Psevdoelm

“Coğrafiya” fənni üzrə 10-cu sinif üçün dərslik vəsaiti layihəsində din təbliğatı və elmi səhvlər

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı nəşriyyatı tərəfindən hazırlanan “Coğrafiya” fənni üzrə 10-cu sinif üçün dərslik vəsaiti layihəsi bir neçə gün öncə irad təkliflərin bildirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında hər kəsə açıq olaraq müzakirə üçün yerləşdirildi. Bu, olduqca gözəl addımdır. Sadəcə bütün iradlar və fikirlərə Azərbaycan Respublikası Təhsil Nazirliyi əməkdaşlarının deyil, nəşriyyat əməkdaşlarının avtomatik və gülünc cavab verməsi xaricində.

İlk öncə bunu qeyd edək ki, dərslik sadəcə layihə halındadır və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərslik vəsaiti olaraq hələ ki təsdiqlənməmişdir və müzairə məqsədli olaraq açıq halda yerləşdirilmişdir. Buna görə sizlərdən xahişimiz buraya keçərək dərslik vəsaitini oxumanız və irad və təkliflərinizi bildirmənizdir. Həmçinin vəsaiti buradan birbaşa yükləyə bilərsiniz.

Dərs kitabı olaraq hazırlanmış layihəni oxuduğumuz zaman “Yaşıl Elm” olaraq artıq üç ildən çoxdur ki, elmin və elmi düşüncənin təbliği və xalqa elmin çatdırılması məqsədi ilə gördüyümüz işlərin bəhrə verməyəcəyindən və bütün çəkdiyimiz əziyyətin nəticəsi olmayacağından narahat olduq. Çünki ciddi və təhsilə nəzarət edən bir dövlət qurumu kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş lahiyə sadəcə elmi obyektivliyi pozmaqla qalmır, eyni zamanda dərslikdə olduqca ciddi elmi xətalara yer verir.

Yaradılışçılıq təbliği

Bu başlığı ilk olaraq “Elmi xətalar” olaraq seçmək istəsək də, kitabda elmi xətalardan öncə elm və elmi obyektivlik barədə ciddi prinsiplərə sahib “Yaşıl Elm” ailəsini məyus edən şəxsi və elmdənkənar ifadələrlə rastlaşdıq. Lakin mövzuya keçmədən öncə üzərinə barmaq basaraq vurğulamaq istədiyimiz nöqtə məqsədimiz Avropa Şurasının Parlament Assambleyasında vurğulandığı kimi hər hansı bir inancı sorğuya çəkmək və ya onunla mübarizə aparmaq deyil (inanc azadlığı hüququ buna icazə vermir). Məqsəd inancın elm kimi qəbul edilməsi tendensiyalarına qarşı xəbərdarlıq etməkdir. İnancı elmdən fərqləndirmək vacibdir. Burada məsələ antoqonizmdə deyil. Elm və inanc birlikdə mövcud ola bilərlər. İnanc və elmi müqayisə etmək məsələnin məğzi deyil, lakin inancın elmlə qarşı-qarşıya qoyulmasının qarşısına almaq zəruridir. Dərslik yer alan dini motivlər sadəcə beynəlxalq təhsil normativlərini pozmaqla qalmır, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin 3-cü bəndini birbaşa pozur. Bu, eyni zamanda elmi obyektivliyin üzərinə məqsədli şəkildə kölgə salınması deməkdir.

Bir sıra kəsimlər üçün inanclarındakı yaradılış fikirləri həyata məna qazandırır. Hər bir şəxsin dini seçim azadlığı və hüququ vardır və buna kimsənin müdaxilə etmə səlahiyyəti yoxdur. Lakin yaradılış ideyaları sadəcə şəxsi olmaqla birlikdə elm çərçivəsində elmdənkənar sayılır və bu ideyaların geniş yayılmasının təhsil sistemimiz üzərində yan təsirlər yarada və demokratiyaya qarşı təhlükə törədə bilər. Ən əsası elmi ovyektivliyin və elmi əsasların pozulması gələcəkdə təhsil, elmi düşüncə, sorğulama qabiliyyəti baxımından olduqca uğursuz nəsillər yetişəcəyi və bi cəmiyyət olaraq elmi uğurlar qazana bilməyəcəyimiz deməkdir.

Elm bəşəriyyətdə fundamental rola malikdir. Elm yaşayış və əmək şəraitində nəzərəçarpan irəliləmələri mümkün etmiş və iqtisadi, texnoloji və ictimai inkişafda əhəmiyyətli amil rolunu oynayır. Elmin ilahi vəhylərlə, çağırışlarla, fikirlər və mətnlərlə heç bir əlaqəsi yoxdur, o, faktlara, müşahidələr və təcrübələrə əsaslanır. Əgər bütün bunları göz ardı etsək, bir cəmiyyət olaraq iqtisadi, texnoloji və ictimai inkişafdan geri qalacağımız qaçınılmaz bir hala gələcəkdir.

Müasir dünya elm və texnologiyanın inkişafının əsas hissəsini təşkil etdiyi qədim tarixə əsaslanır. Bununla bərabər elmi yanaşma hələ də yaxşı dərk edilməyib və bu, fundamentalizm və ekstremizmin müxtəlif növlərinin inkişafı üçün zəmin yaradır. Elmin tam şəkildə inkarı insan və vətəndaş haqları üçün ən ciddi təhlükələrdəndir. Çünki elm sadəcə elmi araşdırmalar üçün önəmli deyil, o, eyni zamanda fərddə təbiətə və onun bir hissəsi olan cəmiyyətə doğru bir şəkildə baxış bucağı qazandırır və onları anlamağı təmin edir. İfadə və fərdi inanc azadlığı naminə digər dini mövqelər kimi yaradılışçı ideyalar mədəni yə dini təhsilə əlavə kimi təqdim oluna bilər, lakin elmiliyə iddia edə bilməz. Elm intellektuallıq üçün əvəzedilməzdir. O, “şeylərin nə üçün” olduğunu deyil, “şeylərin necə fəaliyyət göstərdiyini” araşdırır.

Elmi səhvlər

Dərslikdə sanki elmdən anlayışı olmayan, sadəcə yazmaq xatirinə müəllif adı almış şəxslər tərəfindən gülünc, eyni zamanda qorxunc xətalara rast gələ bilərsiniz. Bu səhvlər adi səhvlər olmamaqla birlikdə təhsil sistemimiz üzərində nəzarətin olmamasının ciddi sübutudur.

  1. Kainat və Günəş sisteminin yaranması haqqında çoxlu fərziyyələr mövcuddur. Elmi dəlillərlə sübut edilməyən belə ideyalar – fərziyyə, elmi dəlillərə əsaslanan və əsaslı şəkildə sübut edilən ideyalar isə elmi nəzəriyyə adlanır.” səh.15.Kitabı dərsliyi elmdən anlayışı olmayan şəxslərin hazırlaması haqqındakı fikrimiz bu, yuxarıdakı ifadədə öz doğruluğunu tapır. Çünki elmdən uzaq şəxslərin hər zaman etdiyi ciddi səhvlərdən biri olan fəziyyə, qanun, fakt, nəzəriyyə iyerarxiyası yanlışlığı burada da öz əksini tapmışdır. “Elmi dəlillərlə sübut edilməyən iddailar fərziyyə adlanır” fikrinin əksinə fərziyyə elmi metodikada hadisələr arasında əlaqə qurmaq, hadisələri səbəbləri ilə əlaqələndirmək üzrə yaradılan, irəli sürülən və keçərli sayılan önəridir. İlk başda bir fikrin fərziyyə qəbul edilməsi üçün onun elmi dəlillərə sahib olması və sınan bilən olması lazımdır. Əks halda belə bir fikr əsla fərziyyə qəbul edilmir. Yəni qeyd edilmiş fikrin əksinə fərziyyə elmdə elmi dəlillərə sahib olan fikirlərdir.
  2. Müasir dövrdə Kainatın yaranması və onun quruluşu haqqında yeni fərziyyələr meydana gəlmişdir. Bunlardan ən məşhurları “Böyük partlayış” (“Biq Banq”) və “Qara dəlik” haqqında fərziyyələrdir (c). Hər hansı nəhəng ulduz sıxılan zaman onun qravitasiyası o qədər güclü olur ki, hətta işıq belə ondan uzaqlaşa bilmir. Böyük qravitasiyaya malik olan bu sahə “Qara dəlik” adlanır. Bu fərziyyələrə görə, Qara dəliklər böyük qravitasiya nəticəsində ulduz və səma cisimlərini “udur”, bu zaman Böyük partlayış baş verir” səh. 16″Zaman-məkan daxilində sonsuz böyük sıxlığa, nəhəng enerjiyə malik kiçik kütlə – kainatın nüvəsi yaranmış və “Böyük partlayış” baş vermişdir.”

    səh. 17″XX əsrə qədər belə hesab edilirdi ki, Kainat əbədi və ölçüsüzdür. XIX–XX əsrin bir sıra kosmoloqları kimi, Hokinq də bunun əksini söylədi və sübut etdi. Onun fikrincə, digər qalaktikalar bizdən uzaqlaşır və Kainat genişlənir.” səh 17.

    Bir çox məqaləmizdə Böyük partlayış nəzəriyyəsi və nəzəriyyənin nəyi öyrəndiyi və “partlayış” adlanan hadisənin necə baş veriyi haqda izahlarımız olduğu üçün oxucularımız bu səhvləri görməkdə çətinlik çəkməyəcək. Lakin təəccüblüdür ki, ilk başda nəzəriyyə və fərziyyə haqqında tərif verən müəlliflər bu hissədə Böyük partlayış nəzəriyyəsini yanlış izah etməklə kifayətlənməmiş, onu fərziyyə adlandırmaqdan da çəkinməmişlər. “Qara dəliklər böyük qravitasiya nəticəsində ulduz və səma cisimlərini “udur”, bu zaman Böyük partlayış baş verir” fikrinin əksinə qara dəliklər kosmik obyektləri udduqları zaman  hər hansı Böyük partlayış və bənzəri hadisə baş vermir. Buna bənzər bir hal sadəcə cüt qara dəlikli sistemdə bir qara dəliyin digərinin udması nəticəsində kütlələrinin bir hissəsinin enerjiyə çevrilərək zaman-məkanda yayıldığında baş verir. Bu isə keçdiyimiz il kəşf olunan qravitasiya dalğalarını, yəni məkanın əyilməsini əmələ gətirir. Lakin Böyük partlayış nəzəriyyəsi isə kainatımızın sinqulyarlıqdan yarandığı ilə, daha dəqiq desək, ilk yaranış halının sonrakı mərhələləri ilə bağlı nəzəriyyədir.Digər yanlış isə “zaman və məkanda kainatın nüvəsi” haqqında bəhs edilən fikirdir. Düşünürük ki, müəlliflər burada bəhs etdiyimiz sinqulyarlığa işarə edirlər. Lakin ortada ciddi səhv var. Zaman və məkan Böyük partlayış hadisəsindən, yəni kainatın yaranmasından sonra var olmuşdur.

    17-ci səhifədə qeyd edilmiş Hokinqin kainatın genişlədiyini sübut etməsi haqqında fikir barədə isə nəsə deməyimiz və yazmağımız belə gərəksizdir. Məlum olduğu üzrə kainatın genişlənməsi 1929-cu ildə həvəskar astronom və vəkil Edvin Habl tərəfindən kəşf edilmişdir.

 Edilməsi gərəkənlər

Yaşıl Elm olaraq bu kimi layihələrin təsdiq edilməməsi və təhsil sistemimizin inkişafdan geri qalmaması və elmi obyektivlikdən uzaqlaşmaması üçün sizi bu layihəyə iradlarınızı bildirməyə çağırırıq. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi saytının müvafiq bölməsinə gedərək öz iradınızı bildirə bilərsiniz. Əgər necə irad bildirəcəyinizi bilmirsinizsə, aşağıdakı mətn şablonundan istifadə edərək elmi aydınlanmaya bizimlə birlikdə qatqı təmin edə bilərsiniz.

Diqqətinizə çatdırmaq istəyirəm ki, “Kainat və Günəş sisteminin yaranması haqqında fərziyyələr” başlığı altında elm tədirisi kitabında Qurandan, dolayısı ilə dini əsaslardan istifadə edilmişdir. Bu, açıq-aşkar dünyəvilik prinsiplərini pozmaq deməkdir. Azərbaycan Respublikası dünyəvi bir dövlətdir (Azərbaycan Respublikasının Konstitusiyası: maddə 7.1) və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır (Azərbaycan Respublikasının Konstitusiyası: maddə 18.3). Əgər lahiyə təsdiqləcək və bu kitabı dərslik olaraq istifadə ediləcəksə, kitab müəllifləri, hazırlayan müəssisə (Bakı nəşriyyatı) və müəllif hüquqlarının sahibi (Azərbaycan Respublikası Təhsil Nazirliyi) dünyəvi Azərbaycan Respublikasının Konstitusiyasını pozmuş olacaq. Həmçinin, Avropa Şurası Parlament Assambleyasının 1580 saylı qətnaməsi bu dərslik vəsaiti mətni daxilində açıq-aydın pozulur. Qətnamənin məqsədi hər hansı bir inancı sorğuya çəkmək və ya onunla mübarizə aparmaq deyil – inanc azadlığı hüququ buna icazə vermir. Qətnamənin və eyni zamanda mənim məqsədim inancın elm kimi qəbul edilməsi tendensiyalarına qarşı xəbərdarlıq etməkdir. İnancı elmdən fərqləndirmək vacibdir. Burada məsələ antoqonizmdə deyil. Elm və inanc birlikdə mövcud ola bilərlər. İnanc və elmi müqayisə etmək məsələnin məğzi deyil, lakin inancın elmlə qarşı-qarşıya qoyulmasının qarşısına almaq zəruridir. ((11375 saylı hesabat sənədi, Mədəniyyət, Elm və Təhsilə dair Komitənin hesabatı, məruzəçi: Mrs Brasseur). Mətn Assambleya tərəfindən 4 oktyabr 2007-ci ildə təsdiq edilmişdir (35-ci iclas)).

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

4 thoughts on ““Coğrafiya” fənni üzrə 10-cu sinif üçün dərslik vəsaiti layihəsində din təbliğatı və elmi səhvlər”

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: