Psevdoelm

Təkamül və yaradılış

Təkamül əleyhdarlarının daim canlıların mükəmməl bir şəkildə “dizayn” edildiklərini, bütün canlıların sәhvsiz bir dəqiqliklə hәr hansı bir funksiya yerinә yetirdiklərini təlqin etməyə çalışdıqlarını görürük. Onlara görə bu mükəmməlliyin zirvəsində təbii ki, insan yerlәşir. İnsan “ruh”u və düşüncələri ilə bütün canlılardan daha üstündür, hətta digər bütün canlılar ona xidmət üçün yaradılmışlar.
Ancaq vəziyyət heç də təkamül əleyhdarlarının irəli sürdüyü kimi deyil. Hər insanın bir (bəzən də bir neçə) orqanının həyatının müəyyən bir dövründə ya da bütün həyatı boyunca kifayət qədər funksiya yerinә yetirmәdiyini, xəstələndiyini hamımız bilirik. Bunu görmək üçün xəstəxanalara getməyə də ehtiyac yoxdur. Yəni yaradılışçılar dediyinin əksinə, insan mükəmməl hazırlanmış, sәhvsiz həssaslıqla işləyən bir orqanizm deyil. Bütün canlılar kimi insan da hələ təkamüllü dəyişmənin әziyyәtini çəkməkdədir.
Bu mövzuda bir neçə nümunə verək. İnsanlarda üçüncü azı dişi (ağıl dişi) problem yaradır. Bu dişlər ya əyri çıxır ya da çıxıb funksiya yerinә yetirmәdiklәri üçün tez çürüyür. Nəticədə az qala bütün insanların bu dişlərlə başı bəladadır. Sizcə, burada mükəmməl bir “dizayn” vardırmı? Bunun tək məntiqli açıqlamasını təkamül nәzәriyyәsində tapa bilərik. Çünki insanda çənə ölçüləri getdikcə kiçilir və dolayısı ilə dişlər kiçilən çənədə yer tapmaqda çətinliklərlə üzləşirlər. Kiçilmədәn ən çox təsirlənən dişlər diş sırasında ən arxada olan üçüncü azılardır.
Başqa bir nümunə də dik yerimə üzərinə verilə bilər. Təkamül düşüncəsinə görə dik yerimə insanın sonradan qazandığı bir xüsusiyyətdir. Antropoloji araşdırmalar dik yerimәnin zaman içərisində, yavaş işləyən bir proses nəticəsində yarandığını və bu vaxt bir çox yan budağın meydana gəldiyini göstərir. Əlimizdəki tapıntılara görə dik yeriməyə keçidin ilk addımları 4,4 milyon il əvvəl Ardipithecus ramidusda görülmüşdür. AustralopithecusHomo habilis və Homo erectusda inkişafa davam edərək günümüzə gəlmişdir. Ancaq bu müddət tamamlanmamış, hələ davam etməkdədir. Fərqli bir ifadəylə, insan dik yeriməyə hələ tam mənasıyla uyğunlaşmış bir canlı deyil. Necə ki uzun bir müddət ayaq üstə duranda ilk öncə belimiz və ayaqlarımız olmaq üzrə bədənimizin bir çox hissəsində ağrılar başlayır. Mənbəyi onurğa və ayaqda ortaya çıxan digər struktur pozuqluqları olan belə əlamətlər bu prosesin tamamlanmadığının digər göstəriciləridir.
 
Adaptasiya və yaradılışçılıq
Burada çox əhəmiyyətli bir nöqtəyə toxunuruq. Yuxarıda verilən nümunələrin hamısı canlıların mükəmməl yaradılmadıqlarını, amma ətrafa uyğunlaşma təmin edərək yaşamağa çalışdıqlarını və bu vaxt dəyişikliyə uğradıqlarını göstərir. Yaradılış düşüncəsini müdafiə edənlərin açıqlayacağı mövzulardan biri də adaptasiyadır. Görəsən, təkamül əleyhdarları canlıların “adaptasiaya”sını necə açıqlayırlar? Bilirik ki, təkamül əleyhdarı önlərində duran saysız dəlil qarşısında geriləyərək, növ içərisində dəyişmələrin ola biləcəyini qəbul etmək məcburiyyətində qalmışdır. Ancaq problem burada qurtarmır. Canlılar mükəmməl olaraq yaradılmışlarsa görəsən nə üçün dəyişməyə ehtiyac duyurlar? Növ içində belə olsa?
Əslinə baxılacaq olsa təkamül əleyhdarlarının buna veriləcək cavabları yoxdur. Çünki canlılar dəyişmək məcburiyyətində qalırlarsa, o zaman mükəmməl yaradıldıqları necə müdafiə oluna bilər? Ya da yox əgər hər dəfə təkrar-təkrar yaradılırlarsa, o zaman yaradıcının mükəmməl bir “dizayn” edə bilmədiyi, hər səfərində yaratdıqlarında yeni düzəlişlər etmək zəruriliyini duyduğu nəticəsində ortaya çıxır. Bu, təkamül əleyhdarının bu düşüncənin içindən çıxa bilmədiyi və heç bir zaman da çıxa bilməyəcəyi bir mövzudur.
Yaradılışçılıq təbii olaraq canlılığın yaranması və dəyişməsi mövzusunda heç bir dəlilə sahib deyil. Bir fikrin elmi qəbul edilməsi üçün fikir sınaqdan keçirilə bilən əsaslara sahib olmalıdır. Bu düşüncəni müdafiə edənlər üçün demək olar ki, bütün dəlillәr “təkamül düşüncəsinin açıqlaya bilmədiyi mövzulara” əsaslanır. Yəni onlara görə bir nöqtə təkamülçü düşüncəylə açıqlanamırsa, qəti bir şəkildə yaradılışı sübut edir. Bir nümunə: “Canlılıq təsadüfən yaranmamışsa şüurlu bir şəkildə var edilmişdir“. Görəsən üçüncü və ya dördüncü bir variant yoxdurmu? Bu düşüncənin arxasında, insanların şüurunda “ikili” bir məntiq yaratmaq səyi yatır. Yəni birinci variant doğru deyilsə mütləq ikincisi doğrudur. Bu, düşüncənin şәrtlәndirilmәsi və daraldılması demək deyil də nədir?
 Mədəniyyət mövzusu
Yaradılış məntiqiylə hərəkət edildiyində aydınmayacaq mövzulardan biri də mədəniyyətin inkişafıdır. Buna nümunə olaraq alət istehsalını verə bilərik. İnsan mükəmməl olaraq yaradılmışsa onun yaratdığı ilk alət nə üçün mükəmməl deyil? Alət texnologiyasındakı inkişafa baxıldığında heç kimin əksini iddia edə bilməyəcəyi bir həqiqət var: o da alət texnologiyasının sadədən mürəkkəbə doğru inkişaf etdiyidir.
İnsan təkamülünün erkən mərhələlərində yaradılan alətlər kobud və olduqca “sadədir”. İlk mərhələdə bir ya da iki üzünün bir neçə zərbəylə yontulduğu daş alətlərlə qarşılaşılır. Daha sonrakı mərhələlərdə ustaca yaradıldığı və alətin daha geniş bir hissəsinin emala başlandığı görülür. Ardından yonqu olaraq yaradılan parçaların emalı və getdikcə kiçik alətlərin yaradılması gündəmə gəlmişdir. Bu vaxt müxtəliflik müşahidəsi və bunun təbii nəticəsi olaraq insanın “alət çantası” genişlənmişdir.
Bu məlumatlardan sonra ilk suala təkrar qayıdaq. Görəsən, mükəmməl olaraq yaradılan insan nə üçün alət dizayn etməyi bu qədər uzun müddətdə (təxminən 2,5 milyon ildə) öyrənib? Yaradılışçıların insan olaraq qəbul etdiyi Homo erectuslar və Neandertal nə üçün metal alət yatarmayıblar, dulusçuluqla qab-qacaq düzәltmәyiblәr, məbədlər inşa edə bilməyiblər?
Bu düşüncə sistemi digər mövzulara da rahatlıqla tətbiq oluna bilər. Məsələn: mükəmməl olaraq yaradılan insan görəsən, nə üçün tarixinin böyük bir hissəsində əkinçiliklə məşğul olmayıb? Əkinçiliyi öyrənməsi üçün nə üçün milyonlarla il gözləmiş, özü әhillәşmiş heyvan saxlamaq yerinə yırtıcı heyvanların arasına atılaraq həyatını təhlükəyə atıb? Təxminən, 1,5 milyon il yaşı olan Homo erectuslar nə üçün əkinçiliklə məşğul olmayıb, kənd salmayıb, yalnız kobud daş alətləri yaradıb, mağarada alovu nәzarәt altına almaqla kifayətləniblər?
“Təkamül saxtakarlıqları”
Təkamül əleyhdarları dillərinə әzbәr etdikləri Piltdaun Adamı olmasaydı görəsən fosilləri qaralamaq üçün nə edərdilər? Əsrimizin əvvəllərində reallaşan bu saxtakarlıq hadisəsinin yenə elm insanları tərəfindən aydınladıldığını unudaraq bütün tapıntıların bir anda yox sayılması və ya bütün qalıq tapıntıların saxta olduğu şəklindəki düşüncənin yayılmasına daha nə qədər davam edəcək? Yәni neçә il әrzindә cırtdan planet olan Pluton 9-cu planet kimi sayılıb deyә bütün astronomiya saxtadırmı? Bu necә dә axmaq düşüncәdir, deyilmi? Bu saxtakarlığın məsullarının kim(lər) olduğu indiyə qədər aydın olmamışdır.
Təkamüldə “təsadüf”
Son olaraq təkamül nәzәriyyәsinin təsadüf dünyagörüşünə toxunmaq daha yaxşı olar. Yaradılışçılar bir canlının deyil, bir zülalın belə təbiətdəki inkişaflarla meydana gələ bilməyəcəyini, bunların təkamül nәzәriyyәsindә açıqlandığı kimi təsadüflərə əsaslanmadığını müdafiə edir. Bu düşüncəsini elmi bir təmələ oturdurmuş təəssüratını vermək üçün də riyaziyyata müraciət edir, önümüzə bol sıfırlı cədvəllər sərirlәr (Təbii ki, bu bol sıfırlı ehtimallar reallaşmayacağını görə geriyə tək variant qalır: “Uca yaradıcının mükəmməl dizaynı.“).
Ancaq edilən təhrif bütün çılpaqlığıyla dişini bizә ağardır. Təkamül nəzəriyyəsi heç bir zaman canlı quruluşun və onun alt vahidlərinin indiki vaxtda göründüyü formasıyla bir anda ortaya çıxdığını müdafiә etmәyib. Təkamül nәzәriyyәsinә görə canlılığın ilk fundamental əsasları sadə üzvi molekullardan meydana gəlib. Bunlar birdən-birə zülal ya da hüceyrə orqanları formasında qarşımıza çıxmaz. İlk üzvi molekullar addım-addım inkişaf etmiş, fərqliləşmiş, mürәkkәblәşmişlәr. İlk üzvi molekulların zülallara və ya nuklein turşularının keçmәsi üçün milyardlarla il keçməsi lazım idi. Ancaq yaradılışçılar bunu bilmələrinə baxmayaraq bu keçid mərhələlərini nəzərə almadan həmişə “son məhsul” üzərindən yola çıxaraq bol sıfırlı hesablamalar aparırlar. Bu vaxt qəsdli olaraq təkamülçülərin zülal ya da hüceyrənin birdən-birə meydana gəldiyini müdafiə etdiklərini iddia edirlər. Bu, təhrif deyil də nədir?

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: