Elmi xəbərlərHəyatın təkamülüTexnologiya

Keçmiş Pentaqon rəsmisi UNO-larla əlaqə hallarını araşdırdıqlarını bildirib

Pentaqon rəsmiləri AATIP adlı layihənin mövcud olduğunu vurğulayıblar.

16 dekabr tarixində Pentaqon rəsmiləri AATIP adlı layihənin mövcud olduğunu rəsmi olaraq etiraf edib. Layihənin əsas məqsədi uçan naməlum obyektlərlə (UNO) əlaqə saxlanılması halları ilə bağlı məlumatlar və araşdırma nəticələri toplamaqdır. Bununla yanaşı bir neçə videomüşahidə təqdim olunub, lakin materialların həqiqiliyi mövzusu ilə bağlı araşdırmalar davam edir.

AATIP (Advanced Aviation Threat Identification Program) layihəsinin mövcudluğu barədə Pentaqonun mətbuat katibi Tom Krosson məlumat yayıb. Daha əvvəl isə keçmiş Pentaqon rəsmisi Luis Elizondo mərkəzin məxfi layihə çərçivəsində UNO əlaqələri hallarını öyrəndiyini etiraf etmişdi. Layihənin hədəfləri arasında xüsusilə “anomal aerokosmik təhdidlər” məsələsini maraqlandıran tədqiqatların aparılması qeyd olunur. Bu təhdidlər altında potensial rəqib ölkələrin pilotlu və ya pilotsuz uçuş aparatları nəzərdə tutulduğu kimi, o cümlədən hipotetik yerdənkənar təhlükə başa düşülür. Krossonun dediyinə görə, 2007-ci ildə başlanılmış layihəyə 2012-ci ilədək vəsait ayırılması davam etdirilib. Nəticədə Pentaqon layihəni başa çatdıraraq, digər vacib məsələlərə istiqamətlənib. AATIP layihəsi çərçivəsində ümumilikdə xərclənmiş vəsait 22 milyon dollara bərabərdir.

Aparılmış işlərin yekununda uçan naməlum obyektlərə aid üç videomüşahidədən ikisi ictimaiyyətə təqdim olunub. Birinci videomaterial GIMBAL adlandırılıb. Söhbət F/A-18 Super Hornet təyyarəsi kabinasından lentə alınmış 34 saniyəlik arxiv çəkilişdən gedir. Əldə olunmuş məlumatlar göstərir ki, videodakı obyektin qanadları yoxdur və çox tez bir şəkildə olduqca yüksək sürəti yığmağa qadirdir. Lakin obyekti aydın müşahidə etmək qeyri-mümkündür ki, bu da şübhələrə əsas yaradır.

İkinci videonun da qəhrəmanlarından biri F/A-18 Super Hornet təyyarəsidir. Bu dəfə o, daha əvvəl “Prinston” kreyserinin qeydə aldığı naməlum obyekti müşahidə edib. Yaxınlaşdıqda məlum olub ki, bu təxminən 12 metr uzunluğa malik və su üzərində 15 metr hündürlükdə hərəkətsiz şəkildə dayanmış “yumurtavari nəhəng ağtəhər obyektdir”.

Mütəxəssislər qeyd edir ki, videomaterialların saxta olması ehtimalı minimal olsa belə, istisna deyil. Müstəqil ekspertlər əldə olunmuş müşahidə nəticələrini diqqətlə araşdıracaqlarını deyirlər.

Populyar amerikalı astrofizik Nil Deqrass Tayson da mövzu ilə bağlı fikirlərini bölüşüb. Dediyinə görə, videomateriallarda nəyi gördüyünü hələ də anlaya bilmir və rəsmilərin bəyanatı “videoda nələrin baş verdiyini bilmirik”-dən daha çox “burada uçan yadplanetlilərdir”-i xatırladır. “Yadplanetlilərin Yeri ziyarət etdiyinin sübutları o dərəcədə əhəmiyyətsizdir ki, daha bununla maraqlanmıram”, – Tayson qeyd edir. – “Müşahidə etdiyimizi anlamırıqsa, bu heç də bunun, başqa planetdən gəlmiş ağıllı yadellilər olduğunu göstərmir.”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
CNN PoliticsExpress
Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: