Elmi fantastika
Önə çıxanlar

Yerdən qaçış: İmkansız həllər (II hissə)

"Təxəyyülümüz bizi adətən heç vaxt mümkün olmayan dünyalara aparacaq, lakin onsuz biz heç yerə gedə bilmərik" (Karl Saqan)

Yazımızın birinci hissəsində (Hara getməliyik?) əsasən Yeri tərk etməyin mümkünlüyündən və ümumiyyətlə hansı səbəblərdən ötrü tərk etməli olduğumuzdan danışmışdıq. Bu planetdə ömürlük qalmağın qeyri-mümkün olduğunu anladıqdan sonra biz bəşəriyyətin kainatda tutduğu sahəni artırmaq üçün nə etməli olduğumuzu düşünməliyik. Planlar və həmin planların gətirdiyi problemlər çoxdur, onların həlləri isə imkansız görünür. Yerdən qaçış necə baş tutacaq?

Ulduzlararası səyahət

Burada əsas problem kainatın böyüklüyüdür. Kosmosdakı obyektlər arasındakı məsafələr hər gün insanların istifadə etdiyi ölçülərə görə çox böyükdür. Tau Ceti, Günəş sisteminə ən yaxın olan ulduzlardan biri, 12 işıq ili uzaqdadır. Bu məsafə Yer ilə Ay arasındakı məsafədən 100 milyard dəfə çoxdur. Biz insanları sadəcə bir kosmik gəmiyə doldurub belə uzaq məsafələrə göndərə bilmərik, bu məsafəni qət etmək əsrlər çəkər. Bundan başqa, hal-hazırdakı orta insan yaşı da bu səyahətlər üçün yetərli deyil. Hətta, biz bu problemi insanları dondurmaq ilə həll etməyə çalışsaq daha da çox problemlər ilə qarşılaşarıq. Belə bir məsafə üçün bir kosmik gəmi yetməz, bizə bir “Nuhun gəmisi” lazımdır. Həmin gəmidə Yerə bənzər ekoloji şərait, gəmidə yaranıb, yaşayıb, öləcək olan 10-dan çox nəsli dəstəkləyə bilən mühit, digər canlılar və s. kimi bir uzun ulduzlararası səyahət üçün vacib olan şeylər olmalıdır. 

Eyni zamanda həmin gəminin sakinlərinin radiasiyaya məruz olduğu müddəti azaltmaq üçün onun yetərincə kiçik olmasını da təmin etməliyik ki, gəmi kifayət qədər sürətli hərəkət etsin. Doğrudur, bəzi perspektivlərdən gəminin böyük olması müsbət keyfiyyət kimi qəbul oluna bilər. Lakin gəminin böyük olması son dayanacağa çatarkən özünü yavaşlatmaq üçün istifadə edəcəyi yanacağın da böyük olması mənasına gəlir. “O halda, bunun üçün kiçik bir gəmi olsun” deyə bilərik. Lakin yuxarıda qeyd etdiyimiz səyahət üçün lazımlı olan şeyləri kiçik bir gəmiyə yerləşdirmək heç də asan deyil. Biz ölçü və sürət arasında bir seçim etməliyik, bir ortaq mövqe tapmalıyıq. 

Yəni Yerdən qaçış üçün ulduzlararası səyahəti istifadə etsək, ciddi problemlərlə üzləşə bilərik.

Yerdən qaçış səyahətinin problemləri

Gəminin mühiti bizim mikrobiomamıza da təsir edəcək. Bədənimizdə olan ümumi DNT-nin 80 faizi insan DNT-si deyildir. Biz kiçik mikroorqanizmlərdən təşkil olunmuşuq. Onlar bizim sağlam yaşamağımızda çox böyük rol oynayırlar. Həmin mikroorqanizmlər Yerin qravitasiyasına, maqnit sahəsinə, atmosferinə, ümumi kimyəvi balansına, işıqlanmasına görə təkamül ediblər. Onların bir tamamilə fərqli mühitə düşdükdə necə reaksiya verəcəyi də sual altındadır. Situasiya hesablamaq, modelləşdirmək üçün çox mürəkkəbdir. Ona görə də ilk göndəriləcək gəmi bir eksperiment olmağa məcbur olacaqdır. Bu eksperimentdə könüllü iştirak edəcək insanlar tapmaq mümkündür. Lakin gəmidə onlardan törəyəcək olan növbəti nəsil artıq könüllü deyildir. Yeni doğulmuş şəxslərin həyatlarının sadəcə bir eksperiment olmasını öyrənməsinin onların psixologiyasına necə təsir edəcəyi də ayrı problemdir. 

Yerdən qaçış
Passengers (2016)

Bu eksperimental mühitdə müəyyən qayda-qanun olmalıdır. Məsələn, nəsil artırma artıq idarə olunmuş şəkildə aparılmalıdır. İnsanlar istədiyi zaman nəsil artırmağa qərar verərlərsə gəmidəki minimum və maksimum insan sayını idarə etmək mümkünsüz olar. Bir çox işlər gəminin funksionallığını qorumaq üçün məcburi olacaqdır. Ona görə heç kim buradakı kimi rahatlıqla istədikləri işdə işləyə bilməyəcəklər. Bundan əlavə gəmidə bir sosiloji norma təyin etmək lazım olacaqdır.

Sosiologiya və psixologiya sahələrində bir proqnoz vermək insanların çox adaptiv varlıqlar olduğuna görə çətindir. Tarix də elə ümidli faktlar göstərmir, insanların belə situasiyalarda verdiyi qərarlar əsasən qeyri-obyektiv olur. Bu problemlərə gəmidəki məcburi şəraiti, təkamül edib və alışdığımız planetdən izolasiyanı, sağlamlıq problemlərini də əlavə etsək insanların psixoloji cəhətdən sağlam olması müşkül məsələdir. Gəminin sakinlərinin sadəcə ağıllarını itirib bir-birlərini öldürməyə başlamasının ehtimalı böyükdür. Yerdən qaçış planımız hamımızın məhv olması ilə də nəticələnə bilər.

Yerdən qaçış
Pandorum (2011)

Bu problemləri keçək. Hansı planetə gedəcəyimizi təyin etmək özlüyündə də çox çətin məsələdir. Həmin təyin olunan planetdə bir sivilizasiyanın olması mümkündür. Bu sivilizasiyalararası əlaqənin gəmi sakinləri üçün ölümcül olub-olmayacağını bilmirik. Planet boş olsa da oraya çatandan sonra oranı öz tələblərimizə görə terraform etməli olacağıq. Bu terraform müddətində gəminin və planetin başına heç nə gəlməyəcəyinə əmin olmaq lazımdır. 

Dəyişkən parametrlər

Deməli, bir ulduzlararası səyahətin mürəkkəb və çoxlu problemlər ortaya çıxaracağını bilirik. Səyahətdən sonra çatacağımız ulduz sistemində ortaya çıxacaq problemləri isə təsəvvür etmək belə mümkün deyil. Bütün bunlara baxmayaraq qeyd etdiyimiz çətinliklər, heç də bu işin mümkünsüz olduğuna dəlalət etmir. Sadəcə olaraq bu proyekt dəhşətli dərəcədə mürəkkəb, bahalı olar və uğurluluğa heç kim qarantiya verə bilməz. Yuxarıda qeyd edilənlər işə başlayandan sonrakı problemlərdən bir neçəsidir, bir də, işə başlamazdan əvvəlki problemlərdən bəhs edək; Əvvəla, insanlar belə bir böyük proyektə hazırdırlarmı? Günümüzdə qeyri-obyektiv ideologiyalar yetərincə çoxdur. Siz insanların bu planetdən çıxmağını istəməyən yetərincə adam tapa bilərsiniz ki, bir əks-hərəkat əmələ gəlsin və iş prosesinə maneliklər törədəcək təxribatlar edilsin. Bu proyekt üçün lazım olacaq maddələrə çox güman ki, yalnız Yer kürəsində olanlar yetərli olmaz. Əlavə olaraq, bir neçə uyğun asteroid tapıb onlardakı maddələri çıxarmalı ola bilərik. Yerdən qaçış planımız üçün yad səma cisimlərinə də ehtiyacımız ola bilər.

Yerdən qaçış

Bu addımlar atılmadıqda uğursuzluq qaçınılmazdır. Ulduzlararası səyahət və koloniyalaşmağa hazırlıq prosesinin özü əsrlər çəkə bilər. Ona görə də, ilk olaraq sivilizasiyamızı buna hazır etməliyik. Əgər öz planetimiz belə bir şeyə hazır deyilsə, tezliklə “Yer 2” adlandıracağımız bir planet heç vaxt olmaya bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Aqil Heydərli

Yaşıl Elm platformasında baş idarəçi və yazar kimi fəaliyyət göstərirəm. "Azərbaycan Dövlət Neft-Sənayə Universiteti"ndə Mexanika Mühəndisliyi üzrə təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: