Texnologiya

Replikantları yaratmaq məsələsi

Ötən ilin ən uğurlu elmi-fantastik ekran işi rejissor Deni Vilnyovun “Arrival” filmi idisə, bu il də kanadalı rejissor  “Blade Runner”-in (Ülgüc Üzərində Qaçan) davamını ərsəyə gətirməklə, ortaya keyfiyyət qoymuş oldu. Tənqidçilər tərəfindən ən bəyənilən elmi-fantastik ekran əsərlərindən biri olan “Blade Runner”-in davamını çəkmək olduqca çətin iş idi, Vilnyov isə “Blade Runner 2049”-u ilə layihəyə şübhə ilə yanaşan tənqidçiləri razı qoymağı bacardı. Söhbət heç də üzvi bədən hissələrindən yığılmış və öz yaradıcıları olan insanlara meydan oxumaq istəyən ağıllı androidlərin dünyasından getməyəcək. Sual budur: texnologiyalarımız “Blade Runner”-in replikantlarını yaratmağa nə qədər yaxındır?

Göründüyü kimi, insani bacarıqlara malik robotu yaratmaqdan çox uzağıq. Lakin robototexnika deyə adlanan sahənin nailiyyətləri gələcəkdə androidlərin əsası ola biləcək texnologiyalar üçün çox böyük ümidlər verir.

Elm nöqteyi-nəzərdən ən böyük problem insan bədənini təkrarlaya bilmək çətinliyidir. Hər birimiz milyonlarla hüceyrədən ibarətik və insanlardan fərqlənməyən mürəkkəb maşının necə yaradıla biləcəyindən anlayışımız yoxdur. Bu günkü ən mürəkkəb maşın milyonlarla hissədən ibarət ən böyük təyyarə olan Airbus A380-dir. İnsana xas mürəkkəblik səviyyəsinə çatmaq üçün isə bu təyyarə həm miqdar, həm də keyfiyyət baxımından daha bir milyon dəfə mürəkkəb olmalıdır.

Müasir dövrdə insanla robot arasındakı hüdudu yumaq üçün üç müxtəlif üsul var. Əfsuslar olsun ki, bu yanaşmaların hər birisi hələ başlanğıc mərhələsindədir və “Blade Runner” dünyasını həyatda da yaratmaq üçün kifayət deyil.

Sıfırdan yığılmış və süni sensor, mühərrik və kompüterlərlə təchiz edilmiş, bir-biri ilə ünsiyyətdə olaraq insan bədəni və hərəkətini təqlid edən robotlar artıq mövcuddur. Bununla belə müasir androidlərin təkmilləşdirilməsi onları insanlara oxşatmayacaq, çünki sensor və mühərrik kimi komponentlər bioloji hissələrlə müqayisədə etibarsız və çox primitivdir. Həmçinin insan bədəninin müəyyən hissələrini maşın oxşarları ilə əvəz edərək daha da gücləndirən və dözümlü edən kiborq texnikaları var. Bunlar, robotlaşdırılmış üzvlər və ya implant qurğular kimi cihazlardır, amma yenə də öz bədənimizə tam uyğunlaşdırılmaq işindən çox uzaqdırlar.

Və nəhayət genetik manipulyasiya metodları – insan orqanizmini modifikasiya etmək üçün genetik kodun dəyişdirilməsi kimi üsullar var. Ayrı-ayrılıqda genləri identifikasiya və manipulə etməyi bacarsaq da, genetik materialdan büsbütün bir insanın necə formalaşdığı ilə bağlı məhdud biliyə sahibik.

Yumşaq robototexnika ilə irəli

Bütün bunlara baxmayaraq robototexnikanı itələyib, “Blade Runner” dünyasına yaxınlaşdıra bilərik – bunun üçün xüsusilə təbiətdən ilham alaraq başqa texnologiyalar yarada bilərik. Yaxşı bir nümunə kimi yumşaq robototexnika sahəsini qeyd etmək olar. Son on ildə robot mütəxəssisləri robotları “daha yumşaq etmək” üçün xeyli səy göstəriblər. Robotlar yumşaq, görünüşünü dəyişdirən (deformasiya olunan), elastik və sıxıla bilən olmalıdır, çünki insan bədəninin 90%-i də dəri, tük və toxuma kimi yumşaq maddələrdən təşkil olunub. Bu, bununla əlaqəlidir ki, bədənimizin əksər fundamental funksiyaları orqanizm boyu maye dövr etdirən və formasını dəyişə bilən yumşaq orqanlar (ürək, ağ və qara ciyərlər kimi) əsasında işləyir. Hüceyrələr hətta bölünmə prosesini başlatmaq və ya bədəni təkmilləşdirmək üçün görünüşünu dəyişə bilir.

Bədənimizin yumşaqlığı orqanizmin yaşamaq üçün zəruri bütün funksionallığının mənbəyidir. Yumşaq maşınlar istehsal edə bilmək imkanına yiyələndikdə gələcəyin robot dünyasına heç olmasa bir addım da yaxınlaşmış olacağıq. Ən yeni texniki nailiyyətlər şedevrlərindən biri yumşaq işlək materiallardan hazırlanmış və mayeni dövr etdirə bilən süni ürəkdir. Eynən daşına bilən xüsusi yumşaq əlcəklər tutma gücünü daha artıra bilər. “Epidermal elektronika” adlanan bir kəşf isə bioloji dərimizə elektron sxemlər döydürməyə imkan yaradacaq.

İnsanla texnologiyanın birləşməsində yumşaqlıq əsas mühüm rolu oynayacaq. Həmin sensor və kompüterlər yumşaldıldıqda insan bədəninə köçürülə biləcəklər. Aramızdakı baryer itəcək və bizimlə qarışmış onların təkamüldəki növbəti mərhələ olduğunu anlayacağıq. Sübut kimi kontakt linzaların artıq bədənimizin bir hissəsinə çevrildiyini vurğulamaq olar.

Bununla yanaşı ən çətin məsələ yumşaq robotun fərqli bədən hissələrini özünü yenidən bərpa, inkişaf və differensiasiya ilə fiziki olaraq adaptasiya oluna bilənə çevirməkdir. Əvvəl-axır canlı orqanizminin hər bir hissəsi orqanizmi uyğunlaşmağa və inkişaf etməyə şərait yaradan bioloji sistemlərdə yaşayır və bu finksiya maşınları özümüzdən fərqləndirilməyəcək qədər dəyişəcək.

Yerin “Blade Runner 2049” filmindəki daha da inkişaf etdirilmiş gələcəyin dünyasına nə vaxt çevriləcəyini proqnoz etmək mümkün məsələ deyil. Baş versə belə uzun on illikləri geridə qoymalı olacağıq. Lakin ilk mühərrikli avtomobilin hazırlanmasından bəri getdiyimiz bu texniki proqres yolunun sonunu təsəvvür etmək heç də çətin görünmür.

Material Hi-News portalının məlumatı əsasında hazırlanıb

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: