Digər

Qaranlıq maddə və qaranlıq enerji nədir?

Qısa cavab: Bilmirik.

Uzun cavab: Yer kürəsi, Günəş, digər ulduzlar və qalaktikalardan ibarət olan müşahidə edilə bilən kainat atomların daxilindəki protonlardan, neytronlardan və elektronlardan təşkil olunub. Şübhəsiz, 20-ci əsrin ən maraqlı kəşflərindən biri, bu adi ya da baryonik maddənin kainatdakı ümumi kütlənin 5 faizindən daha azını təşkil etdiyini öyrənməyimiz oldu. Kainatın qalan hissəsi qaranlıq maddə adlanan sirli, gözə görünməz bir növ maddədən və qaranlıq enerji deyilən qravitasiya qüvvəsinə əks istiqamətdə yönələn bir qüvvədən təşkil olunub.

Məsələn, standart fizika qanunlarına görə, fırlanan spiral qalaktikanın kənarındakı ulduzlar qalaktikanın mərkəinə yaxın olanlardan daha yavaş hərəkət etməlidirlər. Ancaq müşahidələr göstərir ki, qalaktikanın hansı hissəsində yerləşməsindən asılı olmayaraq ulduzlar demək olar ki, eyni sürətdə hərəkət edirlər. Əgər qalaktika kənarında yerləşən ulduzlar gözə görünməz bir növ maddənin qravitasiya təsirinə məruz qalırsa, bu çaşdırıcı nəticələr o zaman məna kəsb edə bilər.

Qaranlıq maddə həmçinin astronomların kosmosun dərinliyində gördükləri bəzi illuziyaları da açıqlaya bilər. Məsələn, əgər uzaq qalaktikalardan gələn işıq massiv kütləli, görünməz qaranlıq maddə tərəfindən bükülürsə və ya yaxınlaşdırılırsa, qəribə işıq halqaları və qövsləri olan qalaktika şəkilləri qravitasiya linzalanması deyilən fenomen ilə açıqlana bilər.

Alimlərin qaranlıq maddəni açıqlamaq üçün təklif etdikləri bəzi fikirləri var. Ən vacib hipotezlərdən birinə görə, qaranlıq maddə normal maddə və işıq ilə qarşılıqlı təsirdə olmayan, lakin qravitasiya təsiri göstərən ekzotik zərrəciklərdən(WIMPlər – Zəif Təsirli Kütləvi Zərrəciklər) təşkil olunub. CERN-in Böyük Adron Toqquşdurucusunda işləyən alimlər də daxil olmaqla, bir çox araşdırma qrupu qaranlıq maddə əldə etməyə çalışır.

Bir qrup alimlər isə düşünürlər ki, qaranlıq maddə ilə əlaqələndirilən hadisələri qravitasiya haqda nəzəriyyələrimizə bəzi dəyişikliklər etməklə izah edə bilərik. Bu cür fikirləri səsləndirənlərə görə, birdən çox qravitasiya növü var və çox böyük kütləli cismləri bir arada saxlayan qravitasiya qüvvəsi ilə bizim gündəlik həytada hiss etdiyimiz qravitasiya fərqli şeylərdir.

Qaranlıq enerji çox daha sirlidir və 1990-cı illərdə onun kəşf olunması alimlərə əsl şok yaşatmışdı. Əvvəllər alimlər düşünürdülər ki, qravitasiyanın çəkici qüvvəsi səbəbilə kainatın genişlənməsi zaman keçdikcə yavaşlayacaq. Daha sonra isə 2 fərqli araşdırma qrupu kainatın genişlənmə təcilini ölçdülər və zaman keçdikcə təcilin artdığını müşahidə etdilər. Bir alim bu hadisəni bir topu havaya atdıqdan sonra onun geri yerə düşməsini gözlədiyiniz halda, daha da sürətlənərək yerdən uzaqlaşmasını görməyə bənzətmişdi.

Alimlər düşünürlər ki, kainatın təcilli genişlənməsi “boş” fəza və ya digər adıyla kvant dalğalanmaları tərəfindən yaranan dəf edici qüvvə ilə əlaqəli ola bilər. Üstəlik görünən odur ki, bu qüvvə kainat genişləndikcə daha da artır. Daha yaxşı bir adın yoxluğu səbəbilə, alimlər bu sirli qüvvəni qaranlıq enerji adlandırırlar. Qaranlıq maddədən fərqli olaraq, alimlərin qaranlıq enerji ilə bağlı ağlabatan bir açıqlaması hələlik yoxdur.

Qaranlıq enerjinin bilinən xüsusiyyətləri Eynşteynin nisbilik nəzəriyyəsini statik kainat modelinə uyğunlaşdırmaq üçün əlavə etdiyi kosmoloji sabit ilə uyğun gəlir. Eynşteynə görə, bu qüvvə qravitasiyanın əksinə təsir göstərən və beləliklə qalaktikaların öz üzərinə çökməsinin qarşısını alan dəf edici bir qüvvə olmalıydı. Daha sonra kainatın genişləndiyi, yəni statik olmadığı öyrəniləndə, Eynşteyn bu sabiti özünün “ən böyük səhvi” adlandırmışdı.

İndiki halda, kainatın təcillə genişləndiyini bildiyimizə görə, fəza-zamanın necə dartıldığını açıqlamaq üçün qaranlıq enerjini kosmoloji sabit kimi qəbul edə bilərik. Ancaq bu açıqlama yenə də, alimləri bu qəribə qüvvənin nəyə görə mövcud olduğu sualı qarşısında aciz qoyur.

İstifadə edilən qaynaqlar və daha çox oxumaq üçün:

  1. National Geographic
  2. The Fabric Of The Cosmos
  3. Science.Nasa.gov

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Fərdin Şıxıyev

Yaşıl Elm yazarıyam, “Eötvös Lorand” universitetində Kompüter Elmləri üzrə bakalavr təhsili alıram.

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: