PsevdoelmTəkamül

Ota Benga skandalı: “insanxana” və təkamül nəzəriyyəsi

Ota Benga 1883-cü (və ya 1884-cü) ildə doğulmuş və 20 Mart 1916-cı ildə intihar edərək ölmüş, bu günki Konqo Demokratik Respublikası (o dövrdə “Konqo Azad Dövləti”) torpaqlarında yaşamış qaradərili Mbuti piqmesidir. Mbuti insanları Konqoda yaşayan yerli qəbilədir və piqmedirlər, yəni populyasiyalarının ortalama boy uzunluğu 150 santimetrdən azdır. Bu qəbilədən olan Ota Benganı məşhur edən şey isə 1904-cü ildə ABŞ-ın Missuri əyalətinin Sent-Luis şəhərində təşkil edilən Luiziana alqı-satqı sərgisində, sonra 1906-cı ildə Bronks zooparkında açılan və böyük müzakirələrə səbəb olan “İnsanxana”da sərgilənməsidir. Onu spesifik olaraq məşhur edənsə elm düşmənlərinin bu yeganə nümunəni əllərində bayraq edərək həm böyük bir elm sahəsi olan Təkamül Biologiyasını gözdən salma səyi, həm də hər kəsin gözlərinin içinə baxa-baxa yalan danışmalarıdır. Çünki Ota Benga daim iddia edildiyinin əksinə nə təkamül biologiyasının bir “isbatı” olsun deyə təkamülçü bioloqlar (ya da elm düşmənlərinin təbiriylə “təkamülçülər”) tərəfindən o “insanxana”ya qoyulub, nə də Ota Benganın təkamül biologiyasıyla hər hansı bir əlaqəsi yoxdur. Hətta yazı daxilində görəcəyiniz kimi bu cür insan sərgilərinin mənşəyi təkamül nəzəriyyəsindən daha əvvəllərə uzanır və on milyonlarla insanın kölə edildiyi bir dövrdə yalnız 1 dənəsinin başına gələnlərə baxaraq ən güclü elm sahələrindən birinin qarşısında mövqe almaq yanlışdır.

Ota Benga (1904)

Ota Benga ehtimal ki, 1884-cü ildə Belçikanın Konqoda Kral Leopoldun əmriylə 5-15 milyon insanı işgəncə edilərək qətlə yetirildiyi bir dövrdə dünyaya gəlmiş və həyatda qalmağı bacarmışdır. 1903-cü ildə, təxminən 19 yaşındaykən evli və 2 uşaq atası olan Ota Benga müvəffəqiyyətli bir fil ovundan qayıdarkən tutularaq kölələşdirilmişdir. Həyatını araşdıran bioqrafiyaçıların yazdığına görə fili ovlaya bilmək üçün bir neçə gün boyunca ailəsindən uzaq qalan Ota itiləşdirilmiş taxta bir çubuqla ovunu ovlaya bilmişdir. Ovundan aldığı hissələri qürurla evinə daşıyarkən, kəndinə çatdıqda kənddən geriyə heç bir şey qalmadığını görmüşdü. Xalq Qüvvələri (The Force Publique) adlı militan və qaçaqçılıqla məşğul olan quruplaşma həyat yoldaşını və uşaqlarını qətl etmiş və kiçik qəbilənin demək olar ki, hamısını məhv etmişdi. Eyni qüvvələr Ota Benga və həyatda qalan bir neçə digər qəbilə üzvünü əsir almışdı. Günlərlə piyada yeriməyə məcbur edilən Ota Benga pulla əvvəlcə Basişeller adlı bir insan qrupuna, sonra isə bunlar vasitəsilə Samuel Filips Verner adlı bir xristian missionerə satılmışdır. Bundan sonra başına gələnlərə az sonra toxunacağıq, ancaq əvvəlcə Ota Bengayla bağlı iddialarının təməllərinin çürüklüyünə qısa bir şəkildə nəzər salaq.

Təkamül nəzəriyyəsi ilə nə əlaqəsi var?

İlk olaraq bir neçə əhəmiyyətli nöqtənin fərqinə varılmalıdır: bəhs edilən dövrdə insan köləliyi son dərəcə yayğın idi və hələ qadağan edilməmişdi. Köləliyi yaradan ünsürsə əlbəttə ki, təkamül biologiyası deyil, insanlığın acizliyi və ayrı-seçkilikçilik marağıdır. Köləlik anlayışı ortaya çıxdığında hələ təkamül nəzəriyyəsi deyə bir şey yox idi. Üstəlik, təkamül biologiyası bütün növlərin və növlərin bütün fərdlərinin ortaq atalardan gəldiyini ortaya qoyması baxımından hansı baxış bucağından ələ alınırsa, alınsın “bütünləşdirici” bir nəzəriyyədir, “ayırıcı” və insanları “sektlara/məzhəblərə bölən” bir nəzəriyyə deyil. Digər tərəfdən elmin bütünləşdirici olması  mütləq deyil. Çünki elm həqiqətlərlə bağlıdır. Bir şirin bala bir ceyranı paramparça etməsi içimizi dağlaya bilər, ancaq təbiətin həqiqəti budur. Biz yaxşı hiss edək deyə elm “Şirlər bala heyvanları parçalamaz” deməyəcək. Eyni şəkildə, təkamül nəzəriyyəsi hər hansı bir şəkildə insani hisslərimizə xitab etməyən hissələrə sahib olsaydı belə, bunu nəzəriyyənin etibarsızlığını göstərmək üçün istifadə edə bilməzdik. Elm belə bir şey deyil.

Bu mövzudakı bir başqa əhəmiyyətli nöqtə Ota Benganın çox təəssüf ki, o dövrdəki tək kölə olmamasıdır. İnsanlıq tarixi boyunca xüsusilə, 17-19-cu əsrlər arasında 20 – 100 milyon insanın kölə olaraq alınıb-satıldığı düşünülür. İngilis gəmilərinin qeydlərindən əldə edilən məlumatlara görə sadəcə İngiltərənin Afrikadan 1.5-2.8 milyon insanı kölə olaraq daşıdığı bilinir. Bu yazıq insanların hər birinin başlarına gələni araşdırmaq və problemin qaynağı olan insan acizliyini ortaya çıxarmaq yerinə, tək bir nümunədən yola çıxaraq insanlıq tarixinin ən güclü elm sahələrindən birini hədəf almaq sadəcə ürək ağrıdır.

Ota Benganı alan, satan və sərgiləyən insanların “təkamül biologiyası” ilə birbaşa (və hətta çoxunun bilvasitə olaraq belə) əlaqəsi yoxdur. Məsələn Ota Benganı bir məhsul və ya mal imiş kimi alıb-satan, harada nə ediləcəyinə qərar verən adam Sent-Luis Dünya Sərgisi (və ya digər adıyla “Luiziana Alqı-satqı sərgisi”) tərəfindən vəzifələndirilən Samuel Fhillips Verner adlı bir Xristian missioneri iş adamı və səyyahdır. Bəzi qaynaqlarda özünü bir “həkim” olaraq təqdim etsə də, əslində “University of South Carolina”dan 19 yaşında bir universitet tələbəsi olaraq məzun olmuşdu, hər hansı bir elmi adı yox idi. Özü bundan sonra bir dəmiryolu işçisi olaraq işləmiş, ailəsinin də məşhurlaşdığı yol kimi kölə ticarətini seçmiş və sonra Ota Benganı kölə etdiyi dövrlər geridə qalmış, öz zəngin ailəsinin şansının itməsi ilə aclıqla mübarizə apararaq ölmüşdür. Onsuz da Vernerin kölələri almaq üzrə Konqoya səyahətinin də “elm” ilə əlaqəli olmadığı, antropoloq olmasına baxmayaraq daha çox bir “şoumen” olaraq tanınan Uilyam Makqidən aldığı bu “Konqodan alınacaq şeylərin siyahısı”ndan bəllidir:

Buna görə heç bir baxımdan mövzunu təkamül biologiyasıyla birbaşa əlaqələndirmək mümkün deyil. Bəzi tarixçilər dövrün irqçilik siyasətləriylə təkamül nəzəriyyəsinin siyasət sahəsindəki nəticəsi olan “Sosial Darvinizm”i əlaqələndirirlər, ancaq bu da birbaşa bir əlaqə yaradılması üçün qeyri-kafidir. Bir nəzəriyyədən yola çıxaraq yaradılan siyasi görüşlərin nəzəriyyənin özü və həqiqəti ilə heç bir əlaqəsi yoxdur. Onsuz da eyni nəzəriyyədən yola çıxan bəzi digər insanlar ictimai demokratiya, sosializm, anarxizm və ya kapitalizm kimi bir-birindən və irqçilikdən tamam ayrı olan digər görüşləri də mənimsəyiblər, sadə bir təcrübə ilə bunu hər kəs bacara bilər. Bu, onsuz da son dərəcə mümkün bir haldır. Təkamül nəzəriyyəsi canlılığın təbiətini açıqlayan elmi nəzəriyyədir. Sayılan (və hətta saya bilmədiyimiz) digər siyasi ideologiyalar da göydən zəmbillə düşən düşüncələr deyil, insan təbiətinin fərqli xüsusiyyətlərinin siyasətə əks olunmasının məhsullarıdır. Buna görə təbiətimizi bu günə qədər heç bir düşüncənin edə bilmədiyi qədər güclü və həqiqi şəkildə açıqlaya bilən nəzəriyyədən müxtəlif siyasi mövqəyə malik olmaq gözləniləndir. Əhəmiyyətli olan bunlardan yalnızca birinə baxaraq elmi qaralama cürətini göstərməməkdir.

Bütün bu baxış bucaqlarından ələ alındığında Ota Benganın başına gələn kədərli hadisələrin təkamül biologiyası, təkamül nəzəriyyəsi ya da “təkamülçülər” ilə birbaşa əlaqəli olmadığı görüləcək. Az sonra görəcəyimiz kimi yuxarıda etdiyimiz analiz bu illuziyalı görüşün doğulmasına səbəb olmuşdur.

“İnsanxana”

20. əsrin əvvəllərində hakimiyyətini davam etdirən irqçi baxışların bəziləri güclərini Təkamül nəzəriyyəsindən alırdı. Çünki bu nəzəriyyəyə baxan bəzi siyasətçilər günümüz insan cəmiyyətlərində “alçaq” və “uca” bəzi qruplar olduğu illuziyasına qapıldılar. Halbuki təkamül biologiyasının heç bir dövründə insan cəmiyyətlərini ayrı olaraq ələ alınmadı. Tam tərsinə, hər zaman hər sosial vahid Homo sapiens növünə aid olaraq qəbul edildi, alt başlıqlara ayrılmadı. Ancaq yeni-yeni inkişaf edən antropologiyanın siyasi əməllərlə təhrif edilməsi biologiyanın təməl nəzəriyyəsi olan Təkamül nəzəriyyəsinin də bundan nəsibini almasına səbəb oldu. “Kəlləçilər” (İnsanı kəllə ölçüləri ilə irqini müəyyən etmə) və dilimizdə ən uyğun olan adla şovinist olaraq da bilinən, frenologiya adlı saxta elmi dəstəkləyən və dövrün yeni-yeni güclənən elmi olan təkamül biologiyasını bu xəstə fikirlərinə əsas olaraq görən insanlar indiki vaxtda da təkamülün insanlar üçün ayırıcı bir yanaşma olduğu qənaətinə sahib olmalarına səbəb olmuşdur.

20. əsrin əvvəllərindəki elmdən uzaq, psevdo-antropoloji yanaşmalar indiki vaxtda hələ də aşağı səviyyəli insanlar olduğunu və bizlərin bunlardan təkamülləşdiyimizi irəli sürürdü. Bu aşağı səviyyəli xalqlarla bağlı olaraq da ən sıx Afrikalıların adı xatırlanırdı. Guya inkişaf etmiş olan Qərb ölkələri “alt irqlər” olaraq gördükləri Afrikalılar üzərində mütləq bir söz haqqına sahib olduqlarına inanırdılar. Ota Benga belə xəstə bir dövrdə Afrikada həyatın şanssızlığına məhkum idi.

1904-cü ildə qızdırmalı olmasına baxmayaraq Sent-Luisə aparılan Ota Benga və digər 8 afrikalı qısa müddətdə Dünya Sərgisinin göz muncuğu halına gəldilər. Ota Benganı digərlərindən ayıran isə dost canlı olması və qismən iti uclu dişlərə sahib olması idi. Bu halıyla “dost canlısı olmasına baxmayaraq aşağı səviyyəli bir insan” olaraq təqdim edildi. Hətta bir qəzet Ota Benganı dişlərinə görə “Afrikanın saf adamyeyənlərindən biri” olaraq təqdim etdi. Burada ziyarətçilər Ota Benganın özünü görmək üçün 25 sent, əlavə olaraq bir də dişlərini görmək üçün əlavə 5 sent pul ödəyirdilər. Ota Benganın sahibi olan Verner 28 iyul 1904-ci ildə Ota və digər afrikalıları geyindirərək onları Amerikan yerliləri və “quruplaşmaları” kimi göstərən bir oyunda oynatdı. Bu nümayiş tərzinə görə sərginin sonunda Verner “antropologiya” qolunda qızıl medala layiq görüldü.

Ota Benga (soldan ikinci) və Batwa yerliləri.
Daha sonra Ota Benga və Verner Afrikaya qayıtdılar, digər afrikalıları Konqoda sərbəst buraxdılar. Bu sırada Ota da Batwa yerliləriylə qısa bir müddət yaşadı və burada bir qadınla evləndi. Çox təəssüf ki, qadın bir ilan sancması nəticəsində həyatını itirdi. Özünü Batwaya aid hiss etməyən Ota Verner ilə birlikdə ABŞ-a qayıtma qərarı aldı. Onsuz da Batwa xalqı da onu “lənətli” olduğu üçün istəmirdi, evliliklərindən sonra qısa bir müddət içərisində həyat yoldaşını ilan sancması başqa necə açıqlana bilərdi, elə deyilmi? Amerikada Verner onu Amerikan Təbiət Tarixi Muzeyinə yerləşdirdi. Cənublu kimi geyindirilən Ota Benga muzey ziyarətçilərini əyləndirməkdən məsul idi. Ota Benganın bu işdən bir müddətə həzz aldığı müxtəlif qeydlərdə yer alsa da, nəhayət ev həsrəti çəkməyə başladı. Bir neçə dəfə muzeydən qaçmağa çalışdı, ancaq müvəffəq ola bilmədi. Bu sırada Verner də sürətlə pul itirirdi. Nəhayət, Vernerin qərarından sonra muzeylə olan əlaqələrini kəsdi və yeni bir evə köçdü.

Bu evində də uzun müddət qala bilmədi, çünki Vernerin pul qazanmaq üçün “möcüzəvi” (!) bir fikri vardı: 1906-cı ildə Bronks zooparkında açılacaq “insan sərgisi”ndə Ottanı sərgiləmək qərarı aldı. Dövrün yanlış antropologiya anlayışına uyğun bir şəkildə afrikalı cəmiyyətlər təkamülün “alt irqlərini” göstərəcək şəkildə sərgilənəcəkdilər. Zooparkda Ota Bengadan başqa heç bir insan sərgilənmədi, ancaq 1 insanın varlığı belə ictimaiyyətdə nəhəng bir partlama yaratmağa yetdi. Yaxşı da oldu.

Zoopark içərisində Ota Benga əslində bir məhbus kimi deyildi, tam tərsinə bütün bağça içərisində azadşəkildə gəzə bilirdi; buna nə qədər “azad” deyilə bilinərsə… Buna baxmayaraq məqsəd bəzi insanların (və dolayısıyla psevdo “irqlərin”) digərlərinə görə aşağılığını göstərmək idi. Ota Benga zooparkın ağıllı və insan kimi davranacaq şəkildə öyrədilmiş oranqutanı Dohongun yanında uzun bir müddət qaldı. Burada nənnisini qurdu, hətta ox-yay istifadə etməsinə belə icazə verildi. Ancaq problem Ota Benganın saxlandığı yerin “Meymun evi” olaraq bilinən bölgə olması idi. Üstəlik, zoopark rəhbərliyi diqqəti cəlb etmək üçün 8 sentyabr 1906-cı ildə geniş sahəsi olan qəfəslərin önünə bir tabel yerləşdirdi və Ota Benganı sanki qəfəsin içərisindəki bir heyvan kimi təqdim etdi:

Afrika piqmesi, “Ota Benga”
Yaş: 23
Boy: 1.49 metr
Ağırlıq: 46 kq
Kassai çayı, Konqo Azad Dövləti, Cənubi Orta Afrikadan Dr. Samuel P. Verner tərəfindən gətirilib.
Sentyabr boyunca hər günortadan sonra sərgilənəcək.

 

Təbii ki, Ota Benganı bu hala salanların analizi də detallı edilməlidir. Ancaq mövzunu həddindən artıq dərinləşdirməmək üçün iki nümunə vermək istəyirik. İlkiylə başlayaq; Ota Benganın sərgilənməsi lazım olduğunu müdafiə edən Bronks Zoopark idarəçisi Uilyam Hornedey bu qərarında Nyu York Zoologiya Cəmiyyəti katibi Medison Qrant tərəfindən dəstəklənilirdi. Ota Benganın sərgisindən yalnız 10 il sonra Qrant irqçi bir antropoloq və yenə təkamülün pis tərəfini art niyyətli şəkildə istifadə etməni hədəfləyən yevgenika görüşünün bir müdafiəçisi olaraq məhşurlaşdı. Bundan qısa bir müddət sonra isə dövrün elm ictimaiyyətindən qoparaq irqçiliyi müdafiə edən yazılar nəşr etməyə başladı, qismən də bitkilərin müadifiəsiylə bağlı araşdırmalarını davam etdirdi. Qrantın yazdığı kitablardan birinin başlığı “Möhtəşəm irqin ölümü” idi və ən azı 1 adamın kitabdan çox təsirləndiyini bilirik. Çünki o adam 1930-cu ildə Qranta bir məktub yazaraq “(…) kitabınız mənim İncilimdir.” demişdi. O adamın Adolf Hitler olduğunu deməmiz təəccüblü olmaz hər halda. İdarəçi Hornedey isə illər boyunca üzr istəmədi və “yalnız etnoloji bir sərgi təqdim etmək istədiyini” deyərək özünü və qərarını müdafiə etdi. Etdikləri tarixə bir “skandal” olaraq düşdü. Bu gün adını bu skandaldan başqa bir şey olaraq xatırlayan kimsə yoxdur…

İkincisi isə yazımız daxilində bəhs etdiyimiz, guya antropoloq olan, daha çox şovinist, üstün-irqçi bir şoumen olan Makqidir. Ota Benganın ABŞ-a gətirilməsində səbəbkar olan bu adam Darvinin yeni-yeni aydın olan və nəticələri görülməyə başlanan təkamül nəzəriyyəsini istifadə edərək insan irqlərinin (daha doğrusu fərqli coğrafiyalardakı insanların) təkamülün fərqli pillələrindəki qruplar olduğuna inanırdı. Bu inancı çərçivəsində piqmelərin quyruqsuz meymunlarla insanlar arasında bir “keçid irqi” olduğu anlayışına sahib idi. Bütün etdiklərini də bu çərçivədə etdi. Göründüyü kimi Makqinin fikirləri etibarlı olan təkamül biologiyasını ən kiçik şəkildə əks etdirmir, buna görə bu hadisənin nəticələrinin təkamüllə əlaqələndirilməsi Xroşimanın nüvə fizikasını lənətləmək üçün istifadə edilməsi qədər mənasız və axmaqcadır. Müasir təkamül elmi sayəsində bilirik ki, indiki vaxtda heç bir insan irqi yoxdur və 1800-ci illərdə də yox idi. Buna görə Makqii axmaq bir ideologiyanın arxasından qaçan, dövrünün əsassız psevdoelm iddialarına aldanmış bir şoumen idi. Buna görə təkamül nəzəriyyəsinin qəbul etmədiyi və irəli sürmədiyi bir mövzu üçün bu elm sahəsini hədəf almaq mənasızdır.

Ota Benganın Bronks Zooparkındakı bir şəkli… Bu şəkil Meymun evində çəkilməyiv, çünki orada şəkil çəkmək qadağan idi. Onsuz da zoopark da ona aid yalnız 5 foto yayımladı.

 

Buna görə bu baxımdan bu skandala imza atanların elmlə əlaqədə olmadıqları, daha çox maddi niyyətlərlə və ya öz şəxsi ideologiyaları istiqamətində bunları etdikləri görülür. Bu səbəbdən Ota Benga skandalını birbaşa təkamül biologiyası ilə əlaqələndirmək bir tərəfə, elmlə əlaqələndirmək belə son dərəcə çətindir.

Ota Benganın skandal sərgisi yalnız 2 gün davam etdi. Çünki qısa müddətdə böyük reaksiya oldu və dövrün irqçiliyə meyilli olan qaynaqları belə bu cəhdi neqativ qarşıladılar. Hərçənd 2 gün belə kafi idi, ilk günündə sərgini 40.000 insan ziyarət etdi! O günlərdə “New York Times” qəzetində çıxan bu sətirlər hər şeyi yekunlaşdırdı:

Uşaqlara Zalımlığı Önləmək Cəmiyyəti kimi bir birliyin olmaması nə qədər kədərlidir! Missionerlərimizi Afrikaya oraları xristianlaşdırsan deyə göndəririk, sonra onları bura gətirib zülm edirik.

Bu sətirlərdən də göründüyü kimi mövzunun təkamül biologiyası ilə heç bir əlaqəsi yoxdur. Mövzu köləlik ilə bağlıdır. Bu köləliyin saysız, ürək ağrıdan nəticəsindən biri spesifik bir kölənin sərgilənməsi olmuşdur. Bu nümunəyə baxaraq “təkamül bizə bu bəlaları gətirir” kimi bir nəticə çıxarmaq acınaqlı bir haldır və qəbul edilməzdir.

Bu hadisələrdən qısa bir müddət sonra Benga bağçadan çıxarılmışdır. Vernerin pul problemi getdikcə böyümüş, Ota Benga ilə əlaqəsi kəsilmişdir. Nəhayət Verner ilə ortaq bir qərara gələrək Benga ABŞ-da qalmaq istədiyini demişdi. Benga Rahib Qordonun nəzarətinə verilmiş, rahib onu kilsəsi tərəfindən dəstəklənilən Hovard Kalord Yetimxanasına yerləşdirmişdir. Rahibin məqsədi Ota Benganın “mədəniləşdirilməsi” idi, yəni qərb geyimləri geyməsi, yemə-içməyi və danışmağı öyrənməsi və təbii ki, bir Amerikalı kimi davranması.

Çox təəssüf ki, media Ota Benganı 1910-cu ilə  qədər təqib etmişdi. Bununun qarşısını almaq üçün Virciniyaya köçmüş, dişləri plomblanaraq düzəldilmişdi, amerikan stili paltarlar geyməyə başlamışdı. İngiliscəsi kifayət qədər düzəldikdən sonra oxumağa başlamışdı və Linçburqda bir tütün firmasında işə başlamışdı. Heç bir nərdivana ehtiyacı olmadan tütün toplanan dirəklərə dırmaşa bilməsinə görə işində müdhiş müvəffəqiyyət əldə etmişdir. 1914-cü ildə 1. Dünya Müharibəsi başlayanda o zamana qədər fikirlərində olan Konqoya qayıtma xəyalları tamamilə məhv olmuşdu. 20 mart 1916-cı ildə, Meymun Evində sərgilənməsindən 10 il sonra, 32 yaşındaykən dişlərindəki plombları sökmüş və ürəyinə oğurlanmış bir tapança ilə atəş edərək intihar etmişdir.

Analiz və nəticə

 

Görüldüyü kimi Ota Benganın hekayəsində xeyli səhv mövcuddur. Kəndinin yağmalanmasından tutmuş kölə olaraq məhbus edilməsinə, alınıb-satılmasına, sərgilənməsinə qədər… Bu cür ürək ağrıdan hekayələr on milyonlarla kölənin hər birinin həyatının parçalarıdır. Bizə inanılmaz gəlsələr də, bu hadisələr o insanların gerçəklərinin özüdür! Buna görə Ota Benga və ya X köləsinin hekayəsindən yola çıxaraq təkamülə hücum edərək müəyyən hədəfə çatmaq üçün istifadə edilmiş art niyyəti göstərir.

Yazı daxilində ifadə edildiyi kimi bir elm nəzəriyyəsinin nə istiqamətə çəkildiyi, o nəzəriyyənin məzmunundan ya da etibarlılığından tamamilə müstəqildir. Bunun ən məşhur nümunəsi atomun parçalanmasıdır. Bir qrup alim bu məlumatı radioqrafiya və radiologiya sahələri kimi həyat qurtaran elm sahələrinin yaranması üçün istifadə edərkən, bir başqa qrup insan yüz minlərlə insanı bir neçə saniyədə xəritədən silə biləcək bir ölüm silahının istehsalında istifadə etmişdir. Bu iki istifadə də atomun parçalana biləcəyi gerçəyindən tamamilə müstəqildir. Bənzər bir şəkildə insanlar təkamül nəzəriyyəsini (və ya hər hansı bir başqa elm nəzəriyyəsini) istifadə edərək yaradıcı və ya məhv edici sonsuz nəticəyə vara bilərlər. Ota Benganı həbs edə bildikləri kimi, insan ehtirası və qüruru səbəbiylə yox olmaqda olan minlərlə növü həyata çevirmək üçün istifadə edə bilərlər. İki istifadə də təbiətdəki təkamül qanununun həqiqətindən aslı deyil. Biz bütün insanlığı yox etmək üçün təkamülü istifadə etsək belə, təkamül bir həqiqətdir. Növlər təkamülləşmişdir və təkamülləşməkdədir. Bu səbəbdən tək bir hekayəni bir elmə hücum vasitəsi olaraq istifadə etmək qəbul edilməzdir.

İnsanxana olaraq adlandırılan və zənci insanların sərgiləndiyi bu yerlər çox təəssüf ki yalnız Ota Benga və Bronks Zoopark ilə məhdud qalmamışdır. İlk insanxanalara təkamül nəzəriyyəsindən çox əvvəl 16. əsrdə Vatikana bağlı bir kardinal olan Hipploytus Medicinin “kolleksiyalarında” rast gəlirik. Bir çox fərqli “irqdən” insana aid nümunələrə sahib idi, hətta “Barbarlar” adını verdiyi bir insan qrupuna belə hökm edirdi. Bir başqa məşhur nümunə, yenə Təkamül nəzəriyyəsindən 24 il əvvəl 25 fevral 1835-ci ildə açılan P. T. Baruma aid sərgidir. Burada Chang və Eng Bunker adlı siyam əkizləri sərgilənmişdir. Üstəlik bu sərgilər mütləq “insanxana” formasında olmaq məcburiyyətində də deyil. Məsələn Kristof Kolomb bəzi iddialarını isbat etmək üçün 1493-cü ildə İspan məhkəməsində yerli Amerikalıları “sərgiləmişdir”. Bunun da Təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi olmadığı açıqdır. Bənzər bir şəkildə 1800-cü illərin əvvəlində Cənubi Afrikanın Ada insanlarından Saartjie Baartman (digər adıyla Hottentot Venus), London və Fransada insanlara sərgilənmişdir. Bu sərgi əsnasında da ortada Təkamül nəzəriyyəsinə aid diqqətə dəyər bir iz yoxdur. 1850-ci ildə Maximo və Bartola adlı mikrosefali xəstəsi iki qardaşın Meksikada sərgiləndiyi sırada Meksikanın ciddiyə alınacaq bir elm anlayışı belə yox idi. Əlbəttə, insanxanalar yenə təkamül nəzəriyyəsi ilə birbaşa heç bir əlaqəsi olmayan “Yeni İmperializm” axınıyla 1870-ci illərdən sonra məşhur oldu və yayıldı, ancaq bu dövrün biologiyada (və ümumiyyətlə elmdə) cığır açan təkamül biologiyası budağının yaranması ilə birbaşa əlaqəsi yoxdur, böyük nisbətdə bir təsadüfdür. Çünki eyni dövrdə texnologiyada da böyük irəliləmələr qeyd etmişş, dünya sürətlə kiçilməyə başlamış, siyasi tarazlıqlar dəyişmiş və bu da köləliyin önünü açaraq sürət qazandırmışdır. Əlbəttə dövrün bəzi “sahibləri” tam da işlərinə yarayan bir elm nəzəriyyəsinin doğulmasını məmnuniyyətlə qarşılayaraq istifadə etməkdən çəkinməmişlər, ancaq fərqli bucaqlardan dəfələrlə izah etdiyimiz kimi bu istifadələrin təkamüllə bir əlaqəsi yoxdur və bunlar nəzəriyyənin məzmunuyla bağlı mühakimələrdə yol göstərici ola bilməz!

Bir başqa əhəmiyyətli nöqtə bu cür hadisələri öz zamanları içərisində qiymətləndirmənin əhəmiyyətidir. Məsələn zooparkın idarəçisi Uilyam Templ Horndeyin o dövrdə Meymun Evini idarə etməsi üçün işə götürdüyü qardaşının böyük böyük nəvəsinin qızı olan Ann Horndeyin Vaşinqtona yazdığı məktubdan bu bu sətirləri oxuyaq:

“Templin (Bronks zooparkının idarəçisinin) davranışının uzaqdan baxan biri tərəfindən təsadüfi, irqçi bir davranış olaraq görülməsi normaldır. Ancaq narahat edici olan həqiqət ehtimalla o çağın qeyri-adi məhsullarını əks etdirir və bizə bu çağın xüsusiyyətlərinə aid bir işarə verir. Bu dövr primitiv mövzuların və ‘otantik’ Amerikanın şişirdilmiş komediyalarının, yol göstərilərinin və şoularının olduğu bir zaman idi. Bu dövrün bazarına və kütlə mədəniyyətinə P. T. Barumun məhsulları və gücü hakim idi. Cim Krou müvəffəqiyyətinin zirvələrində idi. Rifah səviyyəsini göstərmək məqsədiylə məktub kartları üzərində linç edilən insanların fotoşəkilləri qoyulardı. Yevgenika məşhurlaşırdı və Darvinin Təkamül nəzəriyyəsi yaradılışçılığa qarşı cəmiyyətdə yer etməyə başlamışdı.”

Cim Kroun Afrikalıların insani haqqlarını ortadan qaldıran irqçi ayrı-seçkilik qanunlarının atası, P. T. Barumun isə insanları aldatma üzərinə bir iş dünyası yaratmış bir saxtakar şoumen olduğu diqqətə alınsa, dövrün şərtləri daha yaxşı aydın olacaq. Yəni dövrün insanları və etdikləri o dövrün normalarını əks etdirir. Bu edilənlərin Təkamül nəzəriyyəsinin dedikləri ilə əlaqəsi yoxdur. Çünki insanlar öz etdiklərindən məsuldur, elm bu edilənlərdən məsul tutula bilməz.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: