Psevdoelm

Telekinezi “bacarmaq” üçün bələdçi yazı

Bu yazı formatımızdan bir az fərqli olacaq. Mövzumuz şəkildən gördüyünüz kimi, telekinezdir. Bir müddәt öncә bir qrup “elmi” insan bir-iki göz aldatmacası öyrənib bizə telekinezin varlığını sübut etməyə və bunun elm dünyası tərəfindən dəstəkləndiyini inandırmağa çalışdı. Təbii ki, biz də psevdoelm ifşakarları olaraq buna etirazımızı yumoristik-elmi şəkildə bildirəcəyik.
 
Neçənci əsrdəyik? 21-ci əsr idi də elə deyil? Vay, geriyə baxanda nə böyük yol gəlmişik! Bizim gözəl planetimizin bir azdan 2016-cı yaşı tamam olacaq. Düz 2015 il bundan əvvəl gözəl bir yumru plastik top “yadplanetlilər” tərəfindən yaradılmışdır. Topu yaradandan sonra isə yadplanetlilər xüsusi tüpürcəklərindən istifadə edib onu partladıblar. Partlayandan sonra isə düz bir uzun xətt əmələ gəlib. Bu düz xəttin üstündə də biz yaranmışıq. Biz həqiqətən çox ağıllıyıq. Yadplanetlilər bizi seçdiyindən biz hər şeyi idarə edə bilirik. Yadplanetlilər dediyimiz zaman bizim bu inəkləri və insanları qaçıran bədbaxtlardan bəhs etmirik. Kim olublar ki, onlar? Bütün günü tarlalarda şəkil çəkirlər. Nə isə. Bizi yaradan 15-ci ölçünün yadplanetliləridir. Onlar bizi hər bir varlıqdan üstün edib. Əşyaları tərpədirik, küləyi idarə edirik, ildırım çaxdırırıq, heyvanların beynini idarə edirik. Çox ağıllıyıq, həqiqətən. Beynimizin gücünə misil ola bilməz!
 
Yox, bunu sadəcə seçilmiş insanlar edə bilir ancaq, ümidlənməyin sizi axmaqlar. Beyninizin sadəcə 10%-i istifadə edəndə belə olacağnını bilmirdiz? Siz beyninizin daha çox hissəsini işə sala bilsəydiniz yenə nəsə bir şey alınardı. Ya da qәdimdә yaşamış 3-4 metrlik nәhәng insan olsaydınız. Ya da 51-ci bölgәdә beyninizә dәrman yeridәrәk sizi teleknektik adam yeyən ölüm maşını etsəydilər. Ya da sizi 15-cü ölçüdən bir hörümçək dişləsəydi. Ya da qara madd… BƏSDİRİN!
 
 
Telekinezin çox maraqlı tarixi var bilirsinizmi? Onun tarixini oxuyarkən çox əylənə bilərsiniz. Əslində alqışlayırıq onları, insanları aldatmaqda çox bacarıqlıdırlar. Yaxşı, bəs telekinez niyə mümkün deyil, ümumiyyətlə, telekinez nədir, keçək ona.
 

Telekinez (Yunanca “uzaqdan hərəkət”) qısaca maddələr üzərində təsir olaraq xarakterizə edilir. Sözün kökü bir xeyli qədim görünsə də maddə üzərində düşüncə gücü ilə təsir fenomeninə telekinez adının verilməsi əslində elə də qədim deyildir. Bu təbir alman-rus psixi araşdırmaçı Aleksandr N. Aksakoff tərəfindən 1890-cı ildə istifadə edilmişdir. Telekinezin günümüzə qədər heç bir elmi sübutu müəyyən olunmayıb. 2006-cı ildə bu mövzuda edilən 380 araşdırmanın meta analizini edən araşdırmaçılar heç bir müsbət nəticə əldə etməyiblər.

Məhşur teleknetiklərə misal olaraq Uri Geller Nina Kulaginanı misal göstərmək olar. Kulagina nümayişlərində metal və kibrit çubuqları necə toxunmadan hərəkət etdirə bildiyini göstərmişdir. Amma Kulaginanın nümayişlərdə nəzarətə icazə verməməsi və onun bacarıqlarını müəyyən hiylələr ilə asanlıqla bacarmağın mümkün olduğunu nəzərə alsaq, Kulagina xanım üçün işlər elə də yaxşı olmur. Uri Geller də teleşoularda bu kimi nömrələri nümayiş etsə də bunların sadə illuziya oyunu olduğu sübuta yetirilmişdir. James Randi Təhsil Vəqfinin telekinez bacarığını elmi nəzarət altında sübut edən hər bir kəsə 1 milyard dollar mükafat vəd etməsinə baxmayaraq  heç kimsə hələ də bu mükafatı əldə edəcək qədər cəsarətə sahib olmayıb.

 
İndiyənə qədər bütün telekinez nümayişi edən məşhur insanların hər birinin fırıldaqçı olduğu sübut olunub və ya şübhəli kritisizmə cavab verə bilmir. Elmi cəhətdən kritisizmə gəldikdə isə bu bacarığın mümkünlüyünü inkar edən bir çox faktor vardır. Hətta bizim beynimiz əşyalara necəsə təsir edə bilirsə belə, beynimizdən çıxan dalğalar kəllə sümüyümüzdən 1-2 millimetrdən uzağa gedə bilmirlər. Əlbəttə, beynimizdəki dalğaları xüsusi cihazların köməyi ilə cəmləşdirə və fokuslandıra bilirik. Ancaq bunu özbaşımıza etməmiz, beynimizdəki çox zəif dalğaların şiddətini, tezliyini, uzunluğunu gücləndirməyimiz bizim beynimizə öldürücü təsir göstərə bilər.


Telekinezə inanan insanlar hər zaman olub və olacaq. Məsələn, bürclərin təsirlərinin daim ifşa edilməsinə baxmayaraq hələ də bürclərə inanan insanların sayı Yer kürəsinin əhalisinin yarısından çoxdur. Bu hər hansı dinə və ya bəlli bir tanrıya inanaların sayından qat-qat çoxdur. Telekinez isə o qədər məşhurluq qazana bilməyib. Eh, bu iş bir qədər çətindir. Niyəmi? Sizcə, hər kəs bir kağız parçasını bağlı şüşə qabın içində havada hərəkət etdirə bilərmi? Ya da bir qaşığı əyə bilərmi? Hə, burada bir sual gələ bilər. Əgər telekinez real deyilsə o kağız necə hərəkət edir? Ya o bir baxışı ilə qaşığı bükən insanlar? İlluziyalar, hiylələr və bir sıra fiziki üsulları bilmək kifayətdir.


Bilirsiniz, bu mövzunu müzakirə etmək Yerin düz olduğunu müzakirə etmək kimidir. Müzakirə etməyə bir şey yoxdur. Dəfələrlə bu kimi nümayişlərin sadə gözbağlama və ya illuziya olduğu isbat edilmişdir və elm tərəfindən qətiyyən ciddiyə alınmır. Çünki heç bir birbaşa və ya dolayı dələli yoxdur və bildiyiniz üzrə elm yalnız hər hansı dəlili olan və ya yetərli və məntiqli fikirlərlə maraqlanır. Əgər siz külək yarada bilirsinizsə bunu qapalı və tamamilə izolasoya olunmuş bir mühitdə elm insanlarının nəzarətində etməlisiniz. Təbii ki, bu günə qədər belə “bacarıqlı” insanlardan heç biri bunu bacarmayıb. Amma “Təsir olmadan cismi hərəkət etdirmək mümkündürmü?”-deyə soruşsanız cavabımız “Bəli, mümkündür” olacaq. Hər bir maddənin təbii tezliyi vardır. Əgər bu tezliyə uyğun olaraq hər hansı bir maddə və ya cismin üzərinə dalğa göndərilərsə həmin cismi hərəkət etdirmək, əymək, bükmək, sındırmaq və ya dağıtmaq mümkün olacaq. Bunlara misal olaraq Tacomo körpüsünün uçmasını və ya sadəcə insan səsi ilə bardaq sındırılmasını göstərə bilərik. Buradan isə sadəcə səs dalğaları vasitəsi ilə uçan cisimləri izləyə bilərsiniz. 
 

Yuxarıda gördüyünüz nümunələr üzrə bu proseslər hər hansı bir qeyri-adilik xüsusiyyətinə sahib deyil. Tamamilə fiziki xüsusiyyətlərə və fizika qanunlarına əsalanır. Təbii əgər telekinezdən danışırıqsa bir də işin bioloji ölçüsü var. Çünki videodalarda gördüyümüz təsir qaynaqlarının hamısı sadəcə qurğular və ya təbiət hadisələri idi. İnsan beyni isə buna qadir deyil. Yəni bir neçə saat səssizliyə bürünüb “homm” edərək çakraları açıb, “beyninizin elmin çata bilmədiyi qapılarından keçib” bu ilahi gücə çatacağınızı düşünməyin. Və canlılardan bəhs ediriksə işin bir də təkamül nəzəriyyəsi baxımından ələ almalıyıq. Təkamül baxımından bu anlayışların heç bir əhəmiyyəti yoxdur. Heç bir canlı növündə bu xüsusiyyətlər təkamülləşməyib. “Trade-off” (bir orqanın və ya strukturun təkamülünün digər orqan və ya strukturlara təsir etməsi) baxımından bu gərəksiz və təhlükəlidir. Nə həyatda qalmaq nə də nəsil artırmaq baxımında əhəmiyyəlidir (yenə trade-off)

 

Yekun nəticə olaraq bunu deyə bilərik ki, bütün bu zehin oxuma, qaşıq bükmə, Avatar filmindəki kimi hava və ya digər 3 ünsürün bükücülülüyünü etmək və digər telekinetik proses olaraq adlanan bu proseslərin heç birinin beyin gücü və ya beyin dalğaları ilə əlaqəsi yoxdur. Özünü telekinetik adlandıran və telekinezi bacardığını deyən insanlar sadəcə məşhurluq qazanmaq və ya öz eqosunu doydurmaq istəyən fırıldaqçılardır.

 
Qeyd:

Əgər son cümləmizdəki fırıldaqçı sözü xətrinizə dəydisə bizi hər hansı bir müvafiq orqana şikayət etməkdə tələsməyin. Yuxarıda adını çəkdiyimiz telekinetik Uri Geller teleşoularda öz “bacarıqlarını” nümayiş etdirərkən köhnə illuzionist olan James Randi bunların sadə bir şou olduğunu iddia etmiş və bunları təkrar edə biləcəyini demişdi. Həqiqətən də James Randi teleşouların birində Uri Gellerin etdiyi bütün prosesləri təkrar etmişdi. Bunun üzərinə Uri Geller James Randiyə qarşı təzminat məhkəmə prosesi başlatmış, amma James Randi qəlib gəlmiş və bütün məhkəmə xərclərini Uri Geller ödəməli olmuşdur.

 

Hələ də telekinez barədə iddialısınızsa o zaman James Randi vəqfinə müaricət edin, bacarıqlarınızı sübut edin və milyon dollara sahib olun. Əgər bunu bacarmamısınızsa susmağınızı məsləhət görürük.
Əlavə oxu:

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: