qara dəliyin daxili və xarici tərəflərinin sərhədinə deyilir. Üçölçülü kainatda hadisələr üfüqü “ikiölçülü səth” kimi görünür, dördölçülü kainatda isə bu üfüq üçölçülü hipersahədən ibarətdir.




Beləcə, dördölçülü ulduz partladıqda hadisələr üfüqündə qalıq materialdan (tullantı) üçölçülü brana yaranır – bizim kainata oxşar. Təsəvvür üçün olduqca qeyri-adi görünən bu model kainatımızda niyə temperatur tarazlığı olduğunu izah edir: üçölçülü kainatı doğan dördölçülü kainat 13,8 milyard ildən də çoxdur ki mövcuddur.

Kainatı nəhəng sonsuz məkan kimi təsəvvür etməyə vərdiş etmiş bir insan üçün bu yeni nəzəriyyə haqda düşünmək çətin olacaq. Bəlkə də kainatımızı qədim dördölçülü ulduzdan qalma məhdud titrəyiş, “gölməçədəki yarpaq” kimi qəbul etmək çox çətindir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: