Psevdoelm

Yaradılışçıların (kreasinoist) cəfəngiyyatlarına cavablar

Təkamülün əleyhdarları, yəni yaradılışçılar həqiqi elmi “çökdürməklə” kreasionizmə yer etməyə çalışır, ancaq onların arqumentləri əsassızdır

143 əvvəl Çarlz Darvin təkamül nəzəriyyəsini təqdim edərkən dövrün alimləri onun üzərində qızğın mübahisə edirdilər, lakin paleontologiyadan, genetikadan, zoologiyadan, molekulyar biologiyadan və digər sahələrdən xeyli sayda dəlillər təkamülün şübhəsiz bir həqiqət olduğunu tədricən sübut etdilər. Bu gün savaş hər yerdə qazanılmışdır, yalnız ictimai təsəvvür istisna olmaqla.

Utancvericidir ki, 21-ci əsrdə dünyanın tanımış olduğu elmi cəhətdən ən inkişaf etmiş bir dövlətdə belə kreasionistlər siyasətçiləri, hakimləri və adi vətəndaşları hələ də inandıra bilirlər ki, təkamül qüsurlu, əsassız bir fantaziyadır. Onlar “ağıllı dizayhn” kimi kreasionist ideyaların tədris müəssisələrində təkamülə alternative qismində öyrədilməsini təbliğ edirlər. Bu məqalə mətbuata gedərkən Ohayo Təhsil İdarəsi belə bir dəyişikliyə icazə vermək barədə müzakirə aparır. Bəzi anti-təkamülçülər, məsələn, Berkeley Kaliforniya Universitetinin hüquq üzrə professoruvə “Mühakimə olunan Darvin”in müəllifi  Filip E. Conson etiraf edir ki, onlar “ağıllı dizayn” nəzəriyyəsinin tədris müəssisələrinin Tanrı müzakirələrinə yenidən açılması üçün vasitə olması niyyətindədirlər.

Hücuma məruz qalan müəllimlər və digərləri yerindəcə təkamülü müdafiə etmək və kreasionizmi rədd etmək məcburiyyətində qala bilərlər. Kreasionistlərin istifadə etdikləri arqumentlər əsasən aldadıcıdır və təkamülün yanlış izahı üzərində qurulur, lakin etirazların sayı və müxtəlifliyi hətta yaxşı məlumatlı insanları da çətin vəziyyətdə qoya bilər.

Onlara cavab verməkdə kömək etmək üçün aşağıdakı siyahı təkamülə qarşı irəli sürülən ən ümumi “elmi” arqumentlərin bəzilərini əks etdirir. Bu, həmçinin oxucuları növbəti məlumat mənbələrinə yönləndirir və onlara niyə yaradılış elminin tədris otağında yerinin olmamasını izah edir.

 

  1. Təkamül yalnız nəzəriyyədir. O, fakt, yaxud elmi qanun deyildir.

Bir çox insanlar ibtidai məktəbdə öyrənirlər ki, nəzəriyyə müəyyənlik iyerarxiyasının mərkəzinə düşür – hipotezdən yuxarı, qanundan aşağı. Lakin alimlər bu terminlərdən bu şəkildə istifadə etmirlər. Milli Elmlər Akademiyasına (NAS) əsasən, “elmi nəzəriyyə – təbii aləmin bəzi aspektlərinin yaxşı əsaslandırılmış izahıdır, hansı ki, faktları, qanunları, yekun qərarları və sınaqdan keçmiş hipotezləri əlaqələndirə bilir”. Heç bir etibarlılıq dərəcəsi nəzəriyyəni qanuna – hansı ki, təbiət haqqında təsviri ümumiləşmədir – çevirmir. Beləliklə, alimlər təkamül nəzəriyyəsi haqqında – yaxud atom nəzəriyyəsi və ya nisbilik nəzəriyyəsi haqqında – danışdıqda onlar həmin nəzəriyyənin həqiqiliyi haqqında qeydlərini ifadə etmirlər.

Təkamül nəzəriyyəsindən başqa, dəyişikliklərə uğramış mənşə ideyanı nəzərdə tutaraq, təkamül faktı da demək olar. NAS “fakt”ı “davamlı olaraq təkrarlana bilən və ya bütün təcrübi məqsədlər üçün “həqiqət” kimi qəbul olunan bir nəticə” kimi müəyyən edir. Qeydə alınan fosillər və xeyli sayda başqa dəlillər sübut edir ki, orqanizmlər zamanla təkamül ediblər. Baxmayaraq ki, heç kəs bu transformasiyaları müşahidə etməyib, lakin dolayısı ilə dəlil aydın, dəqiq və mütləqdir.

Bütün elmlər tez-tez dolayı dəlillərə əsaslanır. Fiziklər, məsələn, subatom hissəciklərini görə bilmirlər, lakin onlar bu hissəciklərin kondensləşmiş kamerada qoyduqları siqnalverici izlər vasitəsilə onların mövcudluğunu müəyyən edirlər. Birbaşa müşahidənin yoxluğu fiziklərin gəldikləri nəticələrin müəyyənliyini azaltmır.

 

  1. Təbii seçmə məntiq dairəsi daxilində olan mühakimədir: ən uyğun olanlar sağ qalanlardır və sağ qalanlar ən uyğun olanlardır.

“Ən uyğun olanın sağ qalması” təbii seçməni təsvir etmənin danışıq yoludur, lakin daha texniki təsvir sağqalmanın və çoxalmanın daha fərqli səviyyələrindən danışır. Bu, canlıların uyğun və ya uyğun olmayan adlandırılmasından daha çox onların mövcud şəraitdə nə qədər nəsil artıra biləcəyini təsvir etməkdir. Toxumlarla zəngin olan bir adaya tez-qidalanan kiçik dimdikli alacəhrə quşunun cütü ilə yavaş-qidalanan iri dimdikli alacəhrə quşu cütünü buraxaq. Bir neçə nəsil müddətində tez qidalananlar yemək ehtiyatlarının böyük qismini idarə edəcəklər. İri dimdiklilər toxumları daha asanlıqla qıra bilsələr, üstünlük yavaş qidalananlara keçə bilər. Qalapaqos adalarında alacəhrə quşlarının ilkin araşdırması zamanı Prinston Universitetindən Peter R. Qrant bu növ canlıların vəhşi təbiətdə dəyişdiyini müçahidə etmişdir (Onun “Təbii seçmə və Darvinin Alacəhrələri” məqaləsi; Scientific American, Oktyabr, 1991).

Məsələ bundadır ki, adaptasiya edici uyğunluq sağqalmaya istinad etmədən də müəyyən edilə bilər: iri dimdiklilər toxumları qırmağa daha yaxşı adaptasiya olurlar, bu isə həmin xüsusiyyətin onların bu şəraitdə sağ qalması dəyərinə malik olmasından asılı deyil.

 

  1. Təkamül qeyri-elmidir, çünki o, sınaqdan keçirilə və ya yanlışlana bilməz. Bu, heç zaman müşahidə olunmayan və heç vaxt yenidən yaranmayacaq hadisələr haqqında iddialar irəli sürür.

Təkamüldən belə ümumi şəkildə yayınma bu sahəni ən azından iki geniş sahəyə – mikro təkamül və makro təkamülə – ayıran mühüm fərqləri gözdən qaçırır. Mikro təkamül növlər daxilində zamanla baş verən dəyişiklikləri araşdırır – bu dəyişikliklər quruluşalma – yeni növlərin meydana gəlməsi üçün başlanğıc ola bilər. Makro təkamül növlər səviyyəsindən yuxarıda taksonomik qrupların necə dəyişdiyini öyrənir. Onun dəlilləri əsasən fosillər və DNT müqayisələrindən ayrı-ayrı orqanizmlərin bir-birilə necə əlaqəli olduqlarını bərpa etməyə qədəruzanır.

Bu günlərdə hətta kreasionistlərin çoxu da qəbul edir ki, mikro-təkamül laboratoriyalarda (hüceyrə araşdırmaları, bitki və drozofillərdə (meyvə milçəkləri) aparılan araşdırmalar) və yerində (Qalapaqos alacəhrələri arasında dimdik şəklinin təkamül etməsi haqqında Qrantın araşdırmaları kimi) aparılan testlər ilə dəstəklənir. Təbii seçmə və digər mexanizmlər – xromosom dəyişiklikləri, simbioz və hibridləşdirmə kimi – zamanla canlılarda dərin dəyişikliklərə səbəb ola bilər.

Makto təkamül araşdırmasının tarixi təbiətinə birbaşa müşahidələrdən daha çox fosillər və DNT-dən alınan nəticələr daxildir. Tarix elmlərində (astronomiya, geologiya və arxeologiya, habelə təkamül biologiyası) hipotez fiziki dəlillə uyğunluq təşkil etməsinin və gələcək kəşflər haqqında düzgün proqnozlara apara bilməsinin yoxlanması yolu ilə sınaqdan keçirilə bilər. Məsələn, təkamül nəzərdə tutur ki, insanların məlum ilk əcdadları (təxminən 5 milyon əvvəl) iləanatomik olaraq müasir insanın yaranması (təxm. 100.000 il əvvəl) arasında meymuna daha az bənzər, müasir insana isədaha çox bənzəyən təkamül xüsusiyyətlərinə malik hominid varlıqların silsiləsi olmalıdır, fosil qeydləri də məhz bunu göstərir. Lakin müasir insan fosillərinin Yura dövründən bəri (144 milyon əvvəl) təbəqədə gömülmüş olmasını görmək mümkün deyil və heç kəs görməmişdir. Təkamül biologiyası müntəzəm olaraq bundan daha dəqiq və mükəmməl proqnozlar verir və araşdırmaçılar onları daim test edirlər.

Təkamül başqa yollarla da rədd edilə bilər. Əgər biz cansız maddədən yalnız bir kompleks bioloji formadan ibarət ixtiyari bir nəsli sənədləşdirə bilsəydik, o zaman fosil qeydlərində görünən canlılardan heç olmasa bir neçəsi bu formada yaranmış ola bilərdi. Əgər fövqəl ağıllı yadplanetlilər peyda olub Yerdə həyat yaradacaqlarını iddia etsə idilər, əlbəttə, təkamül izahı şübhə altına düşərdi. Lakin heç kəs hələ ki belə bir dəlil irəli sürməyib. Qeyd olunmalıdır ki, elmin müəyyənedici xarakteristikalarından biri qismində yanlışlana bilmə ideyası  1930-cu illərdə filosof Karl Popper tərəfindən yaradılıb. Onun fikirləri üzərində  daha sonrakı işləmlər onun prinsipinin daha dar interpretasiyasını (təfsirini) inkişaf etdirmişdir, çünki bu, aşkar elmi cərəyanların xeyli qollarının ləğv edilməsi demək olardı.

 

  1. Getdikcə alimlər təkamülün həqiqiliyinə daha çox şübhə edirlər.

Təkamülün öz tərəfdarlarını itirməsi haqqında heç bir dəlil yoxdur. Mütəxəssislərin resenziyası ilə yazılmış bioloji jurnallardan hər hansı bir məqalə götürün və görəcəksiniz ki, həmin məqalələr təkamül araşdırmalarını dəstəkləyir və genişləndirir, yaxud təkamülü fundamental nəzəriyyə kimi əsas götürür.

Əksinə, təkamülü mübahisələndirən ciddi elmi dərclər, ümumiyyətlə mövcud deyil. 1990-cı illərin ortalarında Vaşinqton Universitetindən Corc U.Qilxrist əsas ədəbiyyatda minlərlə jurnal toplamış və ağıllı dizayn, yaxud yaradılış elmi haqqında məqalələr axtarmışdı. Həmin yüz minlərlə elmi məruzələrin içində, bir dənə də olsun, axtardığını tapmamışdı. Keçən iki ildə Cənub-şərqi Luiziana Universitetindən Barbara Forrest və Keys Vestern Rezerv Universitetinden Lourens M.Krauss tərəfindən müstəqil aparılan sorğular da eynilə bəhrəsiz olmuşdu.

Kreasionistlər etiraz edirlər ki, onların dəlillərini qapalı düşüncəli elmi cəmiyyət rədd edir. Nature, Science və digər aparıcı jurnalların redaktorlarına əsasən, ümumiyyətlə, çox az hallarda anti-təkamül əlyazmaları təqdim olunur. Bəzi anti-təkamülçü müəlliflər ciddi jurnallarda məqalələr nəşr ediblər. Həmin nəşrlər isə çox nadir hallarda birbaşa təkamülə hücum edir, yaxud kreasionist arqumentlər irəli sürür; ən yaxşı halda, onlar müəyyən təkamül problemlərinin həll olunmamış və mürəkkəb olduğunu bildirirlər (ki, bu barədə mübahisə etmirik). Qısası, kreasionistlər ciddi qəbul olunmaqları üçün elm dünyasına yaxşı səbəblər verə bilmirlər.

 

  1. Hətta təkamül bioloqları arasındakı fikir ayrılıqları elmin təkamülü necə az dəstəklədiyini göstərir.

Təkamülçü bioloqlar müxtəlif mövuzlarda qızğın müzakirələr aparırlar: quruluşalma necə baş verir, təkamülün səviyyələri necə dəyişir, dinozavrların və quşların əcdadlarının əlaqələri, Neandertallar müasir insanlardan ayrı bir növdürlərmi və s. Bu müzakirələr elmin bütün digər sahələrində rast gəlinən müzakirələrdəndir. Buna baxmayaraq, Təkamül faktik hadisə və aparıcı prinsip kimi universal olaraq biologiyada qəbul edilmişdir.

Təəssüf ki, vicdansız kreasionistlər alimlərin kontekstdən kənar fikirlərini şişirtməyə və fikir ayrılıqlarını təhrif etməyə həvəs göstərirlər. Paleontoloq Harvard Universitetindən Stefan Cey Qouldun əsərləri ilə tanış olan istənilən şəxs bilir ki, o, fasiləli tarazlıq modelinin müəlliflərindən biri olmaqla yanaşı, təkamülün ən bəlağətli müdafiəçilərindən və şərhçilərindən biridir. (Fasiləli tarazlıq fosil qeydlərində olan xüsusiyyətləri belə izah edir ki, təkamül dəyişikliklərinin əksəriyyəti qısa geoloji intervallar ərzində baş verir, bu isə yüzlərlə nəsilə bərabər ola bilər). Lakin kreasionistlər Qouldun irihəcmli yazılarından elə ifadələr seçirlər ki, onun sanki təkamülü şübhə altına aldığını göstərsinlər, fasiləli tarazlığı isə elə qələmə verirlər ki sanki bu, yeni növlərə bir gecədə yaranmağa, yaxud sürünənlərin yumurtasından quşların çıxmasına imkan verir.

 

  1. Əgər insanlar meymunlardan əmələ gəliblərsə, niyə hələ də meymunlar var?

Bu təəccüb doğuran ümumi arqument təkamül haqqında bilgisizliyin bir neçə səviyyəsinin göstəricisidir. Birinci səhv ondadır ki, təkamül insanların meymunlardan yarandığını öyrətmir; o bəyan edir ki, onların hər ikisinin ortaq əcdadı var.

Daha dərin səhv ondadır ki, bu etiraz belə bir sualı verməyə bərabərdir: “Əgər uşaqlar böyüklərdən yaranıbsa, niyə hələ də böyüklər var?” Yeni növlər artıq qərarlaşmış növlərdən parçalanaraq təkamül edir, bu zaman canlı orqanizmlər öz ailələrinin əsas budağından ayrı düşür və onları əbədi olaraq fərqləndirəcək kifayət qədər fərqlər əldə edir. Valideyn növlər (yaradıcı növlər) bu vəziyyətdə sağ qala da bilər, tükənə də bilər.

 

  1. Təkamül yerdə həyatın ilk dəfə necə yaranmasını izah edə bilmir.

Həyatın mənşəyi bir sir olaraq qalmaqdadır, lakin biokimyaçılar araşdırıblar ki, sadə nuklein turşuları, amin turşuları və digər həyat yaradıcı qəliblər necə hüceyrəvi biokimyanın əsasında dayanan özünü-kopiyalayan və özünü-saxlayan vahidlərə çevrilə bilirlər. Astrokimyəvi analizlər göstərir ki, bu komponentlərin kəmiyyətləri kosmosda yarana və kometlərlə Yerə düşə bilər. Bu ssenari bu tərkib hissələrin bizim planetimiz hələ gənc ikən burada üstünlük təşkil edən şəraitdə necə meydana gəlməsi problemini həll edə bilər.

Bəzən kreasionistlər bu gün alimlərin həyatın mənşəyini izah edə bilməməsinə işarə vuraraq, bütün təkamülü heç etmək istəyirlər. Lakin hətta Yerdəki həyatın qeyri-təkamül yolu ilə yarandığı ortaya çıxsa belə (məsələn milyard il əvvəl yadplanetlilər ilk toxumu atmışdılar), həmin vaxtdan bəri təkamül saysız mikro və makro təkamül araşdırmalrı ilə dəqiq təsdiqlənmiş olacaqdı.

 

  1. Zülal kimi mürəkkəb bir maddənin – nəinki hüceyrə və ya insanın – təsadüfən meydana gəlməsi riyazi olaraq inanılmazdır

Təsadüf təkamüldə müəyyən rol oynayır (məsələn, yeni əlamətlərə imkan verən təsadüfi mutasiyalarda), lakin təkamül orqanizmləri, zülalları və ya digər varlıqları yaratmaq üçün təsadüfdən asılı deyil. Tam əksinə: təbii seçmə – təkamülün məlum ən əsas mexanizmlərindən biri – “arzuolunan” (adaptasiya olan) xüsusiyyətləri saxlamaqla və “arzu olunmayan” (adaptasiya olmayan) xüsusiyyətləri ləğv etməklə, qeyri-təsadüfi dəyişiklikləri nəzərdə tutur. Seçmənin qüvvələri sabit olaraq qaldıqca, təbii seçmə təkamülü bir istoqamətdə apara bilər və təəccüb doğuracaq qədər qısa zamanda mürəkkəb quruluşlar yarada bilər.

Analogiya qismində, 13 hərfli ardıcıllığı “TOBEORNOTTOBE” nəzərdə tutun. Hər biri bir ifadəni bir saniyədə deyən həmin hipotetik milyon meymun 78.800 il apara bilər ki, həmin uzunluqda 2613 ardıcıllıq arasında bunu tapmaq mümkün olsun. Lakin 1980-ci illərdə Glendale Kollecindən Riçard Hardison düz yerləşdirilmiş ayrı – ayrı hərflərin yerini saxlayarkən təsadüfi olaraq ifadələr yaradan (əslində “Hamlet”in sözlərinə bənzəyən ifadələr seçən) kompüter proqramı yazmışdır. Daha heyrətləndiricisi budur ki, o, dörd gün yarımlıq vaxt ərzində Şekspirin bütöv pyesini bərpa edə bilirdi.

 

  1. Termodinamikanın ikinci qanunu bildirir ki, sistemlər zamanla daha nizamsız vəziyyətə düşür. Buna görə də canlı hüceyrələr cansız kimyəvi maddələrdən, çoxhüceyrəli həyat isə sadə canlılardan təkamül edə bilməz.

Bu arqument İkinci Qanunun səhv təfsirindən irəli gəlir. Əgər bu, düzgün olsaydı, mineral kristallar və qar topaları da qeyri-mümkün olardı, çünki onlar da nizamsız hissəciklərdən spontan olaraq yaranan mürəkkəb strukturlardır.

İkinci Qanun əslində bəyan edir ki, qapalı sistemin (heç bir enerji və ya materiyanın girib çıxa bilmədiyi sistem) ümumi entropiyası (nizamsızlığı) azala bilməz. Entropiya çox zaman ötəri olaraq nizamsızlıq kimi təsvir olunur, lakin o, “nizamsızlıq” sözünün danışıqdakı mənasından xeyli fərqlənir.

Lakin daha vacib olanı budur ki, İkinci Qanun sistemin hissəciklərinə entropiyada azalmağa imkan verir, bu zaman digər hissəciklər artmaqla, kompensasiya edirlər. Beləliklə, bizim planetimiz bütövlükdə daha da mürəkkəbləşə bilər, çünki günəş ona istilik və işıq verir, günəşin nüvə birləşməsi ilə əlaqədar daha böyük entropiya tərəzilərin tarazlığını bərpa edir. Sadə orqanizmlər digər canlı formalarından və cansız maddələrdən istifadə edərək mürəkkəbə doğru qalxa bilərlər.

 

  1. Mutasiyalar təkamül nəzəriyyəsinin mühüm elementidir, lakin mutasiyalar xüsusiyyətləri aradan qaldıra bilər. Onlar yeni xüsusiyyətlər yarada bilməz.

Əksinə, biologiya nöqtə mutasiyalarının (point mutations – orqanizmin DNT – sində dəqiq mövqelərin dəyişməsi) yaratdığı bir çox xüsusiyyətləri siyahıya almışdır – məsələn, antibiotiklərə bakterial müqavimət.

Heyvanlarda inkişaf-tənzimləyici Homeoboks genlər ailəsində yaranan mutasiyalar da mürəkkəb təsirlərə malik ola bilir. Hoks genləri ayaqların, qanadların, bığcıqların və bədən seqmentlərinin böyüdüyü yerlərə yönəlir. Drozofillərdə (meyvə milçəkləri), məsələn, Antennapedia adlanan mutasiya bığcıqların çıxmalı olduğu yerdən ayaqların çıxmasına səbəb olur. Bu anormal əzalar funksional deyil, lakin onların mövcudluğu göstərir ki, genetik səhvlər mürəkkəb strukturlar yarada bilir, onları isə sonradan təbii seçmə mümkün istifadə üçün sınaqdan keçirir.

Bundan başqa, molekulyar biologiya genetik dəyişikliklər üçün nöqtə mutasiyalarını geridə qoyan mexanizmlər kəşf edib və onlar yeni xüsusiyyətlərin yarana biləcəyi üsulları genişləndirirlər. Genlər daxilində funksional modullar yeni yollarla birləşdirilə bilər. Bütöv genlər orqanizmin DNT-sində təsadüfi olaraq kopiyalana bilər və  bu kopiyalar yeni, mürəkkəb xüsusiyyətlər üçün genlərə mutasiya etməkdə sərbəstdirlər. Orqanizmlərin geniş müxtəlifliyindən DNT-lərin müqayisələri qan zülallarının qlobin ailəsinin milyon illərlə necə təkamül etdiyini göstərir.

 

  1. Təbii seçmə mikro-təkamülü izah edə bilər, lakin o, yeni növlərin mənşəyini və həyatın yüksək nizamını izah edə bilməz.

Təkamülçü bioloqlar təbii seçmənin neə yeni növlər əmələ gətirdiyi haqqında geniş yazmışlar. Məsələn, Harvard Universitetindən Ernst Meyr tərəfindən işlənən allopatriya modelinə görə, əgər orqanizm populyasiyası coğrafi sərhədlərlə öz növlərindən olanlardan ayrı düşsələr, onlar daha fərqli seçmə təzyiqlərinə məruz qala bilərlər. Dəyişikliklər ayrı düşən populyasiyada baş verəcək. Əgər həmin dəyişiklər ayrı düşmüş qrupun öz mənşəyi olan növlə cütləşə bilməyəcəyi və ya müntəzəm cütləşə bilməyəcəyi qədər böyük olarsa, o zaman ayrı düşmüş cinsi olaraq da ayrı düşmüş olur və özlüyündə yeni növə çevrilmiş olur.

Təbii seçmə təkamül mexanizmlərdən ən yaxşı öyrəniləndir, lakin bioloqlar başqa ehtimallara da açıqdırlar. Bioloqlar orqanizmlərdə mürəkkəb xüsusiyyətləri yaradan və ya quruluşalmaya səbəb olan qeyri-ənənəvi genetik mexanizmlərin mümkünlüyünü daim qiymətləndirməkdədirlər.

Amherst Massaçusets Universitetindən Linn Marqulis və digərləri bəzi hüceyrə hissəciklərinin, məsələn, enerji yaradan mitoxondrilərin qədim orqanizmlərin qarşılıqlı əlaqəli birləşməsi nəticəsində təkamül etdiyini inandırıcı şəkildə iddia edirlər. Beləliklə, elm təbii seçmədən kənar qüvvələr nəticəsində təkamülün mümkünlüyünü qəbul edir. Lakin bu qüvvələr təbii olmalıdır; onlar mövcudluğu, elmi desək, sübut edilməyən naməlum yaradıcı ağılın fəaliyyətinə aid edilə bilməz.

 

  1. Heç kəs heç vaxt yeni növün təkamül etdiyini görməyib.

Quruluşalma, güman ki, kifayət qədər nadirdir və bir çox hallarda əsrlərlə davam edə bilər. Üstəlik, formalaşma mərhələsində yeni bir növü tanımaq çətin ola bilər, çünki bioloqlar bəzən növləri ən yaxşı şəkildə necə müəyyən etməklə bağlı fikir ayrılığında olurlar. Daha geniş istifadə olunan müəyyənetmə – Meyrin Bioloji Növlər Konsepti növləri cinsi olaraq ayrı düşmüş populyasiyaların ayrıca birlikləri kimi– normalda öz birliklərindən kənarda çoxala bilməyən və ya çoxalmayan orqanizmlər toplusu kimi tanıyır. Təcrübədə bu standartı məsafəyə, yaxud əraziyə görə ayrı düşmüş orqanizmlərə və ya bitkilərə (əlbəttə ki, fosillər də çoxlamır) tətbiq etmək çətindir. Buna görə də bioloqlar orqanizmlərin fiziki və davranış xüsusiyyətlərindən onların növ üzvlüyünü müəyyən etmək üçün dəlil kimi istifadə edirlər.

Bunlara baxmayaraq, elmi ədəbiyyat bitkilərdə, həşəratlarda və soxulcanlarda aşkar quruluşalma hadisələri haqqında məruzələrə malikdir. Bu təcrübələrdən çoxunda tədqiqatçılar orqanizmləri seçmənin müxtəlif tiplərinə – anatomik fərqlər, cütləşmə hərəkətləri, vərdiş üstünlükləri və digər xüsusiyyətlər üçün – məruz qoymuş və belə qərara gəlmişlər ki, onlar kənar növlərlə cütləşməyən orqanizm populyasiyası yaratmışlar. Məsələn, Nyu Meksiko Universitetindən Uilyam R.Rays və Davis Kaliforniya Universitetindən Corc U. Solt göstərmişlər ki, əgər onlar drozofilləri müəyyən mühitlər üçün tərcihlərinə görə qruplaşdırsalar və 35 nəsil üzrə həmin milçəkləri ayrı – ayrı cütləşdirsələr, nəticədə yaranan milçəklər başqa mühitdən olan milçəklərlə cütləşməkdən imtina edəcəklər.

 

  1. Təkamülçülər ara fosilləri göstərə bilmirlər – məsələn, yarı sürünən, yarı-quş olan canlılar.

Əslində paleontoloqlar müxtəlif sistematik qruplar arasında aralıq olan fosil nümunələri haqqında çox sayda detallı nümunələrə malikdirlər. Bütün zamanların ən məşhur fosillərindən biri Arxaeopteriks (Archaeopteryx), hansı ki, quşlara və dinozavrlara xas xüsusiyyətlərlə lələklərə və skelet strukturuna malikdir. Başqa lələkli fosil növlərinin sürüsünə də – bəziləri quşlara daha çox, digərləri daha az bənzəyən – rast gəlinir. Fosil ardıcıllığı müasir atların kiçik Eohippus-dan  təkamülünü də əhatə edir. Balinalar quruda gəzən dördayaqlı əcdadlara malikdirlər və Ambulocetus və Rodhocetuskimi tanınan canlılar ara fosilləridir (“Suları fəth edən məməlilər” Keyt Uonq; Scientific American, May). Fosil balıqqulaqları milyonlarla illərdir ki, müxtəlif moluskların təkamülünün göstəricisidir. Ola bilsin ki, 20 və ya daha çox hominid (onların heç də hamısı bizim əcdadımız deyil) avstrolopitek Lüsi ilə müasir insanlar arasındakı boşluğu doldurur.

Lakin kreasionistlər bu fosil araşdırmalarını nəzərdən qaçırırlar. Onlar iddia edirlər ki, Archaeopteryx sürünənlərlə quşlar arasındakı itmiş əlaqə deyil, o, sadəcə olaraq sürünənlərin xüsusiyyətlərinə malik nəsli kəsilmiş quşdur. Onlar istəyirlər ki, təkamülçülər qəribə bir qulyabanı göstərsinlər, hansı ki, heç bir məlum qrupa mənsub olmasın. Hətta əgər kreasionistfosili iki növ arasında keçid canlı kimi qəbul etsə belə, o, başqa fosilləri bu fosil və digər ikisi arasında keçid kimi qəbul etməkdə israr edəcək. Bu qəzəbləndirici tələblər əbədi olaraq davam edə bilər.

Buna baxmayaraq, təkamülçülər molekilyar biologiyadan daha artıq dəstəkləyici dəlillər göstərə bilərlər. Bütün orqanizmlər eyni genlərin əksəriyyətini paylaşırlar, lakin təkamül proqnoz etdiyi kimi, bu genlərin strukturu və onların məhsulları, təkamül əlaqələri ilə əlaqədar növlər arasında fərqlənir.Genetiklər zamanın keçməsini qeydə alan “molekulyar saat” haqqında danışırlar. Bu molekulyar məlumat bazası həm də müxtəlif orqanizmlərin təkamül daxilində necə keçid canlı olduqlarını göstərir.

14. Canlılar inanılmaz dərəcədə mürəkkəb cəhətlərə malikdir – anatomik, hüceyrəvi və molekulyar səviyyələrdə – onlar daha az mürəkkəb və ya daha az qəliz olsaydılar, fəaliyyət göstərə bilməzdilər. Yeganə ağlabatan nəticə bundan ibarətdir ki, onlar təkamülün deyil, ağıllı dizaynın məhsullarıdır.

“Dizayn tərəfdarlarının bu arqeumenti” so zamanlar təkamül üzərinə edilən hücumların onurğa sütunudur, lakin bu artıq köhnəlmiş arqumentdir. 1802-ci ildə teoloq Uilyam Paley yazırdı ki, əgər bir nəfər çöllükdə cib saatı tapırsa, bundan çıxan ən ağlabatan nəticə odur ki, onu kimsə cibindən salıb itirib, onu orada heç də təbii qüvvələr yaratmayıb. Analoji olaraq, Paley iddia edir ki, canlı varlıqların mürəkkəb strukturu birbaşa ilahi kəşfin əl işi olmalıdır. Darvin “Növlərin mənşəyi”ni Paleyə cavab olaraq yazmışdı: o, irsi xüsusiyyətlərlə hərəkət edərək, təbii seçmə qüvvələrinin rəngarəng orqanik strukturların təkamülünü tədricən şəkilləndirə bildiyini izah etmişdi.

Kreasionist nəsilləri gözə təkamül edə bilməyən struktur qismində istinad edərək Darvinə qarşı durmağa çalışmışlar. Onların dediyinə görə, gözün görməni təmin etmə bacarığı onun hissələrinin mükəmməl nizamlanmasından asılıdır. Beləliklə, təbii seçmə gözün təkamülü zamanı lazım olan keçid formalarını təmin edə bilməzdi – yarı-gözün (yarımçıq gözün) nə faydası ola bilərdi? Bu tənqidləri öncədən görən Darvin bildirirdi ki, hətta “yarımçıq” gözlər də fayda verə bilər (məsələn, canlılara işığa doğru istiqamətlənməyə kömək edə bilər) və bu yolla sonrakı təkamül inkişafına qədər sağ qalmanı təmin edə bilər. Biologiya Darvini dəstəklədi: tədqiqatçılar heyvanlar aləmində sadə (primitiv) gözlər və işığa qarşı həssas orqanlar müəyyən etdilər və müqayisəli genetika vasitəsilə gözün təkamül tarixini izlədilər (İndi məlum olur ki, ayrı-ayrı orqanizm ailələrində gözlər müstəqil təkamül ediblər).

Ağıllı dizaynın bu günki müdafiəçiləri sələflərindən daha təcrübəlidirlər,  lakin onların arqumentləri və məqsədləri əsasən bir-birindən fərqlənmir. Onlar təkamülün bizim bildiyimiz həyatı izah edə bilməyəcəyini göstərərək, omu tənqid edir və israr edirlər ki, yeganə məntiqi alternativ həyatın qeyri-müəyyən ağı tərəfindən dizayn olunmasıdır.

 

  1. Son kəşflər sübut edir ki, hətta mikroskopik səviyyədə belə həyat təkamül vasitəsilə yarana bilməyəcək mürəkkəbliyə malikdir.

“Dönməz mükəmməllik” “Darvinin qara qutusu: Təkamülə biokimyəvi çağırış”ın müəllifi, Lihay Universitetindən Maykl C.Behenin döyüş marşıdır. Dönməz mürəkkəbliyin təsərrüfat nümunəsi kimi Behe siçan tələsini – hissələrindən biri olmadığı halda işləməyən və bütöv olmadığı halda hissələrinin heç bir dəyər daşımadığı bir qurğu – göstərir. Onun fikrincə, siçan tələsi ilə bağlı həqiqət bundan ibarətdir ki, o, kənar motor kimi işləyən irəli hərəkət etmək üçün istifadə olunan qamçıya bənzər hüceyrə hissəsi olan bakteriya kirpikciyi üçün də keçərlidir. Kirpikciyi əmələ gətirən zülallar düşünülməmiş şəkildə insan mühəndisin ayıra biləcəyi motor komponentləri, universal birləşmə və digər strukturlara bölünmüşdür. Behe iddia edir ki, bu mürəkkəb çoxluğun təkamül modifikasiyası vasitəsilə yaranması ehtimalı, praktik olaraq, sıfıra bərabərdir və beləliklə, ağıllı dizayna müraciət edir. O, qan laxtalanması mexanizmi və digər molekulyar sistemlər haqqında oxşar qeydlər edir.

Lakin təkamülçü bioloqların bu etirazlara cavabları vardır. Birincisi, elə flagellər (kirpikciklər) var ki, Behenin istinad etdiyindən daha sadə şəkildə formalaşır, buna görə də kirpikciyin fəaliyyəti üçün həmin komponentlərin hamısının olması zəruri deyil. Bu kirpikciyin dəqiq komponentləri Braun Universitetindən Kennet R.Millerin və başqalarının təsvir etdiyi kimi, təbiətdə başqa yerlərdə presedentlərə malikdir. Faktik olaraq, bütöv kirpikcik toplusu Yersinia pestis bubon vəba bakteriyasının hüceyrələrə toksinlər daxil edən hissəciklərinə xeyli bənzəyir.

Məsələ bundadır ki, Behenin irəli sürdüyü kimi, sadə orqanizmlərdə irəli hərəkət etməkdən başqa, heç bir dəyəri olmayan kirpikciyin (flagellum) komponent strukturları onların təkamülünü inkişaf etdirməyə imkan verə bilən çoxsaylı funksiyalar göstərə bilər. Kirpikciklərin son təkamülü başlanğıcda başqa məqsədlər üçün təkamül etmiş dəqiq hissəciklərin yenidən birləşməsini əhatə etmiş ola bilər. Eynilə, San Dieqo Kaliforniya Universitetindən Rassel F.Dulitl tərəfindən aparılmış araşdırmalara əsasən, qan laxtalandırıcı system əslində həzm zamanı istifadə olunan zülalların dəyişməsi və hazırlanmasını da əhatə edir. Beləliklə, Behenon ağıllı dizaynın sübutu kimi adlandırdığı bəzi mürəkkəbliklər əslində heç də dönməz deyil.

 

Fərqli növün mürəkkəbliyi – “xüsusiləşmiş mürəkkəblik” – Baylor Universitetindən Uilyam A.Dembskinin özünün “Dizayn nəticəsi” və “Pulsuz nahar yoxdur” kitablarındakı ağıllı dizayn arqumentlərinin təməl daşıdır. Əsas etibarilə, onun arqumenti canlı varlıqların təsadüfi, birbaşa olmayan proseslər tərəfindən yaradılmayacaq qədər mürəkkəb olması haqqındadır. 200 il əvvəl Paleyə cavab olaraq, Dembskinin gəldiyi yeganə məntiqi odur ki, hansısa fövqəlinsan həyatı yaradıb və şəkilləndirib.

Dembskinin arqumentlərində boşluqlar var. İzahlar sahəsinin yalnız təsadüfi proseslərdən və dizaynedici ağıllardan ibarət olduğuna işarə vurmaq yanlışdır. Santa Fe İnstitutunun və digər yerlərin qeyri-xətti sistemlərin və hüceyrəvi avtomatların araşdırmaçıları göstərdilər ki, birbaşa olmayan, sadə proseslər qeyri-adi dərəcədə mürəkkəb əlamətlər yarada bilərlə. Orqanizmlərdə görülən mürəkkəbliklərin bəziləri bizim hələ ki tam anlamadığımız təbii hadisənin nəticəsində əmələ gəlmiş ola bilər. Lakin bu, mürəkkəbliyin təbii yolla yaranmış ola bilməməsi demək deyil.

“Yaradılış elmi” özlüyündə ziddiyyətli termindir. Müasir elmin mərkəzi prinsipi metodoloji naturalizmdir – o, müşahidə olunan və sınaqdan keçirilə bilən təbii mexanizmlərin terminləri ilə dünyanı dəqiq izah etməyə çalışır. Beləliklə, fizika maddə və enerjini idarə edən xüsusi konsepsiyalarla atom nüvələrini təsvir edir. Fiziklər, kvarklar kimi, yalnız məlumatlar daha öncəki təsvirlərinmüşahidə olunan hadisəni adekvat olaraq izah edə bilmədiyini göstərdikdə, öz nəzəriyyələrindən imtina edirlər. Yeni hissəciklər təsadüfi xüsusiyyətlərə malik olmurlar – onların müəyyən olunması çox məhduddur, çünki yeni hissəciklər fizikanın mövcud çərçivələrinə uyğungəlməlidir.

Əksinə, ağıllı dizayn nəzəriyyələri mövcud sirləri çözmək üçün lazım olan istənilən təbii bacarıqlara rahatlıqla malik olan qeyri-dəqiq varlıqlara istinad edirlər. Elmi sorğuları genişləndirmək əvəzinə, belə cavablar onu susdurur. (Mükəmməl ağılların mövcud olmadığını necə sübut etmək olar?)

Ağıllı dizaynın təklif etdiyi cavablar azdır. Məsələn, Ağıllı dizayn nə zaman və necə həyatın tarixinə daxil olmuşdur? İlk DNT –ni yaratmaqla mı? İlk hüceyrəni? Yoxsa ilk insanı? Hər bir növmü dizayn olunmuşdur, yoxsa yalnız bir neçə ilkin növ? Ağıllı dizaynın tərəfdarları bu nöqtələrdə divara qısnanmış olurlar. Onlar ağıllı dizayn haqqında ümidsiz ideyaları ilə barışmağa həqiqi cəhd belə göstərmək istəmirlər. Bunun əvəzində, nəticə ilə bağlı arqumenti irəli sürürlər – yəni təkamül izahlarını süni və yarımçıq nəzəriyyə kimi kiçildir və sonra bildirirlər ki, yalnız dizayn əsaslı alternativ qalır.

Məntiqi olaraq, bu, yanlış istiqaəmətləndirə bilər: hətta əgər bir naturalist izah yanlışlanıbsa, bu, onların hamısının yanlış olması demək deyil. Üstəlik, bu, bir ağıllı dizayn nəzəriyyəsini digərindən daha ağlabatan etmir. Dinləyicilər, əsasən boşluqları özləri doldurmalı olurlar və bəziləri, əlbət ki, öz dini inanclarını elmi ideyalarla əvəz etmək yolu ilə bunu edəcəklər.

Zaman və elm göstərdi ki, metodoloji naturalizm bir zamanlar dərkolunmaz hesab olunan sirlərə: işığın təbiəti, xəstəliklərin səbəbləri, beynin necə işləməsi – daha müfəssəl və ətraflı cavablar tapmaqla, bilgisizliyi aradan qaldıra bilər. Təkamül də canlı aləmin necə şəkil alması haqqında tapmacanı tapmaq üçün eyni işi görür. Kreasionizm və ya hər nə isə bu cəhdlərə heç bir intellectual dəyər qatmır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: