Elmi fantastikaHəyatın təkamülüMaraqlı

Yadplanetlilər ilə əlaqə və çətinlikləri

Bir gün yadplanetlilər ilə qarşılaşsaq, onlarla ünsiyyət qura bilərikmi?

Yadplanetlilər ilə danışmaq

Fərz edək ki, bir gün insanlığın çoxdan gözlədiyi hadisə baş verir və Yerdənkənar həyata rast gəlirik, yadplanetlilər ilə əlaqə qura bilə, onları başa düşə biləcəyikmi? Yoxsa “qeyri-insani” şüur elə mürəkkəb olacaq ki, biz heç vaxt onlarla ortaq dil tapa bilməyəcəyik? Bəlkə də heç bir-birimizin fərqinə varmayacağıq?

Hər bir fantastın marağına səbəb olan məsələlərdən biri – elə bu gün məşhur olan astrobiologiya sahəsinin alimi üçün də – “yadplanetlilər nəyə oxşayır?” mövzusu ətrafında gedən müzakirələrdir. Bizdə olduğu kimi onlarda da iki qol və iki ayaq olacaq, yoxsa onlar on iki baş və on iki qısqaca sahib olacaqlar? Təəssüf ki, fantastların ağlına daha maraqlı və çətin bir sual gəlmir: bəs yadplanetlilər hansı formada şüura sahib  ola bilər?

Doğma “yadplanetlilər”

Acta Astronautica jurnalının son buraxılışında bu çətinliyi həll etməyin ilk ciddi cəhdlərindən biri haqda bəhs edilir və bizə yad olan canlıların necə qiymətləndirilməsinin üsulları, bəlkə də necə anlaşılması lazım olduğu izah edilir. Buraxılışda unikal tədqiqat layihəsi – Complexity of Markers for Profiling Life in EXobiology (COMPLEX) haqda danışılır. COMPLEX layihəsinin məqsədi müxtəlif canlı formlarını (təkcə insan və heyvanlar deyil, həm də mikroorqanizmlər və süni sistemlərin) davranış mürəkkəbliyi və intellektual bacarıqlarını göstərən kateqoriya sırası üzrə müqayisə etməkdir. Layihənin iştirakçılarından biri, amerikalı tədqiqatçı Denis Herzinq deyir: “COMPLEX-in hədəfi bizim hamımızı digər növlərlə (yadplanetlilər ilə) qarşılıqlı əlaqələrə hazırlamaqdır, təbii ki, onlarla kosmosda qarşılaşsaq.”

Əslində, bu məsələ istisna oluna biləcək qədər çətindir. Hətta Yerdə, yaxşı tanınan biosferada belə nəyi şüur hesab etməyin lazım olduğu və canlı orqanizmin şüurunun səviyyəsinin necə qiymətləndirilməsi anlaşılmazdır. Bir qayda olaraq, biz ən sadə yolla irəliləyib heyvanlara, şüurları nə qədər insana yaxındırsa, bir o qədər şüurlu deyirik. Mavi balinaların mahnılarını qeydə alaraq aradaki ünsiyyəti xatırlada biləcək siqnalları ayırd etməyə çalışırıq. Qarğaların alətlərdən yararlanmasını izləyərək onu öz təcrübəmizlə, fillər və ya delfinlərin mürəkkəb sosial davranışlarını isə cəmiyyətimizdəki qarşılıqlı əlaqələrimizlə müqayisə edirik.

Lakin hər şeyi antropomorfizm prizmasından görmək – hər şeyi yalnış işıqda görmək, bəlkə də “heyvani şüurun” həqiqi bacarıqlarını qiymətləndirməmək mənasını verir. Bu təxminən delfin üzgəclərinin bacarıqlarını bizim əl və barmaq sümüklərimizin bacarıqları ilə müqayisə edərək qiymətləndirmək kimidir. Belə halda yadplanetlilər ilə  görüşümüz zamanı nə gözləməliyik? Biz sadəcə onları heç başa düşməyə də bilərik.

Qeyd etmək lazımdır ki, COMPLEX layihəsi üzrə aparılacaq işlər üçün Denis Herzinq əvvəlki təcrübələri ilə hazırlanmışdır: o, artıq 30 ildən çoxdur ki delfinlərin davranış, intellekt və qarşılıqlı əlaqələrini araşdıran Wild Dolphin Project təşkilatının təsisçilərindən və başçılarından biridir. Bu sularda yaşayan məməlilər ən ağıllı canlılardan biri hesab olunurlar – bəzi mütəxəssilərin rəyinə görə onların intellekti iri primatların intellekti ilə müqayisə edilə bilər.

Delfin intellektinin araşdırılması üsulları digər heyvanların da intellektinin araşdırılması  üçün istifadə edilən standart yanaşmalara əsaslanır. İlk öncə onların bədənlərinin fiziki xarakteristikaları qiymətləndirilir. Daha sonra isə müxtəlif davranış xüsusiyyətləri müşahidə edilir.

“Faktiki olaraq bizim heyvan intellektlərinin qiymətləndirilməsi üçün iki yanaşmamız var. Birincisi: orqanizmin infrastrukturunun, beynin, sinir sisteminin və s. fiziki səviyyəsi. İkincisi:  əslində insanlar tərəfindən elə insanlar üçün hazırlanan, fərqli testlər tələb edən qavrayış tədqiqatları” – deyə Denis Herzinq əlavə edir.

Qeyd etmək lazımdır ki, son vaxtlar üçüncü yanaşma da yarandı, hansı ki heyvanların siqnal sistemlərini və kommunikasiyasını araşdırır. Bu axın müasir siqnalların ayırd edici və tanıma alqoritmlərinin uğurlarına xeyli borcludur. Məsələn, bu gün artıq delfinlərin uzun vokalizasiyalarını qeydə alıb analiz etmək və onlarda təkcə təkrarlanan elementləri deyil, həm də onların müəyyən istifadə sxemlərini (sintaksis) tapmaq mümkündür. Bir qədər əvvəl belə tədqiqatlar göstərdi ki, sürbədə delfinlər bir-birini “sifətdən” tanıya və bir-biri ilə müxtəlif əlaqələr qura bilər.

Yenə də digər heyvanların intellektlərini qiymətləndirməyə çalışaraq bu məsələyə “insani” və “ədalətsiz” yanaşırıq.

“Sözsüz ki, müəyyən mənada – öz ekzobioloji taxçalarında yaşamağı uğurla bacara bildikləri halda bütün orqanizmlər şüurludur. Amma digər növlər öz anatomiya xüsusiyyətləri, həyat şərtləri üzərində qurulmuş intellektə sahib ola və bizimkinə heç də oxşamaya bilər. Məsələn, əgər canlının mürəkkəb əl sümüyü yoxdursa, mürəkkəb qurğu inşa edə bilməyərək öz şüurunu heç vaxt göstərməyəcək” – Herzinq deyir.

Nəhəng bina inşalarımızın, kompyuter şəbəkəsi qurğularımızın və s. bizim intellekt səviyyəmizin parlaq nümunəsini sərgilədiyi mübahisə edilməməlidir. Lakin termitlərin mühəndislik inşaları da ağlı çaşdırır. Və əgər fərdi olaraq termitlər intellektual kimi görünməsələr də, onların “kollektiv şüuru” bir çox şeyə qadirdir.

Bütün bu suallar və çətinliklər Denis Herzinq başçılığındakı COMPLEX layihəsinin qurulmasına səbəb oldu. Astrobioloqlardan tutmuş proqrammistlərə qədər müxtəlif profilləri olan mütəxəssisləri öz yanına çağıran Herzing hər bir canlı orqanizm üçün uyğun olan intellektual səviyyənin universal qiymətləndirmə sistemini hazırlamağı planlaşdırır.

Bu qiymətləndirmə üsulu beş mürəkkəblik kateqoriyasından ibarət olacaq: sinir sistemi, kommunikativ sistem, ayrı-ayrı fərdlər, individual sosial əlaqələr və nəhayət digər növlərlə əlaqələr.

Zəka qiymətləndirilməsi

Əlavə etmək lazımdır ki, bu beş kateqoriyalar ilk dəfə məşhur SETI institutunun sifarişi ilə Lori Marino və Kathyrn Denning tərəfindən inkişaf etdirilmişdir. Tədqiqat olaraq COMPLEX layihəsinin iştirakçıları bu parametrlərə görə bizə tanış olan beş “qeyri-insani şüur” nümunələrini qiymətləndirməyə çalışdılar – kommunikativ mütəxəssislər olan delfinləri, heç də pis öyrənmə bacarıqları olmayan osminoqları, məşhur rəqsləri olan arıları, koloniya üçün özlərini qurban verməyə hazır olan mikroorqanizmləri və rəqəmsal hesablamaların mütəxəssisləri olan kompyuterləri.

Nəticədə müəlliflər nümunələrin mənfi və müsbət yönlərini qiymətləndirdilər. Sosial və kommunikativ mürəkkəblik sahəsində ən yüksək xalları arılar və kompyuterlər topladı. Delfinlər, osminoqlar və kompyuterlər sinir sistemi sahəsində yaxşı ballar aldılar, mikroorqanizmlər isə növlərarası kommunikasiya kateqoriyasının çempionu seçildilər.

Lakin bu hələ başlanğıcdır. “COMPLEX canlı orqanizmlərin “şüur” müqayisəsi çətinliyini təkcə insani təsəvvürlərlə məhdudlaşmayan digər baxış bucaqlarından da araşdırmağa çalışacaq” – Herzing deyir. İndi alimlər beş deyil, yüzlərlə növü test etmək üçün qiymətləndirmə parametrlərinin siyahısını genişləndirmək üzərində işləyirlər. Bəlkə də gözləmədiyimiz yerdən şüur əlamətləri çıxacaq. Buna uyğun hər hansı bir əlamət kosmosda tapılsa, ümumiyyətlə belə bir əlaqənin mümkün olduğunu anlamaq üçün biz artıq hazır alətlərə sahib olacağıq.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: