Digər

Həyat su damlalarında yaranmış ola bilər

Kiçik molekullardan böyük molekulların yaranması üçün zamana ehtiyac var. Lakin milyard illər əvvəlki gənc Yerdə kimyəvi təkamül mexanizmlərinin fəaliyyətə başlaması üçün böyük orqanik molekullardan bolca olmalı idi. Onların formalaşmasına stimul verən nə ola bilərdi? Bəlkə aerozolla havada asılı vəziyyətdə olan adi su damlaları?..

Əslində kiçik molekulların böyük molekullara birləşməsi hardasa pazzl kolleksiyasını xatırladır. Hər bir detal dəqiq şəkildə öz yerində olmalıdır və bu proses ya uzunmüddətli “qarışma”, ya da canlı hüceyrədə olduğu kimi məqsədyönlü “yapışma” tələb etməlidir. Və hər iki halda sintez reaksiyalarının baş verməsi üçün enerjiyə ehtiyac olacaq. Bəs görəsən bu proses onu asanlaşdıra və sürətləndirə biləcək fermentlərin mövcud olmadığı dövrdə, həyatın başlanğıcında necə baş verirdi?

Fransa və Britaniyadan olan tədqiqatçılar hesab edirlər ki, böyük orqanik molekulların “ata-baba evi” su damlalarının səthi ola bilər. Alimlər su və hava mühitlərinin sərhədindəki sintez reaksiyalarının axın sürətini analiz edib onların burada kifayət qədər tez inkişaf etdiyini aydınlaşdırdılar.

Təcrübənin müəllifləri sürətləri asan ölçülən reaksiyalara – qeyri-fluoressens molekullardan fluoressens molekulların sintezi reaksiyalarına müraciət etdilər. Reaqentləri (reaktivləri) suda qarışdıraraq oraya yağ əlavə etdilər və hidrofob molekulları ilə sarılan damlalar meydana gətirdilər. Ardından fluoressensiyanın inkişafını qeydə alaraq damlalardaki reaksiyaların axın sürətini qiymətləndirdilər. Həqitədən də belə koaservat köpüklərdə sintez su mühitində olduğundan daha tez baş verirdi. Bundan başqa köpük nə qədər kiçik idisə, reaksiya bir o qədər sürətli gedirdi.

Bunun sirri də sadədir: damla nə qədər kiçikdirsə, səthinin həcmə münasibəti bir o qədər böyükdür. Damlanın səthi isə az qala ikiölçülü düz örtükdür və burada reaqentlərin qarşılaşması ehtimalı üçölçülü həcmdəkindən yüksəkdir. Bu səbəbdən əgər səth böyükdürsə, sintez reaksiyası intensiv olaraq baş verəcək.

Bununla əlaqədar alimlər atmosfer aerozolları – duman, buludlar və suyun havadaki digər formaları ilə maraqlanırlar. Əgər Yerdəki həyatın başlanğıcında bu damlalarda həqiqi orqanik maddələrdən kifayət qədər var idisə, onlar üzərlərində təkcə böyük molekulların deyil, həm də nuklein turşuları və zülalların abiogen sintezlərinin baş verdiyi sahə ola bilərdilər.

Qaynaq: Inside Science

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: